Onlayn ictimai-siyasi qəzet
İsraildə parlament seçkilərinə sayılı həftələr qalır. “Kanal 13” baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” Partiyasının Qadi Eisenkotun sədri olduğu “Yashar” Partiyasından geridə qaldığını xəbər verib. Sorğuya əsasən, Qadi Eisenkot 22, Netanyahu 18 mandatla Knessetdə təmsil oluna bilər.

Respondentlərin 48 faizi Eisenkotu, 36 faizi isə Netanyahunu baş nazir seçib. Bununla belə, heç bir siyasi blok 61 mandatlıq çoxluğa yaxınlaşmadığı üçün seçkidən sonra hökumətin hansı formatda qurulacağı əsas suallardan biri olaraq qalır.
Yaxın Şərq siyasəti üzrə yazar Kənan Rövşənoğlunun Musavat.com-a bildirdiyinə görə, Netanyahunun qalib gəlmək şansı yüksək görünmür: “Çünki onun hakimiyyəti dövründə İsrail bir sıra müharibələrə sürüklənib, ölkə iqtisadiyyatı ciddi zərər görüb və ən əsası, cəmiyyətin seçkilərdə əsas diqqət yetirdiyi təhlükəsizlik məsələsində Netanyahu verdiyi vədləri tam şəkildə reallaşdıra bilməyib. Düzdür, Netanyahu hökuməti Fələstinlə bağlı sərt addımlar atıb, qərb sahilinin ilhaqı istiqamətində müəyyən qanunvericilik təşəbbüslərini dəstəkləyib və sağçı elektoratın gözləntilərinə uyğun siyasət yürüdüb. Lakin ümumi mənzərədə İsrail seçicisini cəlb edəcək ciddi və konkret uğurlar ortaya qoymaq çətindir. Xüsusilə, son müharibələr fonunda təhlükəsizlik məsələsində gözlənilən nəticələrin əldə olunmaması Netanyahu üçün ciddi siyasi problem yaradır”.
“Bununla belə, seçkilərə hələ 20 gündən çox vaxt qalır və bu müddətdə siyasi vəziyyətin əhəmiyyətli dərəcədə dəyişməsi mümkündür. Məsələn, yeni təhlükəsizlik hadisəsi, hərbi əməliyyatların gedişində dəyişiklik və ya Netanyahu hökumətinin atacağı hər hansı ciddi addım seçicilərin mövqeyinə təsir göstərə bilər. Dünyada seçkilərin nəticələrinə təsir edən amillər seçkiyə az müddət qalmış dəyişə bilir. İsraildə də hər hansı terror hadisəsi, sərhəddə baş verən toqquşma və ya yeni hərbi qarşıdurma təhlükəsizlik məsələsini yenidən seçicilərin gündəminin əsas mövzusuna çevirir. Belə hallarda cəmiyyətin mövqeyi daha sərt təhlükəsizlik və hərbi güc siyasətini müdafiə edən siyasi qüvvələrə doğru dəyişir. Ona görə də bu cür ssenariləri tamamilə istisna etmək olmaz”, - deyə siyasi şərhçi belə deyib.
Xatırladaq ki, İsraildə növbəti parlament seçkiləri oktyabrın 27-də keçiriləcək.
Cavanşir Abbaslı
Musavat.com
30 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ