Onlayn ictimai-siyasi qəzet
Firavan ölkələrdə əmək qabiliyyətli, işləyən insanlar təqaüd yaşlarının yetişməsini səbirsizliklə gözləyir, nəhayət, asudə həyata qovuşacaqları günün intizarını çəkirlər. Elə ki, həmin gün yetişdi və onlar dövlətdən təqaüd almaq hüququ qazandı, kartlarını ciblərinə qoyur, səyahət, istirahət planları qururlar, öz ölkələrindən başlayır, yaşadıqları regionun ölkələrini gəzir, bəzən dünya turuna çıxırlar.
Bu, əsasən belədir. Çoxu belə edir. Avropa ölkələrində sırf təqaüdçülərdən ibarət tur dəstələrini tez-tez görmək olur. Bir ölkədə avtobuslara oturur, Almaniya, Fransa, Niderland, Danimarka, İsveç, Norveç, Belçika, İtaliya, Avstriya, İsveçrə, Çexiya, Polşa kimi ölkələri gəzə-gəzə dövrə vururlar.
Söz yox ki, təqaüdə çıxandan sonra heç yerə getməyən, guşənişin olan, yaşadığı məkanda özünə məşğuliyyət tapan, özünü hobbisinə bağlayan “tənbəl”lər də olur. Amma onların heç biri təqaüdə çıxandan sonra iş axtarmır, daha 5-6 il də işləmək, pul qazanmaq fikrinə düşmür. Çünki hamısının sığortası, maddi təminatı var. Belə olandan sonra daha yaşlarının ahıl çağında özlərinə niyə zəhmət versinlər ki, bir gün də iş yerində üstlərinə təcili tibbi yardım maşını çağırılsın?
Bu xüsusda ölkəmizin insanlarının Avropa ölkələrindəki həmyaşıdlarından nə qədər fərqləndiyini hər bir oxucu özü müəyyən edə bilər. Orada 60-65 yaş asudə həyat, əməkdar istirahət yaşıdırsa, bizdə 80 yaşda belə hələ “Məşədi İbad”da sitat gətirirlər: “Mən nə qədər qoca olsam da, dəyərəm min cavana”.
Görkəmli aktrisa Şəfiqə Məmmədovanın Kinematoqrafçılar İttifaqının sədri seçilməsi məsələsinə peşəkarlıq, kompetentlik baxımından yox, sırf irəliləmiş yaş prizmasından yanaşanda, görürsən ki, seçim nə qədər qanuni, legitim, leqal olsa da, düzgün seçim deyil. Şəfiqə xanıma cürbəcür intriqaların içində olmaq, kağız-kuğuzla işləmək, eyzən narazı adamlara cavab vermək yox, istirahət etmək, qulaq dincliyinə nail olmaq lazım idi.
Nə işdirsə, o biri yaradıcı birliklərin (yazıçılar, rəssamlar, bəstəkarlar ittifaqları) rəhbərləri də 80 yaşlı ahıl adamlardır. Əslində onların da bir guşəyə çəkilib ömürlərini uzatmağın qayğısına qalan vaxtlarıdır.
Ən acınacaqlısı odur ki, 80 yaşlı ittifaq rəhbərlərinin müxalifləri də artıq qocalar və ya qocalığın bir addmlığında olanlardır. Onların da 55-60 yaşları var və ömürləri “gənc istedad” yarlığının altında keçib. Özlərindən 20 yaş böyük olan yaradıcı ziyalılar onlara məmur-ziyalı olmaq, seçilmək imkanı verməyiblər, hələ də vermirlər.
Gerçəklik isə budur: yaradıcı insanların ən məhsuldar dövrü 30-50 yaş arasıdır. 30-dan aşağı yaşda yaradılan əsərlərin içində sanballıları ola bilər, amma çoxu ilk qələm (fırça, lent, not) təcrübəsidir deyə, ürək istəyən mükəmməlikdə olmur. 50 yaşdan sonra isə sənətkarlarda əvvəlki yaradıcılıq şövqü, həvəsi, hətta qabiliyyəti qalmır. Onlar sürətlə axan, dəyişən, yeniliklərlə zənginləşən həyatın tempi ilə ayaq uydura bilmirlər. Həyatdan geri qalandan sonra zamanın nəbzini tutmaq, müasir tamaşaçı-oxucu, dinləyicinin zövqünün, tələbinin nə olduğun bilmək də çətinləşir. Bu zəmində yaradılan əsərlər nə mükəmməl olur, nə də diqqət çəkir.
Adlar çəkmək istəmirəm, ancaq baxaq görək, 35-40 il əvvəl gözəl ssenarilər, pyeslər, romanlar, operalar yazan, quruluş verən sənətkarlarımız bu gün eyni işi görə, ortaya ciddi sənət əsəri qoya bilirlərmi? Bilmirlər. Ona görə ki, nə həvəs o həvəsdir, nə dövran həmin dövran.
Bir yaşdan sonra insanlar gələcəyə yox, keçmişə baxırlar. Artıq onların gələcəyə dair arzularından çox, keçən günlər haqqında xatirələri var. Xatirələr nə qədər maraqlı olsa da, kədərlidir, gənclərə isə gələcək günlərə dair kef kökəldən məzmunlar lazımdır.
Bu baxımdan yaradıcılıq ittifaqlarının rəhbərləri vaxtında öz yerlərini gənclərə verməliydilər. Bu, əvvəl-axır təbii səbəblərdən baş tutacaq, vəzifələrə daha gənclər gələcəklər. Amma onlar çox gənc olacaqlar. Ara yerdə 50-60 yaşları olan ortayaşlı yaradıcı ziyalılar özlərini istədikləri kimi təsdiq etmək imkanı qazanmadan sıradan çıxacaqlar.
Siyasətdə belə oldu. 35-38 il öncə meydanlara çıxıb Qarabağ ermənilərinin separatçılığına, sovet-rus imperiyasının irticasına qarşı döyüşənlər elə mübarizə apara-apara qocaldılar, çoxu adi bələdiyyə üzvü seçilmək imkanı da qazanmadı, amma həmin vaxt 1-ci, 2-ci sinifə gedən, hətta yeni doğulmuş körpələr böyüdülər və şirkət, konsern, xidmət, komitə, nazirlik rəhbəri oldular, deputat seçildilər və s.
Bu paralellərdə belədir: kreslodan dördəlli yapışmaq qaydadır. Bundan ötrü insanlar hətta təbii istirahət hüquqlarından da keçirlər, hər zaman qaynayan qazanın içində olmaq istəyirlər.
P.S. Bir məşhur adam vardı, 75+ yaşında belə ard-arda villalar tikdirirdi və oğurluq, əliəyrilik olmasın deyə, inşaat meydançasına şəxsən nəzarət edirdi. O, tikdirdiyi ona yaxın villanın birində bir gün yaşamadan vəfat etdi.
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ