İnsanlara hürriyət, millətlərə istiqlal!

Niyə “Məkkə sazişi”ndən yazmağa tələsmirik?..

Ötən həfətinin ən maraqlı siyasi hadisələrindən biri sözsüz ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasındakı hərbi saziş oldu. Qəbul edək ki, bu, sadəcə, regional hərbi ittifaqdır, çünki bir anlığa təsəvvür edin: məsələn, xristian ölkələri də durub hərbi alyans yaratmaq fikrinə düşürlər. Bir görün, bizim üçün nə böyük problem yaranar!

Amma “Məkkə sazişi”lə bir araya gələn üç müsəlman dövləti xüsusi anti-qərbçilikləri və anti-xristianlıqlarıyla heç vaxt diqqətə gəlməyiblər, tamam əksinə, bunlar müsəlman aləmində xristian dünyasına, Qərb dövlətlərinə ən loyal münasibətlərilə seçilən ölkələrdir. Bəs saziş kimə qarşıdır və niyə məhz indi meydana çıxdı? Əslində çoxdan “ərəb NATO”-su, “türk NATO-su” haqqında söhbətlər gedirdi və “ərəb NATO-su”nu ərsəyə gətirmək istəyənlərdən biri də, səhv etmirəmsə, elə cənab Tramp idi.

Amma ərəblər üçün canfəşanlıq edən təkcə o, deyil, bizim sayın prezident Ərdoğan da ərəblər üçün, necə deyər, əldən–ayaqdan gedir... Bəs saziş niyə indi ərsəyə gəldi? Ağla gələn ilk məqam İranla müharibə olur, amma İranın indiki vəziyyətində durub bu üç ölkədən birinə hücum edəcəyini düşünmək belə düzgün olmazdı. Düzdür, hərdən İran Səudiyyə və Türkiyə istiqamətində də raket atır. İndi nə olacaq? Raketlər indi də Səudiyyə və Türkiyə ərazisindən İrana atılacaq? Sazişin güman ki, çəkindirici təsiri olacaq, Tehran daha diqqətli davranacaq, özü də, elə husiləri də, məsələn, Səudiyyəni daha az narahat edəcəklər.

Üçlükdə yer alanlardan biri də qardaşımız Pakistandır. Mən səbəbi bilmirəm, amma bu ölkə Türkiyəyə və türk dünyasına çox böyük maraq göstərir. Amma İslamabad təsirini qonşu Əfqanıstana da yaymağa cəhd etməyə çalışsaydı çox yaxşı olardı. Bir görün Taliban orada nələr edir, belə şeylər heç quldarlıq dövründə də yox idi...
Bizim bu sazişə münasibətimizə gələndə, tələsmək lazım deyil, Türkiyəylə sazişimiz var, lazım gəlsə, Pakistnala da buna bənzər bir şey imzalaya bilərik, amma çoxlu öhdəlik götürməyə tələsmək lazım deyil, çünki kiçik dövlətik, “ayaqlar altında” qala bilərik. Sonuncunu təhqir kimi qəbul etmək lazım deyil, reallıqdır – gəlin özümüzü çox şişirtməyək, bəli, bir kiçik dövlət kimi çox uğurlu siyasət aparsaq da, bəzən hətta qardaş Türkiyənin edə bilmədiyini etsək də, aça bilmədiyi qapıları belə açcaq da, kiçik ölkəyik və daha çox Türkiyənin sayəsində özümüzü daha təhlükəsiz hiss edirik. Həm də bu sazişə gedərkən çox böyük ehtimalla prezident Ərdoğan fikrində İsraili tutub. Bu adam İsrail faktorunu çox şişirdir. Bunun üçün həm əsas var, həm də yoxdur. O mənada yoxdur ki, İsrail özü ciddi faktor deyil və bir-iki ay bundan əvvəl Türkiyəni ondan ABŞ-a şikayət edəcəyilə hədələyirdi. Bu fakt özü İsrailin nə demək olduğunu göstərir. Maraqlıdır ki, Azərbaycanın İsraillə siyasəti hətta Türkiyə üçün də nümunə ola bilərdi. Bakı Fələstin xalqının da qanuni haqlarını tanıyır, imkan daxilində dəstək verir, amma Təl-Əvivlə də normal münasibətlər saxlayır. Ankara niyə bunu etməsin? Ərəblər üçün bu qədər fədakarlıq etmyə dəyərmi? Xüsusən nəzərə alanda ki, qardaş Türkiyə bu məsələdə ciddi bir şey edə də bilmir...

Bir neçə il bundan əvvəl hətta Qəzzanın blokadasını yarmağa cəhd etdi. Nəsə alındımı? Qəzzada müharibəni dayandıra bildimi? Adamda hərdən belə bir fantastik “təsəvvür” yaranır ki, sanki qardaş Ankarayla Təl-Əviv arasında gizli razılaşma var. Elə bil biri çox kəskin bəyanatlar verir, digərisə öz işini görür - əlbəttə, bu, bir sözdür sadəcə... İndi başqa şey də uydurublar. Guya İrandan sonra hədəf Türkiyə olacaqdır! Gülməli deyilmi? İsrailin problemi Türkiyəsiz də bəs edir. Bir də İsrailin tələbi nədir? Daha çox budur ki, ona da regionun bir dövləti kimi baxsınlar, əməkdaşlıq etsinlər, münasibətlər qursunlar. Doğrudanmı, çox böyük, reallaşması mümkün olmayan tələblərdir? Əlbəttə ki, “böyük İsrail” sevdasıyla yaşayanlar da var. Amma harada belələri yoxdur? İki-üç milyon erməni otuz ildir ki, bir regionda az qala hamı üçün ürəkbulandırması yaratmırmı?

Həm də dini ittifaqlardansa etnik ittifaqlar qurmaq daha düzgündür. Bunu “türk NATO-su” ilə bağlı deyirik. Baxın, ABŞ, Britaniya, hətta hərdən Avstraliya siyasətlərini uzlaşdırmağa çalışır. Hətta ərəblərin öz Liqası da var, Rusiya zorla slavyan - pravoslav ittifaqı qurmağa çalışır! Biz niyə “türk NATO-su” qurmayaq? Ora da Pakistanı cəlb etmək olar ki, qoy, düşünsünlər regional ittifaqdır. Mərkəzi Asiya ölkələri də Rusiyanın boyunduruğundan nə vaxtsa qurtarmalıdırlar, ya yox? Qoy, Rusiya da gedib özünün “slavyan itifaqı” ilə məşğul olsun. Onun da bu məsələdə uduşu bu olacaqdır ki, bura əsl, böyük NATO gəlməyəcək...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR