Onlayn ictimai-siyasi qəzet
Almaniyanın avtomobil nəhəngi Mercedes-Benz-də rəhbərliklə işçilər arasında ciddi qarşıdurma yaranıb.
Musavat.com xəbər verir ki, razılıq əldə olunmasa, şirkətin Almaniyadakı iki zavodunun bağlanması gündəmə gələ bilər.
“WirtschaftsWoche”nin məlumatına görə, Mercedes-Benz əmək xərclərini azaltmaq üçün həftəlik iş vaxtının 35 saatdan 40 saata qaldırılmasını, maaşların isə əvvəlki səviyyədə saxlanılmasını istəyir. Bundan başqa, məzuniyyət və Milad bonuslarının, eləcə də digər xüsusi ödənişlərin azaldılması və ya tamamilə ləğvi variantları nəzərdən keçirilir.
Bu tədbirlər hesabına Mercedes-Benz Almaniyada əmək xərclərindən 800 milyon avroyadək qənaət etməyi planlaşdırır.
Şirkət rəhbərliyi xərclərin lazımi səviyyədə azaldılması mümkün olmasa, Almaniyada bir minik avtomobili yığımı zavodunun və transmissiya komponentləri istehsal edən daha bir müəssisənin bağlana biləcəyini bildirib. Hansı zavodların təhlükə altında olduğu hələ açıqlanmayıb.
İşçilər isə güzəştlər müqabilində Almaniyadakı iş yerlərinin 2035-ci ilədək qorunmasına dair aydın təminat və ölkədəki istehsal müəssisələrinə yeni texnoloji xətlərin verilməsi ilə bağlı öhdəlik tələb edirlər.
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ