İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevdə kabus gecəsi: “İskəndər” qəlpələri Azərbaycan səfirliyini vurdu – Nümayəndəmiz DANIŞDI

Rusiya ordusunun noyabrın 14-nə keçən gecə Kiyevə endirdiyi ən ağır raket-dron hücumlarından biri Azərbaycanın diplomatik missiyasını da hədəfə alıb. Ukrayna Prezidenti Volodimir Zelenskinin açıqlamasına görə, paytaxt ard-arda atılan “İskəndər” raketləri və yüzlərlə dronla vurulub, həmin zərbələrin qəlpələrindən biri birbaşa Azərbaycanın Kiyevdəki səfirliyinin binasına düşüb. Hadisə nəticəsində səfirliyin ərazisində böyük yarıq yaranıb, binanın divarları və pəncərələri dağılıb, diplomatlara məxsus avtomobillər ziyan görüb.

Hücum fonunda bölgədə gərginlik daha da artarkən, Musavat.com baş verənlərlə bağlı “Yeni Müsavat”ın Ukrayna üzrə nümayəndəsi Anar Natiqoğlu ilə əlaqə saxlayıb.

346080759_141725252214656_2704569557634376627_n.jpg (68 KB)

-Anar bəy, kiyevlilər bu gecəni necə keçirdilər?

- Bu gecə Kiyevə 450-yə yaxın dron hücumu olub. Bu hücumdan paytaxtın bütün rayonları zərər görüb. 30-dan çox binaya zərər dəyib. İndiyə qədər olan məlumata görə, 5 nəfər həyatını itirib. Yəqin ki, onların sayı artacaq, çünki xilasedicilər dağıntılar altından insanları çıxarırlar. Bu gecə son 1 ilin ən dəhşətli hücumu oldu. Eyni zamanda Odessaya da hava hücumu oldu. Gecə və səhərə yaxın partlayış səsləri eşidildi. Bu hücum zamanı Azərbaycan səfirliyi də zərər gördü. Səfirliyin həyətində geniş yarqan əmələ gəlib, binaya ziyan dəyib. Bu, səfirliyimizə hücumla bağlı ilk hal deyil. Səfirliyimizin yaxınlığında sovet dövründən qalma hərbi zavod var. Əvəllər o istiqamətdə atəşlər açılırdı. Bu dəfə isə bizim səfirliyimizin daha çox hədəfə alınması ilə bağlı ehtimallar böyükdür.

37jpg-1704810619.jpg (113 KB)

-Kiyevdə əsasən hansı binalar vurulub? Hədəf hara idi?

- Elektrik qovşaqlarının olduğu stansiyalar və liman infrastrukturu vurulurdu. Buna görə də 24 saat ərzində 7-9 saat evlərə işıq verilir. Qalan vaxtlarda elektrik olmur. Apteklər, iaşə obyektləri ancaq generatorlarla işləyirlər. Həmin vaxtlarda internet də olmur.

-Bu gecəki hücumdan sonra yaralıların sayı çoxmu oldu?

-Təxminən 27 nəfərin yaralandığı bildirilir. Yəqin ki, bu rəqəm artacaq. Dağıntlar altında qalanlar da var. Onlar arasında ölənlər və yaralananlar var. Hücumun miqyası böyük idi. Təxminən 40-a yaxın yaşayış binası, körpü zərər görüb. Raket zərbəsi endirilən zaman bir binanın yarısı yox olur.

-Kiyevlilər bu hücumun nəticələrini necə aradan qaldırır. Şəhərdə əhval-ruhiyyə necədir?

-Ukraynanın bütün şəhərlərində 4 ildir ki, bir reallıq əmələ gəlib. Ya gündüz, ya da gecə saatlarında hücum olursa, həmin ərazidə FHN-nin əməkdaşları çalışır, oraya tibb personalı cəlb olunur.Ətrafdakı digər qurumlar, obyektlər öz işini görür. əsasən hansı əraziyə hücumlar olubsa, lokal şəkildə oradakı qurumlar fəaliyyətə keçir.Ümumən götürdükdə şəhər əhalisi duruma alışıb.

10.jpg (714 KB)

-Azərbaycan səfirliyinin əməkdaşları ilə əlaqə saxladınızmı, hansısa məlumat varmı?

-Danışmışıq, əsas odur ki, salamatdılar. Allah onların canlarını sağ etsin, çox ağır şərtlər altında fəaliyyət göstərirlər, insanları qəbul edirlər. Dünənki hücum zamanı soydaşlarımız zərər görməyib.

Qeyd edək ki, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı noyabrın 14-ü təqribən gecə saat 01:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində “İskəndər” tipli raketlərdən birinin səfirliyin ərazisinə düşməsi ilə bağlı kəskin etiraz bildirilib və ona müvafiq nota təqdim edilib.

Son partlayış nəticəsində Səfirliyin ərazisinin hasarının bir hissəsinin tamamilə dağıldığı, konstruksiyaların, xidməti avtomobillərin, inzibati binanın və Səfirliyin konsulluq şöbəsinin zədələndiyi, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan vurulduğu, xoşbəxtlikdən bu zərbənin insan tələfatına səbəb olmadığı qarşı tərəfə bildirilib.

Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu kimi raket hücumlarının əvvəllər də baş verdiyi xatırladılıb. Xüsusilə 2022-ci il 10 mart tarixində Azərbaycanın Xarkov şəhərindəki Fəxri Konsulluğunun binasına aviazərbə nəticəsində inzibati binanın ciddi dağıntılara məruz qaldığı və xidməti avtomobilin yararsız hala düşdüyü qeyd edilib.

Bununla yanaşı, 2024-cü il yanvarın 2-si Rusiya tərəfindən “Kinjal” raketi ilə həyata keçirilən hava zərbəsi nəticəsində Səfirliyin inzibati binasından təqribən 35 addım məsafədə diametri təxminən 3 metr olan krater yarandığı və yer səthindən 8 metr dərinlikdə detonasiya baş vermədiyi üçün partlamamış sursat aşkar edildiyi bildirilib.

2025-ci il avqustun 28-də isə Azərbaycanın Ukraynadakı Səfirliyinə təxminən 50 metr məsafədə endirilmiş hava zərbəsi nəticəsində Səfirliyin inzibati binasının və konsulluq şöbəsinin, səfirin rezidensiyasının zədələndiyi, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan dəydiyi diqqətə çatdırılıb.

13.jpg (517 KB)

Eyni zamanda, 8 və 18 avqust 2025-ci il tarixlərində Odessa vilayətində SOCAR şirkətinin neft bazasına dron hücumları edildiyi, nəticədə işçilərin xəsarət aldığı, infrastruktura böyük zərər vurulduğu xatırladılıb. Bütün bu faktların, raket hücumlarının məqsədli olması barədə suallar yaratdığı vurğulanıb.

Eyni zamanda, bütün bu faktlara dair Rusiya tərəfinə əvvəllər rəsmi notalarla məlumat verildiyi, həmçinin Ukraynadakı diplomatik təmsilçiliklərimizin yerləşdiyi binaların koordinatlarının hələ 2022-ci ilin aprel ayında Rusiya tərəfinə təqdim edildiyi, koordinatların Rusiya Müdafiə Nazirliyi tərəfindən nəzərə alınacağının bildirildiyi xatırladılıb.

Görüşdə diplomatik təmsilçiliklərimizə bu kimi hücumların qəbuledilməz olduğu diqqətə çatdırılıb, Rusiya tərəfindən məsələ üzrə müvafiq araşdırma aparılması və ətraflı izahat verilməsi tələb olunub.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR