Onlayn ictimai-siyasi qəzet
Ümumi təhsil müəssisələrinin İKT avadanlığı ilə təminatı istiqamətində son illərdə həyata keçirilən tədbirlər nəticəsində məktəblərə paylanan kompüterlərin sayında kəskin artım müşahidə olunur.
Musavat.com bildirir ki, bu barədə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda media nümayəndələri üçün keçirilən brifinqdə məlumat verib.
Onun sözlərinə görə, illər üzrə ümumi təhsil müəssisələrinə paylanan kompüterlərin sayı dinamik şəkildə artıb. Belə ki, 2018-ci ildə məktəblərə 20 900 kompüter verildiyi halda, 2019-cu ildə bu rəqəm 21 150, 2020-ci ildə 36 934, 2021-ci ildə isə 57 008 olub.
Rəqəmsallaşma prosesinin sürətləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində 2022-ci ildə bu göstərici artıq 100 508-ə yüksəlib. Növbəti illərdə artım tempi daha da intensivləşib – 2023-cü ildə təhsil müəssisələrinə 145 508, 2024-cü ildə 189 085, 2025-ci ildə isə 236 295 kompüter paylanıb.
Brifinqdə qeyd olunub ki, kompüter təminatının genişləndirilməsi nəticəsində şagird-kompüter nisbətində də müsbət dinamika müşahidə edilir. Belə ki, 2018-ci ildə 1 kompüterə 32 şagird düşdüyü halda, bu göstərici 2019-cu ildə 1:33, 2020-ci ildə 1:26, 2021-ci ildə 1:21, 2022-ci ildə 1:15, 2023-cü ildə 1:11, 2024-cü ildə 1:9, 2025-ci ildə isə 1:7 səviyyəsinə qədər yaxşılaşıb.
İdarə rəisinin sözlərinə görə, həyata keçirilən rəqəmsallaşma strategiyası çərçivəsində 2026-cı ilin sonunadək ümumi təhsil müəssisələrində kompüter və şagird nisbətinin 1:6-ya çatdırılması planlaşdırılır. Bu isə məktəblərdə rəqəmsal infrastrukturun gücləndirilməsi və tədris prosesində informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.
Şahanə Rəhimli
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ