Onlayn ictimai-siyasi qəzet
Rusiyanın enerji nəhəngi “Lukoil”in xaricdəki aktivlərini satması ilə bağlı xəbərlər yeni müzakirə dalğası yaradıb. Xüsusilə şirkətin Azərbaycandakı yanacaqdoldurma məntəqələrinin (YDM) taleyi diqqət mərkəzinə düşüb. Sosial şəbəkələrdə və biznes dairələrində belə iddialar dolaşır ki, şəbəkə artıq qeyri-rəsmi şəkildə yerli varlı şəxslərdən biri tərəfindən alınıb. Lakin rəsmi təsdiq yoxdur.
“Lukoil” şirkəti xaricdəki təxminən 20 milyard dollarlıq aktivlərinin satışına dair razılaşma əldə edib. Sövdələşmədə ABŞ-nin nəhəng investisiya fondu “The Carlyle Group” və Səudiyyə Ərəbistanının “Midad Energy” iştirak edir. Razılaşma ABŞ Maliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərən ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən təsdiqləndikdən sonra hüquqi qüvvəyə minə bilər.
Məlumata görə, OFAC-ın razılığı olmadan “Lukoil International” GMBH (LIG) ilə bağlı heç bir hüquqi əməliyyat yekunlaşa bilməz. Bu isə o deməkdir ki, aktivlərin taleyi beynəlxalq sanksiya mexanizmlərindən birbaşa asılıdır.
Xatırladaq ki, “Lukoil” ABŞ sanksiyaları səbəbindən xarici aktivlərini satmaq məcburiyyətindədir və bu proses sanksiya rejiminin tələblərinə uyğun aparılır. Belə ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) “Lukoil International GmbH” və onun beynəlxalq aktivlərinin (o cümlədən xaricdəki neft, qaz, emal və retail şəbəkə aktivləri) satışı və ya ötürülməsi üçün verilmiş lisenziyanı 2026-cı il fevralın 28-nə qədər uzadıb. Bu, şirkətin xaricdəki aktivləri ilə əlaqəli danışıqları və satış əməliyyatlarını həmin tarixədək tamamlamaq üçün rəsmi son tarixdir.
Bəs Azərbaycandakı aktivlərin taleyi necə olacaq?
Qeyd edək ki, “Lukoil” Azərbaycanda uzun illərdir fəaliyyət göstərir. Şirkət vaxtilə Azəri-Çıraq-Günəşli yataqlar blokunda pay sahibi olub, lakin 2001-ci ildə həmin payını satıb. Hazırda isə Şahdəniz qaz-kondensat yatağında 19,99 faiz paya malikdir.
Bundan əlavə, şirkət ölkədə ikinci ən böyük yanacaqdoldurma məntəqələri şəbəkəsinə sahibdir.
Məhz bu şəbəkənin taleyi ilə bağlı müxtəlif iddialar ortaya atılıb. İddialara görə, Bakıdakı YDM-lər artıq qeyri-rəsmi şəkildə azərbaycanlı varlı şəxslərdən biri tərəfindən alınıb. Lakin bu barədə dövlət reyestrində dəyişiklik qeydə alınmayıb. Rəsmi açıqlama verilməyib. Antiinhisar və rəqabət qurumları tərəfindən hər hansı təsdiq paylaşılmayıb.
Ekspertlərin fikrincə, belə bir satış baş verərsə, bu, açıq şəkildə qeydiyyata alınmalı və ictimaiyyətə elan edilməlidir. Xüsusilə enerji sektorunda fəaliyyət göstərən iri şəbəkələrin satışı ciddi hüquqi prosedurlardan keçir. Hazırkı mərhələdə “Lukoil”in Azərbaycandakı yanacaqdoldurma məntəqələrinin konkret hansı iş adamına satıldığı barədə yayılan məlumatlar rəsmi təsdiqini tapmayıb.

Natiq Cəfərli
İqtisadçı Natiq Cəfərli də “Yeni Müsavat”a deyib ki, YDM-ləri kimin alması ilə bağlı dəqiq məlumatı yoxdur: “O dəqiqdir ki, "Lukoil" aktivlərini satır. Kimin alması barədə nə rəsmi, nə də qeyri-rəsmi açıqlama var. Yəqin ki, alqı-satqı rəsmiləşməyib. Onun mülkiyyətçisi dəyişməyibsə, hələ ki o adla fəaliyyət göstərirlər".
Yeri gəlmişkən, “Lukoil” şirkətinin Bakıdakı YDM-lərindən narazılıqların ardı-arası kəsilmir. Sürücülər “Lukoil” şirkətinin yanacaqdoldurma məntəqəsində üzləşdikləri qanunsuz faktlarla bağlı sosial mediada zaman-zaman narazılıq edirlər. Maşına benzin doldurmaq üçün Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinə yollanan sürücü 50 litr 92 benzin vurmasını istəyib. Amma ondan 50 manat alınsa da, cihaz 40 litr vurub. Sürücülər bildirir ki, belə hallar həmişə “Lukoil” şirkətinin məntəqələrində baş verir, həmişə az vururlar, keyfiyyəti də aşağı olur. Şirkətin sahibinin dəyişəcəyi halda işin keyfiyyətinin də dəyişəcəyi barədə ortaya xeyli suallar da çıxır...
Ümumiyyətlə isə “Lukoil” dünya üzrə 30-dan çox ölkədə fəaliyyət göstərən ən iri şaquli inteqrasiya olunmuş neft-qaz şirkətlərindən biridir. Şirkət hasilat, emal, neft-kimya, pərakəndə satış və sürtkü materialları istehsalı istiqamətlərində çalışır. Rəsmi korporativ profilə görə, 2023-cü ilin sonuna şirkətin dünyada 5 258 yanacaqdoldurma məntəqəsi mövcuddur. Bu rəqəm şirkətin öz saytında dərc olunan korporativ məlumatda yer alıb (mənbə: lukoil.com - Corporate Profile). Müxtəlif mənbələrdə qeyri-rəsmi olaraq daha yüksək rəqəmlər göstərilir.
Şirkət yalnız pərakəndə satışla məhdudlaşmır. O, Avropa, Asiya və Yaxın Şərqdə iri hasilat layihələrində iştirak edir. Məsələn, İraqdakı “Qərbi Kurna-2" (West Qurna-2) yatağı uzun illər şirkətin əsas beynəlxalq aktivlərindən biri olub. Amma artıq bu layihənin də idarəçiliyi ABŞ-nin "Chevron" neft şirkətinə verilir. “Chevron Corporation” açıqlamasında çərçivə sazişinin fevralın 23-də imzalandığını bildirib, lakin detallar açıqlanmayıb.
Pərakəndə şəbəkə coğrafiyası genişdir. Balkan regionunda, xüsusilə Serbiyada şirkətin əhəmiyyətli şəbəkəsi fəaliyyət göstərir. Qazaxıstanda premium “ECTO” markalı yanacaq xətti ilə bazarda mövcuddur. Finlandiyada isə şirkət Teboil brendi altında fəaliyyət göstərib və bu şəbəkə bir müddət ölkə bazarının təxminən beşdə birinə nəzarət edib. 2022-ci ildən sonra sanksiya mühiti səbəbilə Finlandiyada restrukturizasiya və mümkün satış prosesləri gündəmə gəlib.
ABŞ-də “Lukoil” brendli yanacaqdoldurma məntəqələri əsasən françayzinq modeli ilə işləyib. Nyu-Cersi və Nyu-York ştatlarında yerləşən bu stansiyaların əksəriyyəti yerli operatorlara məxsus olub və yalnız brend və təchizat modeli üzrə əməkdaşlıq edilib. Bu model şirkətin birbaşa investisiya risklərini azaltmağa hesablanıb.
Şirkət həmçinin sürtkü yağları və neft-kimya məhsulları istehsal edir. Rusiya daxilində elektrikli avtomobillər üçün şarj infrastrukturu da qurulub və rəsmi açıqlamalara görə yüzlərlə şarj nöqtəsi fəaliyyət göstərir.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ