İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibə bu gün bitsə, kim qalib sayılacaq? – 4 ilin analizi

"Bu savaşda Qərb uduzarsa, nəticələr Qafqaza qədər uzanacaq”

Artıq Rusiya–Ukrayna müharibəsinin dörd ili tamam olur. İlk günlərdə “qısa müharibə” kimi təqdim edilən bu savaş zaman keçdikcə uzanan, dərinləşən və nəticələri bütün dünyaya yayılan bir böhran xarakteri alıb. İndi əsas sual da məhz budur: dörd ilin sonunda hansı tərəf qalibdir?

Bir tərəfdə hərbi, iqtisadi və demoqrafik itkilərə baxmayaraq mövqelərini qorumağa çalışan Rusiya, digər tərəfdə isə dövlətçiliyini və ərazi bütövlüyünü müdafiə etməklə yanaşı, NATO və Avropa İttifaqınin siyasi-hərbi dəstəyinə arxalanan Ukrayna dayanır. Paralel olaraq “kollektiv Qərb” anlayışı da bu müharibənin əsas oyunçularından birinə çevrilib. Vaşinqtondan Brüsselə qədər uzanan cəbhə bir tərəfdən Ukraynanı silahlandırır, digər tərəfdən Rusiyanı sanksiyalarla zəiflətməyə çalışır.

Bu dörd il ərzində hər iki tərəf ciddi itkilər verib, minlərlə insan həyatını itirib, şəhərlər dağıdılıb, iqtisadiyyatlar sarsılıb, beynəlxalq münasibətlər sistemində isə dərin çatlar yaranıb. Elə bu səbəbdən “kim qazandı?” sualına birmənalı cavab vermək çətindir. Daha real sual isə budur: bu müharibədən kim daha az itirib və kim mövqelərini daha yaxşı qoruyub?

Əgər savaş bu gün bitərsə, hansı tərəf özünü qalib elan edə bilər? Rusiya istədiyi strateji hədəflərə çata bildimi, yoxsa Ukrayna müqavimət göstərməklə artıq tarixi uğur qazandı? Bəs kollektiv Qərb bu qarşıdurmadan güclənərək çıxdı, yoxsa özü də uzunmüddətli risklərin altına girdi? Və ən nəhayət – mövcud dinamika fonunda bu müharibənin nə vaxta qədər uzanacağı ilə bağlı hansı proqnozlar daha real görünür?

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a bildirdi ki, hazırkı mərhələdə Rusiya-Ukrayna savaşının həm hərbi, həm də siyasi masada qalibi Rusiyadır: "Müharibənin başlanmasından 4 il keçsə də, Kiyev Moskva üzərində hər hansı üstünlük əldə edə bilməyib. Dörd il ərzində Ukrayna xeyli ərazisini itirib.

İnfrastrukturuna ciddi ziyan dəyib. Yalnız bir dəfə Kursk istiqamətində nisbi üstünlük əldə olunub, o da müvəqqəti xarakter daşıyıb. Digər tərəfdən, Rusiyanın neft və qaz kəmərləri, neft emalı zavodları, hərbi təyinatlı obyektləri ciddi zərər görüb. Hər iki tərəfin itkilərinin ümumi sayının milyon yarımı ötdüyü deyilir. Kreml müharibəni uduzacağı təqdirdə nüvə silahından istifadə edə bilər. Ona görə də, Qərb ruslarla daha loyal dil tapmağa çalışır. Hətta Rusiyaya qarşı Ukraynanın silahlandırılması prosesinə ara verilib.

Avropanın aparıcı beyin mərkəzlərinin rəylərinə görə, Rusiya-Ukrayna üzərində qələbə qazanarsa, bu ilk növbədə Qərbin şimal qonşumuzun önündə ağır məğlubiyyəti olacaq. Eyni zamanda, Rusiya tərəfi daha da irəli gedəcək və Avropanın içərilərinə doğru həmlələr edəcək. Yəqin ki, Avropada da bunun fərqindədirlər. Digər tərəfdən, ABŞ prezidenti Tramp Ukraynanı sülhə məcbur etməklə Avropanı da Rusiyanın qarşısına yem kimi atmağa çalışır. Ukraynada zəfər çaldıqdan sonra Rusiya Finlandiyaya, İsveçə də həmlələr etməyə can atacaq. Üstəlik, Rusiya Mərkəzi Asiya və Cənubi Qafqaza da müəyyən dərəcədə diş qıcayacaq. Ukrayna isə yaxın gələcəkdə tamamilə yer üzündən silinə bilər.

Qərb Ukrayna ilə savaşda Kiyevi Moskva ilə baş-başa qoyarsa və ukraynalılara əsaslı dönüş yarada biləcək yardımlar göstərməzsə, o zaman Avropa koalisiyasının əl-ayağı regiondan tamamilə üzüləcək. Bu isə Güney Qafqazda Rusiya hökümlülüyünün, diqtəsinin əbədi olması anlamına gələcək".

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR