İnsanlara hürriyət, millətlərə istiqlal!

“Gürcü dilinin təbliğ olunması Azərbaycan dilinə təzyiqlə nəticələnməməlidir” - Deputatdan çağırış

Gürcüstanda xeyli sayda azərbaycanlı yaşayır və onlar həm öz ana dillərini, həm də dövlət dili olan gürcü dilini öyrənməlidir.

Bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, Gürcüstanda yaşayan azərbaycanlıların bu və digər dildə ali təhsil almaq imkanları məhdud olmamalıdır:

“Soydaşlarımızın Gürcüstan universitetlərində təhsil alması istiqamətində “1 plus 4” (1+4) (1 il dil öyrənmək, 4 il təhsil – red.) proqramı var. Bu proqramın faydası olub. Eyni zamanda həmin vətəndaşların müxtəlif dillərdə təhsil alması üçün, ali təhsil müəssisələrinə qəbul əldə etmək üçün imkanları genişlənməlidir”.

1764078493_5271823677693562733.jpg (30 KB)

Milli Məclisin deputatı Azər Allahverənov Musavat.com-a açıqlamasında bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlıların müəyyən bir qismi gürcü dilini çox yaxşı bilir. O qeyd edib ki, xüsusilə, bu, gənc nəslə aiddir:

“Müstəqillik illərində gürcü dilinin populyarlaşdırılması, eyni zamanda dövlət qurumlarında iş tapmaq üçün gürcü dilini bilmək tələbi bu məsələdə öz sözünü deyib. Gürcüstanda dəfələrlə olmuşam. Xüsusilə, onu müşahidə etmişəm ki, 20-25 il bundan əvvəl soydaşlarımız arasında gürcü dilində danışan insanların sayı çox az idi. Hətta xatırlayıram ki, o dövrdə məhkəmə orqanlarında, parlamentdə gürcü dilində danışan bir neçə nəfər var idi. Sonrakı illərdə dövlətin müəyyən etdiyi bir sıra tələblər, eyni zamanda tətbiq etdiyi müxtəlif proqramlar vasitəsilə bu və ya digər formada gürcü dilində danışmaq istəyən insanlar üçün müəyyən şəraitin yaradılması istiqamətində işlər həyata keçirildi. Bu gün artıq gürcü dilində danışan azərbaycanlıların sayı kifayət qədər çoxdur. Kvemo-Kartlidə və digər əyalətlərdə kompakt yaşayan azərbaycanlılarda gürcü dilinə meyl o qədər də güclü deyil. Gürcü dilini öyrənmək istəyi daha çox zərurətdən irəli gəlir.

Kvemo-Kartlidə fəaliyyət göstərən məktəblərin çoxunda dərslər rus dilində tədris olunur, ancaq Azərbaycan dilində tədris edən məktəblər də var. Sözsüz ki, iri şəhərlərdə dil öyrənmək üçün mühit daha əlverişlidir. Hər bir vətəndaş yaşadığı dövlətin dilində danışmağı bacarmalıdır. İctimai-siyasi sahələrdə fəal olan soydaşlarımız artıq rahat şəkildə gürcü dilində danışırlar”.

Deputatın sözlərinə görə, gürcü dilini bilənlər daha sürətlə inteqrasiya olunurlar:

“Hesab edirəm ki, gürcü dilinin təbliğ olunması Azərbaycan dilinə qarşı hər hansı təzyiqlə, yaxud mənfi təsirlə nəticələnməməlidir. Bu proses paralel olmalıdır. Gürcüstan demokratik ölkədir, insan hüquqlarının təmin olunması istiqamətində zəruri addımlar atılır. Bəzən eşidirik ki, gürcü dilinin dövlət dili olması və bu dildə mütləq hamının danışması barədə çağırışlar daha qabarıq şəkildə dilə gətirilir. Bunun üzərində sonradan siyasi manipulyasiyalar və digər siyasi elementlər özünü göstərir.

Dövlət dili elə prosesdir ki, zərurət formalaşdırmalıdır, amma sərt qaydalar və şərtlər basqısı altında yox, müəyyən üstünlük yaradacaq kontekstdə olmalıdır. Gürcüstanda dilə münasibət müstəqillikdən öncəki və müstəqillikdən sonrakı dövrlərdə fərqli olub. Məsələn, 90-cı illərin ortalarında millətçi çağırışlar var idi. Bu, xüsusilə digər millətlərdən olan insanları mərkəzlərdən uzaq salırdı. Gürcü dili üzərindən vətənpərvərlik dalğasını formalaşdırmaq istəyən müəyyən siyasi dairələr əyalətləri özlərindən uzaq salırdılar və bu, seçki, o cümlədən digər proseslərdə özünü göstərirdi. Artıq bu kimi məsələlərə 21-ci əsr mövqeyindən baxmaq lazımdır. Tamamilə yeni prinsiplər, yanaşmalar mövcuddur. Hərtərəfli inteqrasiya üçün imkanlar daha çox olmalıdır. Dövlət dilinin üstünlüklərini daha qabarıq şəkildə təbliğ etmək lazımdır. Dil faktoru insanları birləşdirən faktora çevrilməlidir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2026

19 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR