Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Azərbaycanın “Qarabağ” futbol klubunun hücumçusu Nəriman Axundzadə Amerikanın Əsas Liqa Futbolu - MLS (Major League Soccer) təmsilçisi “Kolumbus Kru”ya transfer olub. Bununla da artıq ölkə futbolunda daha bir gənc istedadın xaricə gedişi reallaşdı, özü də qeyd etdiyimiz kimi, ABŞ-nin ən böyük turnirinə...
Ağdam klubunun bu il Çempionlar Liqasında keçirdiyi oyunların demək olar ki, hər birində sərt tənqid olunan Axundzadənin transferi futbol ictimaiyyətində böyük maraq doğurub və bir məsələ daha çox gündəmə çevrilib.
Belə ki, artıq indidən azərbaycanlı futbol azarkeşləri “Kolumbus Kru”nun MLS-də mübarizə aparan daha bir klubla - “İnter Miami” ilə qarşılaşmalarını səbirsizliklə gözləyir. Bu da səbəbsiz deyil. “İnter Miami”də dünya futbolunun ulduzlarından sayılan, Argentina və “Barselona” klubunun unudulmaz əfsanəsi hesab olunan Lionel Messi çıxış edir. Bu azmış kimi, “İnter Miami”nin sahiblərindən biri də bir zamanlar çıxış etdiyi “Manchester United”, “Real Madrid” klublarında dünyanın bir nömrəli ulduzuna çevrilən Devid Bekhemdir. Demək, 21 yaşlı gəncimiz həm də ona qarşı çıxış edəcək. Bu, Azərbaycan futbolunun + “Qarabağ”ın + baş məşqçimiz Qurban Qurbanovun ən böyük uğurudur.

Messinin futbol yolu Avropanın nəhəng stadionlarından keçərək 2023-cü ildə ABŞ-yə qədər uzandı və bu transfer təkcə bir klubun deyil, bütöv bir liqanın taleyini dəyişdi. Məhz Messinin liderliyi ilə “İnter Miami” qısa müddətdə ilk böyük uğurunu qazandı və “Leagues Cup” turnirində çempion oldu. Bu qələbə klub tarixində dönüş nöqtəsi sayılır. Bu gün “İnter Miami” artıq sadəcə MLS klubu deyil - o, dünya futbolunun diqqətlə izlədiyi bir mərkəzdir. İndi biz görün qürurla Nərimanı kimlərlə yanaşı görəcəyik.
Futbol azarkeşlərinə bu oyunların tarixi barədə məlumat verək:
“İnter Miami CF” - “Kolumbus Kru” qarşılaşması birincilərin ev sahibliyində avqustun 2-də Azərbaycan vaxtı ilə 03:30-da keçiriləcək.
İkinci oyun isə 28 sentyabr 2026-cı il tarixində - Bakı saatı ilə eyni vaxtda Nərimanın hücumçusu olduğu klubun meydanında baş tutacaq.
Cavanşir ABBASLI
Musavat.com
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ