İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda hakimiyyətmeylli mitinqdə qalmaqallı şüar: “Azərbaycan heç vaxt Xameneyidən imtina etməyəcək”

İranda keçirilən hakimiyyət tərəfdarı mitinqdə diqqətçəkən və mübahisə doğuran şüar səsləndirilib.

Musavat.com xəbər verir ki, mitinq iştirakçıları tribunadan “Azərbaycan heç vaxt Xameneyidən imtina etməyəcək” ifadəsini səsləndiriblər.

Qeyd olunur ki, mitinqdə işlədilən “Azərbaycan” anlayışı Azərbaycan Respublikası deyil, İranın şimal-qərbində yerləşən və azərbaycanlıların kompakt yaşadığı əyalətləri – yəni Güney Azərbaycan bölgəsini nəzərdə tutur. Buna baxmayaraq, şüarın məzmunu və forması həm ölkə daxilində, həm də regionda ciddi rezonans doğurub.

Müşahidəçilərin fikrincə, bu cür şüarların səsləndirilməsi hakimiyyətin etirazlar fonunda etnik və ideoloji faktorları siyasi alətə çevirmək cəhdidir. Xüsusilə Güney Azərbaycan bölgəsində etirazların daha fəal olması fonunda bu tip mesajlarla bölgə əhalisinin Ali lider Əli Xameneyiyə sadiq olduğu görüntüsünün yaradılmasına çalışıldığı bildirilir.

Ekspertlər hesab edirlər ki, mitinqdə belə şüarların səslənməsi təsadüfi deyil və İran hakimiyyətinin daxili auditoriyaya və xarici aləmə ünvanlanmış siyasi mesajıdır. Məqsəd, ölkədəki etirazların ümummilli xarakter daşımadığı, əksinə müəyyən qruplarla məhdudlaşdığı təəssüratını formalaşdırmaqdır.

Eyni zamanda vurğulanır ki, İranın azərbaycanlı bölgələrində sosial-iqtisadi problemlər, mədəni və dil hüquqları ilə bağlı narazılıqlar illərdir qalmaqdadır və son etirazlar zamanı bu narazılıqlar daha açıq şəkildə üzə çıxıb. Bu baxımdan mitinqdə səsləndirilən şüarların real ictimai ovqatı tam əks etdirmədiyi də qeyd olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2026

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR