İnsanlara hürriyət, millətlərə istiqlal!

İmamoğlu, Özəl getdi, indi də Yavaş...- CHP-də nə baş verir?

Türkiyənin ana müxalifəti sayılan Cümhuriyyət Xalq Partiyasından (CHP) daha bir mühüm siyasi fiqur istefa verib. Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş gözlənilən gedişini rəsmləşdirib. Yavaş siyasi fəaliyyətini bundan sonra müstəqil şəkildə davam etdirəcəyini bildirib.

Bu istefa CHP-də son aylarda baş verən ardıcıl siyasi dəyişikliklərin fonunda xüsusilə diqqət çəkir. Əvvəlcə partiyanın keçmiş sədri Özgür Özəl 90 deputatla birlikdə CHP-dən ayrılaraq “Yeni Partiya”nın yaradılmasına start verib. Daha sonra hazırda həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri və CHP-nin prezidentliyə namizədi Əkrəm İmamoğlu da partiya üzvlüyündən istefa verərək yeni siyasi yol elan edib.

İndi isə Ankara kimi Türkiyənin siyasi baxımdan ən mühüm şəhərlərindən birinə rəhbərlik edən Mansur Yavaşın CHP-dən ayrılması partiyanın gələcəyi ilə bağlı müzakirələri daha da dərinləşdirib. Xüsusilə CHP-nin 2023-cü il qurultayı ilə bağlı məhkəmə proseslərinin davam etdiyi və partiya rəhbərliyi ətrafında hüquqi-siyasi mübahisələrin yaşandığı bir vaxtda bu istefa diqqət çəkən yeni bir mərhələ yaradıb.

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün yaratdığı CHP-də Əkrəm İmamoğlu, Özgür Özəl və indi də Mansur Yavaş kimi əsas siyasi fiqurların partiyadan ayrılması CHP-nin taleyi ilə bağlı ciddi suallar doğurur.

Bu ardıcıl gedişlər partiyanın daxili siyasi xəritəsini necə dəyişəcək? CHP parçalanma və yenidən təşkilatlanma mərhələsinə daxil olur?

Sirli İslam təriqəti - İsmaililik haqqında bilinənlər - Kənan Rövşənoğlu

Tanınmış siyasət yazarı Kənan Rövşənoğlu Musavat.com-a bildirdi ki, Mansur Yavaşın CHP-dən ayrılması partiya üçün ciddi itkidir: “Əvvəla, Mansur Yavaş özü ciddi siyasi fiqur, CHP içərisindəki sağ qanadın əsas fiquru idi. İkincisi, Türkiyənin paytaxtı və ikinci böyük şəhərinin bələdiyyə sədridir. Yəni böyük siyasi, inzibati və iqtisadi gücü əlində cəmləşdirir. Belə bir şəxsin getməsi CHP, yəni Kamal Kılıçdaroğlu cəbhəsi üçün ağır itkidir. Ancaq Mansur Yavaşın CHP-dən getsə də, Özgür Özəlin partiyasına keçməməsi maraqlı gedişdir. Buradan belə çıxır ki, birincisi, Yavaş özünü Özəlin yanında görmür, ikincisi, yenidən CHP-yə qayıtmaq ehtimalı var. Nəzərə almaq lazımdır ki, Yavaş bir qədər əvvəl prezident Ərdoğanla görüşüb. Buradan belə qənaət hasil olur ki, Yavaş Özəl xəttinin apardığı CHP-nin parçalanması prosesinin bir hissəsi olmaq istəmir, ikincisi, Kamal Kılıçdaroğlunun gedəcəyini və partiyanin yenidən bərpa olunacağına inanır. Buna görə də CHP ilə körpüləri tamamilə yandırmaq istəmir. Demək hansısa formada partiya daxilindəki problemin aradan qaldırılacağına inanır. Əgər bu plan alınmasa, CHP bərpa olunması ehtimalı aradan qalxsa, o zaman Yavaş yeni bir siyasi qüvvəyə keçəcək, ya da yeni siyasi təşkilat yaradacaq. İndi isə hələlik belə demək olarsa, nəfəslik əldə etməyə, prosesin aydınlaşmasını gözləyir”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR