İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni revanşist: “Azərbaycan hirslənər deyə...”

Ermənistan müxalifətinin revanşist qanadının nümayəndəsi, keçmiş deputat Tiqran Abramyan Azərbaycanla yeni qarşıdurmanı körükləyə biləcək növbəti sərt açıqlama ilə çıxış edib. O, Ermənistanın hərbi-siyasi rəhbərliyini Bakı ilə münasibətləri nəzərə almaqda və keçmiş döyüşlərin revanşist gündəmdə saxlanılmamasında ittiham edib.

Musavat.com xəbər verir ki, Abramyan Ermənistan müdafiə nazirinin hərbi hissələrə və döyüş mövqelərinə səfərlərini şərh edərkən hakimiyyətə qarşı sərt ifadələr işlədib.

Keçmiş deputat müdafiə naziri və Baş Qərargah rəhbərliyini 2022-ci ilin sentyabr döyüşləri barədə kifayət qədər danışmamaqda günahlandırıb. O, həmin hadisələr zamanı ölən 224 erməni hərbçini xatırladaraq, bu məsələnin orduda da narazılıq doğurduğunu iddia edib.

Abramyanın əsas narazılığı Ermənistanın indiki rəhbərliyinin keçmiş hərbi qarşıdurmaları Azərbaycanla münasibətlərdə yenidən ön plana çıxarmamasıdır.

“Ölənlərdən, onların xatirəsinin yad edilməsindən və bu barədə danışmaq zərurətindən söhbət düşəndə hər şey birdən-birə son dərəcə “təhlükəli” olur – birdən azərbaycanlılar hirslənərlər”, – Abramyan istehza ilə yazıb.

Revanşist siyasətçi bununla faktiki olaraq İrəvanın Bakı ilə yeni münasibətlər qurmağa çalışdığı bir vaxtda keçmiş hərbi qarşıdurmaların yenidən siyasi gündəmə qaytarılmasını tələb edir.

Abramyan Ermənistan rəhbərini də hədəfə alaraq, ölən hərbçilərin anıldığı gündə velosiped yürüşü təşkil etməkdə, “qayğısız şəkildə gülümsəmək, yeyib-içmək və həyatdan zövq almaqda” ittiham edib.

O, Ermənistan ordusunun indiki hakimiyyətə yalnız seçki kampaniyaları, hərbi paradlar və təbliğat görüntüləri üçün lazım olduğunu iddia edib.

Onun açıqlaması Ermənistan müxalifətinin revanşist hissəsinin Azərbaycanla sülh və normallaşma prosesinə münasibətini bir daha göstərir. Abramyan açıq şəkildə yeni müharibəyə çağırmasa da, onun ritorikası keçmiş döyüşləri və ölən hərbçiləri yenidən siyasi səfərbərlik vasitəsinə çevirməyə, Azərbaycanla qarşıdurma əhvalını diri saxlamağa hesablanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR