Onlayn ictimai-siyasi qəzet
Vaşinqton administrasiyası İsrailin Baş naziri Benyamin Netanyahunun açıqlamalarına baxmayaraq, İsrailin Qəzza zolağı ilə bağlı tələbləri yerinə yetirəcəyinə əmindir.
Musavat.com xəbər verir ki, məlumatla Axios və İsrail televiziyasının 12-ci kanalının müxbiri Barak Ravid X hesabında çıxış edib. Onun istinad etdiyi ABŞ rəsmisinin sözlərinə görə, Ağ Ev Netanyahunun İsrailin Sülh Şurasının Qəzza zolağı üçün 15 maddəlik planını rədd etməsi və HƏMAS tərksilah olunana qədər Fələstin anklavından çəkilməyəcəyi barədə açıqlamalarından "narahat deyil".
Rəsmi əlavə edib ki, ABŞ Netanyahunun açıqlamalarının 27 oktyabrda İsraildə keçiriləcək parlament (Knesset) seçkiləri ilə bağlı olduğunu bilir: "Biz Bibinin (Benyamin Netanyahunun – red.) siyasi ehtiyaclarını başa düşürük. Xüsusilə Qəzzada hücumların qarşısını almaq üçün xahiş etdiyimiz işi davam etdirdiyi müddətcə bu, bizim üçün problem deyil".
ABŞ rəsmisi qeyd edib ki, Netanyahu ötən həftə ABŞ prezidenti Donald Tramp və Amerika liderinin kürəkəni Cared Kuşnerlə telefonla danışıb. İsrail baş naziri daha sonra yuxarıda qeyd olunan plana "bir şans verəcəyinə" və "demilitarizasiya prosesinin başlaması üçün Qəzza zolağına hücumları məhdudlaşdıracağına" söz verdi. Qeyd olunur ki, ABŞ onun bu vədi yerinə yetirəcəyinə əmindir.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ