İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ordusu daha 18 il Ermənistanda

Rusiya Prezidenti Vladimir Putinin Bişkekdə jurnalistlərlə söhbəti zamanı Ermənistanın Gümrüdəki 102-ci rus hərbi bazasının fəaliyyətini istəmədiyi halda “sabah belə” çıxmağa hazır olduqlarını bəyan etməsi ciddi müzakirə mövzularından birinə çevrilib. Bununla Kreml bir tərəfdən İrəvanın qərbyönlü siyasətinə münasibətini ortaya qoyur, digər tərəfdən isə Ermənistanın təhlükəsizlik məsələsində qarşısında dayanan seçimə diqqət çəkir.

“Əgər Ermənistan Rusiya bazasının Gümrüdə lazımsız olduğunu düşünürsə, sabah çıxacağıq. Bəs Ermənistan buna hazırdırmı? Biz heç kimə heç nəyi zorla qəbul etdirməyəcəyik. Əgər erməni xalqı orada hansısa Rusiya hərbi mövcudluğunu istəyirsə, biz qalacağıq, işləyəcəyik və əməkdaşlıq edəcəyik”, – Putin deyib.

Heç şübhəsiz ki, bu açıqlamanın əsas hədəfi Ermənistanın son illərdə sürətlə dəyişən xarici və təhlükəsizlik siyasətidir. İrəvan Moskva ilə münasibətlərdə məsafəni artırır, eyni zamanda ABŞ və Avropa İttifaqı ilə əlaqələri dərinləşdirir. Ermənistanın Qərbə inteqrasiya istiqamətində atdığı addımlar isə Rusiyanın Cənubi Qafqazdakı hərbi-siyasi mövqeyi baxımından xüsusi əhəmiyyət daşıyır.


Məlumat üçün bildirək ki, Gümrüdəki 102-ci Rusiya hərbi bazasının yerləşdirilməsi ilə bağlı müqavilənin müddəti 2044-cü ilə qədər uzadılıb. Buna görə də Moskvanın hərbi mövcudluğunun hüquqi əsası hələ uzun müddət qüvvədə qalır. Lakin Putinin son açıqlaması göstərir ki, Kreml məsələni yalnız hüquqi müqavilə çərçivəsində deyil, Ermənistanın siyasi seçimi kimi təqdim edir.

Rusiya hərbi bazası çıxacağı təqdirdə onun yaratdığı təhlükəsizlik boşluğunu kim və necə dolduracaq?

Ermənistanın Türkiyə və Azərbaycanla sərhədlərində təhlükəsizlik məsələsi onsuz da həssas olaraq qalır. Rusiya hərbi mövcudluğunun aradan qalxması isə regiondakı qüvvələr balansına təsir göstərə bilər. Əgər Gümrüdəki bazanın yerini Qərbin hərbi infrastrukturu tutarsa, bu, Cənubi Qafqazda yeni geosiyasi rəqabətin yaranmasına səbəb olacaq.

Məhz buna görə Putinin “istəmirsinizsə, gedirik” mesajı ilk baxışda sadə bəyanat təsiri bağışlasa da, arxasında ciddi siyasi məna dayanır. Moskva İrəvana demək istəyir ki, Qərbə inteqrasiya yalnız siyasi və iqtisadi seçim deyil, eyni zamanda təhlükəsizlik məsuliyyətidir. Üstəlik, Ermənistan hakimiyyəti də indiyədək Gümrüdəki Rusiya bazasının dərhal çıxarılması ilə bağlı qəti mövqe nümayiş etdirməyib. Bu isə Putinin açıqlamasının İrəvan üçün həm siyasi, həm də təhlükəsizlik baxımından ciddi dilemma yaratdığını göstərir. İndi əsas məsələ Ermənistanın hansı yolu seçəcəyidir, Rusiya ilə mövcud hərbi əməkdaşlığı qorumaq, yoxsa Qərbə inteqrasiya xəttini təhlükəsizlik sahəsində də dərinləşdirmək...

Ermənistan Rusiya hərbi bazasının çıxmasına həqiqətən hazırdır? Qərb Ermənistanın təhlükəsizliyinə Rusiyanın verdiyi təminatları eyni səviyyədə təmin edə bilərmi? Putinin “sabah çıxacağıq” mesajı Paşinyan hakimiyyətinə açıq xəbərdarlıqdır?

Politoloq Əli Orucov Musavat.com-da öncəliklə rus hərbi bazasının yerləşdirilmə zamanına toxundu: “Rusiyanın 102 saylı hərbi bazası 1995-ci ildə dövlətlərarası müqavilə ilə yerləşdirilib və müddəti 2010-cu ildə imzalanmış müqaviləyə əsasən 2044-cü ilədək uzadılıb. 5000 nəfərdən çox şəxsi heyəti olan həmin hərbi bazada müxtəlif qoşun növləri, hətta Rusiya Aerokosmik qüvvələrinin kontingenti də var. Ermənistanın Avropa İttifaqına inteqrasiya kursu götürməsi və ABŞ-la əlaqələrini genişləndirməsi Gümrüdəki Rusiya hərbi bazasının qalıb-qalmamasını aktuallaşdırır. Həmçinin Ermənistan KTMT-də fəaliyyətini dondurursa və yaxud burada iştirakdan imtina edəcəyini düşünürsə, alternativ təhlükəsizlik çətiri axtarırsa, o zaman bu bazanın deslokasiya yerində mövcudluğu suallar yaradır. Onu da qeyd edim ki, hərbi bazanın saxlanılması hər il Ermənistan büdcəsinə 70-80 milyon dollara başa gəlir və bu məbləğ də ilbəil artır”.


İsrail radikallaşdıqca simmetrik cavablar da alacaq” - Əli Orucov

Ekspertin sözlərinə görə, 44 günlük müharibədən sonra regionda yeni reallıqların yaranması Rusiyanın Cənubi Qafqazdakı mövqelərinə də ciddi təsir göstərdi: “Əvvəlki hegomon və inhisarçı mövqeyini tam itirdi, hətta Ermənistanda mövqelərinə ciddi şəkildə zərər dəydi. İrəvanın gələcək inkişaf yolunu Avrointeqrasiya da görən Paşinyan hakimiyyəti üçün Rusiyanın 102-ci hərbi bazasının Ermənistanda olması təhlükəsizlikdən daha çox təhlükələr yaradır. Digər tərəfdən əgər Türkiyə və Azərbaycanla münasibətlər normallaşarsa, ticari iqtisadi əlaqələr genişlənərsə, kommunikasiya xəttləri tam açılarsa, ən əsası Ermənistan qonşularına ərazi iddialarından və təcavüzkar siyasətindən imtina edərsə, o zaman nə Rusiyanın, nə də hansısa başqa xarici güclərin hərbi bazalarına ehtiyac duyulacaq. Ermənistan özünü bütünlükdə təhlükəsiz edər və asılılığı da azalar. Əksinə Moskvaya lazımdır ki özünün hərbi və siyasi mövcudluğunu saxlasın. Putinin hərbi baza ilə bağlı dediklərini blef kimi qəbul edirəm və göründüyü kimi həmin məsələni də erməni xalqının guya seçiminə buraxır. Faktiki olaraq Rusiya prezidenti Paşinyana müxtəlif yönlərdən təzyiq göstərməklə onu Moskavın təsir zonasında saxlamaq məqsədindədir”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR