Onlayn ictimai-siyasi qəzet
Evvelce hormetli zehmetkeshlerimizi 2 avqust ana dili qunu munasibetile tebrik edirem. Dunen bir az bashim qarihsig idi, perejivat elediyim ishler vardi, tak chto, tebrik bugune qaldisa, izvinite. Həppi ana dili. Tebrikim butun pederler ve maderlere de aiddir, elhemdullah. Barakatuhu ve sellem. Ok?
Bəli. Ana dilimizin vəziyyəti hal-hazırda təxminən bu cürdür və camaat nəyi bayram eləyir, şəxsən mənə çatmır. Əgər diqqət elədinizsə, mən təbrikimdə latın qrafikalı əlifbamızdakı ə, ü, ı, ş kimi milli hərflərdən heç yararlanmadım, çünki bu hərflərin istifadəsi bizdə dövlət səviyyəsində aradan qalxmaqdadır. İnanmırsınızsa, uzağa getməyin, yəqin hamınızda cib telefonu var, onu açın və orada mesajlar bölümündə müxtəlif qurumlardan, o cümlədən dövlət idarələrindən gələn məktublara baxın. Heç birində bu hərflər işlədilmir.
Məsələn, 18 iyulda mənim Beynəlxalq Bankdan aldığım mesajdır: “DIQQET! Kartinizdan kochurulecek mebleg...”
Bunu İtkin şəxslərlə bağlı Dövlət Komissiyası yazıb: “Birinci ve ikinci Qarabag muharibelerinde itkin dusmus sexsler, o cumleden ehtimal olunan defn yerleri barede melumatiniz varsa, paylasin”.
Azərbaycan dilində “dıqqet” və “dusmus” sözləri varmış... Yazıb özlərindən soruşmaq da olmur, çünki mesajda “Göndərən cavabları qəbul edə bilməz” qeydi çıxır.
Görəsən bu qeydi yazan mexanizm ə, ö, ı, g hərflərini necə əldə edib? Axı bu, çox çətindir, müşküldür, əlacsızdır! Mesajda ə hərfini tapıb yazmaq, Qarabağda itkin düşmək kimi qəhrəmanlıqdır! Vallah. Müstəqilliyin 35-ci ildönümündə əlifbamızı öyrənə bilsək, yaxşı olacaq.
Ta başlamışıq, davam edək. Bu mesajı “Yaşat” Fondu göndərib. Daha doğrusu, “YASHAT”. Özləri adlarını belə yazıblar, mən nə edim? Səhv olmağı bir yana, niyə hamısı böyük hərflədir, o da bilinmir. Nəsə, mesajı oxuyaq: “Qarshidan gelen Zefer Gunumuz mubarek!” Həmin zəfəri qazanaraq həlak olan oğul və qızlar ana dillərinin “qarshi” və ya “gelen”, “YASHAT” şəklinə düşəcəyini bilsəydilər, yenə həmin eşqlə vuruşardılarmı? Cavabım yoxdur...
Dükandan mesaj gəlir: “mohtesem endirimler”, taksidən mesaj gəlir: “tesdiqleme kodu”... Ən tragikomiyi rabitə şirkətlərinin özlərinin də ana dilinin orfoqrafiya qaydalarını masa əsgisi yerinə qoymadığının bariz sübutudur. Məsələn, bu mesajı çərşənbə axşamı “Aztelekom” dövlət şirkətindən almışam: “Hormetli, ...., nomreli muracietiniz hell edildi”. Bu isə mobil rabitə şirkəti “Azercell”dən gəlib: “Hormetli Abonent! ... vasitesile nomrenize ... AZN odenildi. Teshekkur edirik”.
Ona görə də, necə deyərlər, ana dili günü münasibətiylə “çox da şey eləmiyün”. Bizim ana dilimizi ağlamağa bir dəstə yaxşı ana lazımdır. Yazını isə böyük insan Üzeyir bəydən sitatla bitirək, söhbətimiz bir az duzlu olsun:
“R z a b ә y (durur). Әfәndilәr, müsaidәnizlә bir qaç kәlmә söz ifadәsinә әşәddi ehtiyacım vardır. (Heç kәs dinmәyir). Әfәndilәrim, sükut eyliyirsiniz, әcәba, müsaidә vermiyorsinizmi! (Yenә heç kәs dinmir). Әfәndilәr, bir dә cavab vermәyәcәk olsanız, bu mübhәm sükutinizi kәndim üçün böyük bir hәqarәt әdd edәcәyәm. Bәklәyürәm, әfәndilәrim! (Yenә heç kәs dinmәyir). Rüstәm bәy, bәndәnizi tәhqir etmәk fikriniz var idisә, nә üçün bunu xanәnizdә icra ediyorsiniz, bunu başqa bir yerdә әda etmәk qabil dәyildimi?
R ü s t ә m b ә y. Çox sağ ol, çox razıyam!”
16 Avqust 2026
15 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ