Onlayn ictimai-siyasi qəzet
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yenidən öz postuna təyinat aldıqdan sonra ilk olaraq Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə telefon danışığı aparıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tərəflər ikitərəfli məsələləri müzakirə edib, regional vəziyyət və son hadisələr barədə fikir mübadiləsi aparıblar. Bundan az öncə parlamentin yeni spikeri Ruben Rubinyan da təzə postda ilk dəfə məhz Ukrayna tərəfi ilə, öz həmkarı ilə danışmışdı.
Niyə məhz Ukrayna rəsmiləri ilə, tutaq ki, rusiyalı, gürcü həmkarları ilə yox? İrəvan bununla nəyin mesajını və kimə verir?
Politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, İrəvanın Kiyevlə dialoqunun yoğunlaşması birbaşa Moskvaya mesajdır: “Çünki Moskva parlament seçkilərindən sonra Paşinyan və onun hökumətinə təzyiqi daha da artırıb. Putinin Paşinyana verdiyi ultimatum hələ də gündəmdə qalır ki, Ermənistan bu ilin sonuna qədər Avropa İttifaqı və ya Avropa İqtisadi İttifaqı seçimini qoyan referendum keçirməlidir. Paşinyan isə belə bir referendum keçirmək istəmir. Bu haqda özü də Putinə deyib. Buna baxmayaraq, Rusiyanın təzyiqi davam edir. Rusiya Ermənistanda radikal müxalifəti dəstəkləyir, Ermənistanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarına girişinə müxtəlif bəhanələrlə qadağalar qoyub. Ona görə də Ermənistan hökuməti alternativ istiqamətlərə üzünü tutub”.
.webp)
Analitik xatırladıb ki, son il yarımda Kiyevlə dialoq sıxlaşıb, Zelenski mayda Ermənistanda keçirilən Avropa Siyasi Birliyinin sammitində iştirak edib, liderlər arasında telefon danışıqları olub: “Ermənistanın Rusiyadan qoparılmasında Zelenski də müəyyən rol oynamağa çalışır. Bu, harada isə Paşinyanın da maraqlarına cavab verir. Moskvaya mesaj yollayır ki, Rusiyanın təzyiqlərindən çəkinmir, hətta Rusiyanın müharibə apardığı dövlətlə belə sıx əməkdaşlıq qurmaqda maraqlıdır”.
Etibar Seyidağa,
Musavat.com
16 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ