Onlayn ictimai-siyasi qəzet
Dünya futbolu bu gün onun ölümünə üzüldü. "Milan"nın əbədi kapitanı və bəlkə də ən böyük əfsanəsi sayılan Franko Barezi 66 yaşında bu dünyadan köç etdi. O, bir klubun, yəni "Milan"ın ruhu idi. Futbol tarixində elə oyunçular var ki, onları sadəcə böyük oyunçu adlandırmaq haqsızlıq olar. Onlar bir dövrün simvoluna, milyonlarla azarkeşin uşaqlıq xatirəsinə, futbolun özünə çevrilirlər. Franko Barezi də belə şəxsiyyətlərdən idi...
Onun adı çəkiləndə ilk yada düşən "Milan" olur. "Milan" deyiləndə isə milyonlarla insanın gözündə ilk canlanan sima Franko Barezidir. O, sadəcə qırmızı-qara formanı geyinmədi, formanın nəfəsinə çevrildi, onu qorudu, ucaltdı, müqəddəsləşdirdi. Bu gün futbol daha çox pulların, transferlərin və qısa müddətli uğurların oyununa çevrilib. Amma Franko Barezi sübut etdi ki, sədaqət də ən böyük kuboklardan biridir.
Kasıb ailənin bu sakit oğlanı 8 may 1960-cı ildə İtaliyanın Lombardiya bölgəsində yerləşən Travalyato şəhərində dünyaya açmışdı. Onun uşaqlığı heç də nağıl kimi keçmədi. Cəmi 13 yaşında həyatının ən ağır zərbəsini aldı. Qısa müddət ərzində həm atasını, həm də anasını itirdi. Yetim qalan Franko və qardaşları yaxın qohumlarının himayəsində böyüdülər. Həyat ona uşaqlıq bəxş etmədi, erkən böyüməyi öyrətdi. Bəlkə də buna görə Franko heç vaxt meydanda emosiyalarını nümayiş etdirmirdi. Onun sakitliyi ağrılarından doğmuşdu. Kiçik Frankonun ilk arzusu "İnter"də oynamaq idi. O, sınaqlara qatıldı. Lakin məşqçilər onu çox arıq, zəif və fiziki cəhətdən yararsız hesab etdilər. Franko geri qaytarıldı. Qısa müddət sonra isə "Milan"ın mütəxəssisləri onu izlədilər. Onlar fərqli bir şey gördülər. Boy yox, əzələ yox, sürət yox, amma əvəzində qeyri-adi futbol ağlı var. Beləcə 1974-cü ildə Franko Barezi "Milan" akademiyasına qəbul olundu. Bəlkə də "İnter"in etdiyi ən böyük səhvlərdən biri həmin gün baş verdi. 1977-ci ildə, cəmi 17 yaşında Franko ilk dəfə əsas komandada meydana çıxdı. Heç kim təsəvvür etmirdi ki, həmin gün "Milan" tarixinin ən böyük əfsanələrindən biri doğulur. Sonrakı 20 ildə eyni forma, stadion, rənglər və sevgi...

1977-ci ildən 1997-ci ilə qədər Franko Barezi yalnız "Milan"da oynadı. Heç vaxt başqa klubun formasını geyinmədi. Nə böyük pullar, nə məşhur komandalar, nə də saysız-hesabsız təkliflər onu qırmızı-qara sevgidən ayıra bildi. O dövrdə Avropanın ən zəngin klubları onu transfer etmək istəyirdi. Amma cavab həmişə eyni idi: "Mən artıq evimdəyəm".
1982-ci ildə Franko "Milan"ın kapitanı oldu. Sonrakı 15 il ərzində o, sadəcə kapitan olmadı. Komandanın vicdanı, meydandakı müəllimi, hər futbolçunun arxayınlığı idi.
Məşhur məşqçi Arrigo Sakki bir dəfə demişdi: "Mən taktikanı izah edirdim. Franko isə onu meydanda həyata keçirirdi".
Fabio Kapello isə belə demişdi: "Mənim ən böyük üstünlüyüm Franko Barezi idi".
O, müdafiənin bəstəkarı idi. Futbolda bəzən müdafiəçilər kobudluqları ilə yadda qalırlar. Franko isə zəkası ilə tarix yazdı. Topu almaq üçün sürüşməyə ehtiyac duymurdu. Çünki rəqibin növbəti hərəkətini əvvəlcədən oxuyurdu. Oyun qururdu. Komandanı idarə edirdi. Müdafiə xəttini santimetr dəqiqliyi ilə irəli çəkirdi. Ofsayd tələsini elə ustalıqla qururdu ki, Avropanın ən sürətli hücumçuları belə onun qarşısında aciz qalırdı.

Frans Bekenbauer, Bobbi Mur və Franko Barezi...Bu üç ad futbol tarixinin ən ağıllı müdafiəçiləri sırasında daim birlikdə çəkilir. 1980-ci illərin sonu və 1990-cı illərin əvvəlləri "Milan" üçün möcüzələr dövrü idi. Arrigo Sakki, sonra Fabio Kapello, Van Basten, Qullit, Raykaard, Maldini, Donadoni, Albertini, Ançelotti...
Bu ulduzlar komandanı bəzəyirdi. Amma onların arxasında bir general vardı. O da Franko Barezi idi… Məhz onun rəhbərliyi altında "Milan" dünya futbolunun ən qorxulu komandasına çevrildi. Franko Barezi "Milan"la birlikdə 6 dəfə İtaliya çempionu (Seria A), 4 dəfə İtaliya Superkuboku, 3 dəfə Avropa Çempionlar Kuboku/UEFA Çempionlar Liqası, 2 dəfə Qitələrarası Kubok, 3 dəfə UEFA Superkuboku qazanıb. O, 719 rəsmi oyunda "Milan" formasını geyindi. Bu, uzun illər klub rekordu olaraq qaldı.
1982-ci ildə dünya çempionu olan İtaliya millisinin heyətində yer alsa da, həmin turnirdə meydana çıxmadı. Sonrakı illərdə isə "Skuadra Adzurra"nın əsas sütununa çevrildi. 1988 Avropa, 1990 Dünya və 1994-cü ildə yenə də Dünya çempionatında komandanın əsas liderlərindən biri idi.
O, həyatının bəlkə ən acı finalını 1994-cü ildə Amerikada yaşadı. Franko Barezi turnirin əvvəlində dizindən ağır zədə aldı. Həkimlər onun çempionatı başa vurduğunu dedilər. Lakin kapitan təslim olmadı. Cəmi 25 gün sonra möcüzəvi şəkildə sağalaraq finalda Braziliyaya qarşı meydana çıxdı. 120 dəqiqə ərzində Romario və Bebetonu demək olar ki, oyundan sildi. Ancaq penaltilər seriyasında ilk zərbəni göyə vurdu. Sonra Roberto Baccionun qaçırdığı penalti gəldi. Bununla da İtaliya dünya çempionluğunu itirdi. Franko göz yaşlarını gizlətməyə çalışırdı. O gecə milyonlarla insan onun üçün ağladı. Çünki hamı bilirdi ki, məğlub olan sadəcə İtaliya deyildi. Futbolun ən böyük qəhrəmanlarından biri idi.
1997-ci ildə Franko Barezi futbolçu karyerasını başa vurdu. "Milan" tarixində ilk dəfə olaraq bir futbolçunun nömrəsini əbədiləşdirdi. 6 nömrəli forma bir daha heç kimə verilmədi. Bu, sadəcə forma nömrəsi deyildi, sədaqətin abidəsi idi.
Paolo Maldini illər sonra belə demişdi: "Mən Frankonun yanında oynayanda hər zaman özümü daha güclü hiss edirdim. O, bizi qoruyurdu."
Maldini özü sonradan əfsanəyə çevrilsə də, etiraf edirdi ki, onun müəllimi Franko Barezi olub. Franko heç vaxt qalmaqallarla gündəmə gəlmədi, böyük sözlər danışmadı, özünü tərifləmədi. Sakit danışdı. Bu cür də yaşadı. Amma bütün dünya onu dinlədi.
Futbolu bitirdikdən sonra da "Milan"dan ayrılmadı. Klubun müxtəlif idarəetmə strukturlarında çalışdı, gənc futbolçuların inkişafı ilə məşğul oldu və uzun illər "Milan"ın rəsmi səfiri kimi dünyanın müxtəlif ölkələrində qırmızı-qara dəyərlərini təmsil etdi. O, tez-tez klub tədbirlərində iştirak edir, akademiyanın yetişdirdiyi gənclərə təcrübəsini ötürür və "Milan" ailəsinin canlı simvollarından biri olaraq qalırdı.
Franko Barezi bir dəfə demişdi: "Müdafiəçi topu almaq üçün yox, rəqibin onu hara aparacağını əvvəlcədən bilmək üçün düşünməlidir". Bu bir cümlə onun bütün futbolunu izah edirdi. Dostları onu utancaq, təvazökar və ailəsinə bağlı insan kimi təsvir edirlər. O, heç vaxt dəbdəbəli həyat tərzini nümayiş etdirmədi, qalmaqallardan uzaq durdu, qazandığı şöhrəti sadə həyatla tarazlaşdırdı. Onun üçün ən böyük sərvət insanların hörməti idi. Bu gün milyonlarla uşaq Messi kimi qol vurmaq, Ronaldo kimi sıçramaq, Mbappe kimi sürətli olmaq istəyir. Amma futbolun həqiqi müəllimləri hələ də məşqlərdə bir cümlə deyirlər: "Franko Barezinin oyunlarına bax".
Çünki müdafiə futbolunun ən gözəl dərsliklərindən biri onun karyerasıdır. Bəzi futbolçuların heykəli stadionun qarşısında ucalır. Bəzilərinin şəkli muzeydə qalır. Franko Barezi isə milyonlarla azarkeşin ürəyində yaşayır.

O, heç vaxt "Milan"ı tərk etmədi. "Milan" da heç vaxt onu unutmadı. Bəzən sədaqətin qiyməti pulla ölçülmür. Bəzən bir insan bir klubun tarixini yazmır. Bir klubun özü olur. Franko Barezi məhz belə insan idi. O, təkcə futbol oynamadı, futbola sədaqətin necə göründüyünü göstərdi. İllər keçəcək, yeni ulduzlar doğacaq, rekordlar qırılacaq, kuboklar sahibini dəyişəcək. Amma San Siro tribunalarında qırmızı-qara bayraqlar dalğalananda, 6 nömrəsi xatırlananda və kapitan sözü ehtiramla səslənəndə bir ad həmişə eyni ucalıqda qalacaq, Franko Barezi...
Allah rəhmət eləsin!
Cavanşir Abbaslı
Musavat.com
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ