İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərcqoşanların ilişməsi – böyük pul bir qumardadır, bir də…

 

Türkiyədə futbol qumarına görə məsuliyyətə cəlb edilən, türkün sözü, karakola aparılıb-gətirilən futbolçulara dair ard-arda gələn informasiyaları oxuyanda yadıma düşdü ki, 11 il əvvəl bu mövzuda bir yazım olub və yazının ortasına bir eloğlunun yazdığı satirik şeiri də yerləşdirmişəm.

Hazırda o şeir əlimin altındadır və yazının sonun yenidən qulluğunuza təqdim edəcəyəm.

Heç demə, qardaş Türkiyədə 17-dən 67-yə qədər milyonlarla insan futbolun nəticələrinə dair mərc qoşurmuş və onların içində futbolçular özləri də varmış. “Bal tutan barmaq yalar” məsələsi…

O gün tanınmış bir futbolçunu karakola, yəni polis bölməsinə aparmışdılar ki, Uqanda çempionatının hansısa oyununa mərc qoyuluşu edib. O da ağlamsına-ağlamsına deyirdi ki, adamı şərləmək belə asan olmamalıdır. (Ta demir ki, qoca Şərqdə şərləmə şəraiti münbitdir).

Əslində bir futbolçu başqa ölkənin çempionatının oyunlarına leqal kontorlarda mərc qoyanda nə olar ki? Yetər ki, o, öz oynadığı oyuna mərc qoymasın. Məsələn, komandasından bir oyunçunun qırmızı kart alacağına mərc qoysa və oyunun sonunda həmin kartı özü alsa, 5-6 min dollar irəli düşsə, onda bu halal mərc olmaz.

Yaxud bir hakim öz idarə etdiyi oyuna belə bir mərc qoya bilər: “Hakim VAR-a baxmağa gedəcək – bəli/xeyr”. İndi oyunun nəticəsinə təsir etmədən bunun reallaşmasına baxaq. İdarə edəcəyi matça mərc qoyuluşu edən hakim oyunun ortasında komandaların birinin qapısına yalandan penalti təyin edir. Penaltiyə məruz qalan komanda etiraz bildirir. VAR hakimləri əsas hakimi yanlarına çağırırlar. O da gedir, penaltini ləğv edir və kimnsə üzvlük nömrəsi ilə qoyduğu mərcdən 5-6 min avro qazanır. Təmiz iş: adam həm ədalətsiz davranmadı, həm də pul qazandı.

Futbol dünyasında belə şeylər çox olur. Bu kimi pəsthaları başından aşırmayan ölkə yoxdur. Çox pul bir qumardadır, bir də “narkotik-insan alveri-silah ticarəti” üçlüyündə. Totalizatorların qazancı hamısını üstələyib artıq.

Ona görə də futbolçular, məşqçilər və hakimilər düçünürlər ki, madam bu sektordayıq, bir az da özümüzü üçün oynayaq. “Xeyirdirmi, mən əziyyət çəkib qol vuracam, kimsə dünyanın o başında mənim qoluma görə bir ətək pul qazanacaq?” – belə düşünür futbolçu.

Onlarınkı ilə sıravi mərcqoşanın mərci eyni deyil. Futbol təsərrüfatında dolaşanlar bəzi hallarda oyunun nəticəsini və ya digər mərc predmetlərini öncədən bilirlər və mərci dəqiq atışla qoyur, pulu götürürlər. Heç nədən xəbəri olmayan sıravi mərcqoşanlar isə “Real”ın qələbəsinə milyonlar qoyur, amma o da gedib zəif komanda ilə heç-heçə oynayır. Hələ onu da bilmək olmaz ki, “Real”ən məğlubiyyətinə mərc qoyuluşu edənlər - kluba yaxın bəziləri oyunun nəticəsini əvvəlcədən bilirdilər, ya yox.

Bu sahədə belə fırıldaqlar da çox olur. Belə olanda qumar oynadanlara ziyan dəyir və köhnə prinsip (“Qumarda yalnız onu təşkil edənlər qazanır”) pozulur və onlar şikayət edirlər ki, qumara haramlıq qatanlar cəzalandırılsın.

Yuxarıda vəd etdiyim satirik şeir isə belədir:

Durum sənə ta nə deyim, a kasıb,
Qafanı tutummu şillə-qapaza?
Oğul-uşağının ağzından kəsib,
Apardın, pulları verdin “Topaz”a.

Kişi, başın çıxmır sənin futboldan,
Yaxşı tanımırsan sən “Liverpul”u.
Heç-heçə yazırsan, döşəyir qoldan,
Uduzan kim olur? Di get ver pulu.

Qardaş, bu qumardır, yekə bir qumar,
Buna pul qoyanın udubmu biri?
Qumar düzəldənlər mənfəət umar,
Tələyə qoyarlar müftə pendiri.

Kasıb, ümid olma katalonlara,
Qələbə qazanmaz hər dəfə “Barsa”.
Qumarbaz “Bwin”dən haqq alanlara,
Güvənmə, bir misqal kamalın varsa.

Birisi sürürdü küçədə “Passat”,
Satdı, parasını “Topaz”a verdi.
Uduzdu, əlində qalmadı hessad,
Nəyi var, itirdi, güdaza verdi.

Kasıb, girmə qəti o oyunlara,
Bil, futbol qumarı aşar boyunu.
Gedib dadanarsan cib soyanlara,
Təxirə salarsan hər il toyunu.

Sayma ki, bir günə yüz min qazana,
Sən çıxa bilərsən bu durumundan.
Yüz min sənin kimi hesab yazan var,
Durublar “Topaz”ın uçurumunda.

Milyardlar dolaşır bu pis qumarda,
Ölkənin hər yanı Las-Veqas olub.
Birinin hələlik şansı tumarda,
Mininin qarnına sancılar dolub.

Bu işdə pul yoxdur, binəva kasıb,
Bunun ətək-ətək, israf-xərci var.
Yoxdur bu oyunda şən hava, kasıb,
Adamı havasız edən borcu var.

Publisistik nəzm parçasının sonu.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR