Onlayn ictimai-siyasi qəzet
“Mandarinlər, limonlar. Sent-Klement zəng çalar” - biz uşaq olanda belə bir şeir vardı. Sonrası yadımdan çıxıb. Axırı isə bu cür qurtarırdı: “İki şam yandıraram, Səni dayandıraram, Qılınc çalsam bir kərə, Başın düşəcək yerə!”
(Corc Oruell, “1984")
Bayram günü yalnız müsbət şeylərdən yazmalıyıq. Onsuz xalqın qanı başqa günlərdə qara olur, heç olmazsa bayramlarda qanqaraçılıq salınmasın, tənqid yığışdırılsın. İnşallah, bayramdan sonra yenə hökuməti kəskin formada tənqid edərik. Mən artıq bir neçə nazir müavininin köməkçisinin müşavirinin məsləhətçisini qaralamışam, xəbərdarlıq edirəm, özlərini yığışdırsınlar. O cümlədən dəmir yolu oyuncağı və kağız gəmilərlə liman-liman oynayan uşaqlara da sözümüz olacaqdır.
Xülasə, bayramınız mübarək olsun, belə, bundan min dəfə yaxşı bayram görəsiniz. Bu yazıya “amin” deyənlərə gələn il ünvanlı, epiqraflı köşə yazısı yardımı veriləcəkdir. İndiki cavanların ağzı isti yerdədir, ancaq biz uşaq olanda bayramlar belə gözəl keçmirdi ki. Biləsiniz, çox çətin günlər idi. AXC-Müsavat-SSRİ dönəmində biz mandarini (fürsətdən istifadə edərək süni yaradılmış “narıngi” sözünə etirazımı bildirirəm) yalnız ildə 1 dəfə, 31 dekabrda yeyə bilirdik. Hazırda isə istəsən lap avqustun cırhacırında mandarin al, soy, ye. Heç kim mane olmur. Soymağı niyə xüsusi vurğulayıram, çünki o zamanlar mandarin nadir tapılan element olduğundan əhali onu hərtərəfli istifadə etməyə çalışırdı. Qabığı zibilə atılmırdı, ehtiramla toplanıb pəncərəyə, kitabların arasına, uşağın çantasına və sairə yerlərə qoyulurdu. Həm ətriyyat məqsədiylə, həm də uşaq məktəbdə göstərirdi ki, bizim evdə də mandarin vardır. Mandarinin içindəki sapvari elementlərdən camaat paltar tikdirirdi. Toxumunu sapa düzüb boyunlarından asırdılar. Yaşıl noxud konservi qara kürü kimi qiymətli məhsul idi. Mayonezi camaat həm salata vururdu, həm üzünə yaxıb maska qoyurdu. Konfet kağızından kolleksiya toplayardıq.
Əlbəttə, sellofan kulyokları yuyub ipdən asan, təzədən istifadə edənlər məni anlamışdır. İndiki əhali bir az da, pis çıxmasın, acgözdür, harındır. Müstəqilliyin qədrini bilmirlər. O vaxt qazandığımızın hamısını Moskva əlimizdən alırdı. İndi isə biz Moskvadan kompensasiya tələb edirik. Camaatın övrəti “Harrods” univermağından alver eləyir, yenə narazıdırlar.
Sovet dövrünün maaşı, pensiya və təqaüdləri ilə indiki ödənişləri müqayisə edəndə xalqın daha yaxşı yaşadığını görmək mümkündür. Bu barədə hesablamalar, statistika ilə beynimizi yormaq, bayramı korlamaq istəmirəm, yalnız onu yazım ki, həmin vaxtın orta maaşına ayda neçə kilo ət-yağ-qənd və sairə kimi məhsullar almaq olardı, indiki maaşla nə qədər almaq olur - müqayisəyə gəlməz dərəcədə fərqli rəqəmlərdir.
Üstəlik, o dövrdə belə ərzaqların yalnız adı var idi. Təzəlikcə tələbə yoldaşımla bir nəfər yeniyetməyə 1989-90-cı ildə talonla ət-yağ almağımızı izah edə bilmədik. O heç cür anlamadı ki, 1 insana ayda yalnız 1 kilo ət, yağ, şəkər necə düşə bilərmiş, bundan artıq istəsə niyə ala bilməzmiş və sairə.
Həmçinin “Filan instituta girməyin qiyməti filan qədər idi” cümləsini test üsulu ilə xoşbəxt olan gənclərə necə anladasan?
Uzun sözün qısası, əgər müəllimlərə həmkarlar təşkilatı vasitəsiylə bakkuş və saqqız buketi hədiyyə edilibsə, onu öpüb gözlərinin üstünə qoysunlar, daha narazılıq olmasın. Bu xəbəri mən internetdə görmüşdüm. Mestkom müəllimlərə içində keks-meks olan hədiyyə qutusu vermişdi, onlar isə ağlaşma qurmuşdu, deyirdilər bu nədir, başımızı uşaq başı kimi aldadırlar və sairə. Sanki xaricdə müəllimə bayram münasibətiylə brilyant qaşlı üzük verilirmiş. Hədiyyəyə mız qoymaq da təzə çıxıb. Biz uşaq olanda müəllimə açıqca (otkrıtka) yazırdıq, o da acıqca üzümüzə tüpürürdü. Zarafat edirəm, əlbəttə, həmin vaxtlar biz elə bilirdik müəllim çörək yemir, qanadlı mələklər kimi göy üzündə yaşayır.
Televizorda bir bambılı verilişin ümidinə qaldığımızı heç yada salmayım. İndi, maşallah, gir internetə, nəyə istəyirsən bax. Lap süni intellektlə meymunluq videoları düzəldənlərə tamaşa elə. İnanın ki, bu bambılı videolar əski zamanların mərkəzi televiziya yayımlarından min qat abırlıdır.
Yeganə neqativ hal Şaxta baba adlanan mənfur personajın dəyişilməz qalmasıdır. Bəlkə ona qaz limiti kimi bir şey qoyulsaydı... Qalan hər şey yaxşıdır, bayramınız da bir daha qutlu olsun, cansağlığı, uzun ömür, hökumətin ətrafında daha sıx birləşəsiniz, amin, yazdı...
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ