İnsanlara hürriyət, millətlərə istiqlal!

Kasparovdan sensasion seçki bəyanatı – Ukraynanın qələbəsini şərt qoydu

Rusiyanın müxalif Azad Rusiya Forumu sentyabrda ölkədə keçiriləcək seçkiləri siyasi tamaşa və fars adlandırıb.

Musavat.com xəbər verir ki, təşkilat Rusiyada həqiqi seçkilərin yalnız Ukraynanın qələbəsindən və Putin hakimiyyətinin süqutundan sonra mümkün olacağını bəyan edib.

Bəyanatı şahmat üzrə keçmiş dünya çempionu və Azad Rusiya Forumunun həmtəsisçilərindən Harri Kasparov da sosial şəbəkə hesabında yayıb.

Bəyanatda bildirilir ki, sentyabrda Rusiyada seçkilər adı altında növbəti fars keçiriləcək:

“Kremlin siyasi menecerləri hər dəfə intriqa və rəqabət görüntüsü yaradırlar. İndi bunu Yabloko partiyasının mümkün iştirakı ilə bağlı müşahidə edirik. Bundan əvvəl Sobçakın, Yeni insanlar partiyasının və digərlərinin iştirakı hesabına eyni cür rəqabət görüntüsü yaratmaq cəhdlərini görmüşük. Bununla əlaqədar olaraq, Putin rejiminə qarşı siyasi mübarizədə müttəfiqlərimizin və tərəfdaşlarımızın Yablokoya səs vermək çağırışlarını təəssüflə qarşılayırıq”.

Forum hesab edir ki, keçiriləcək səsvermə faktiki seçkidən daha çox Dövlət Dumasının və qanunverici məclislərin tərkibinin yenidən müəyyənləşdirilməsi xarakteri daşıyır. 

5d6e6c43-2b81-4a2b-be1d-cc6bc9d8deee.jpg (150 KB)

“Rusiya vətəndaşları bu psevdoseçki farsında istədikləri namizədə səs verə bilərlər. Lakin belə seçkilərdə hər hansı fiqurun ətrafında səfərbərliyə çağırışlar, fikrimizcə, sadəlövhlük, ətalət və ya vicdansızlığın təzahürüdür”, deyə bəyanatda vurğulanır.

Təşkilat Rusiyanın Ukraynanın işğal olunmuş ərazilərində də seçkilər keçirməsinə diqqət çəkərək bunu ərazi işğallarını legitimləşdirmək cəhdi kimi qiymətləndirib. Bildirilib ki, bu seçkilərdə iştirak Kremlin siyasətinə ictimai dəstək görüntüsünün yaradılmasına xidmət edir.

Bəyanatın sonunda Rusiyada həqiqi seçkilərin keçirilməsi üçün Ukraynanın qələbəsi şərt kimi göstərilib:

“Rusiyada həqiqi seçkilər yalnız Ukraynanın qələbəsindən, Putin rejiminin məğlubiyyətindən, Ukraynanın işğal olunmuş ərazilərinin azad edilməsindən və diktaturanın aradan qaldırılmasından sonra mümkündür. Hazırkı farsda iştirak yalnız düşmənə kömək edir. Rusiya müxalifətinin bugünkü vəzifəsi Ukraynaya dəstək vermək və bu ölkədəki rejimin tam məğlubiyyətinə yardım etməkdir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR