Onlayn ictimai-siyasi qəzet
Dünyanın ən dağıdıcı silahlarının tamamilə aradan qaldırılması ideyası uzun illərdir beynəlxalq siyasətin ən çətin və mübahisəli məsələlərindən biri olaraq qalır.
BMT sentyabrın 29-da Nyu-Yorkda Nüvə Silahlarının Tamamilə Ləğvi üzrə Beynəlxalq Gün münasibətilə yüksək səviyyəli plenar toplantı keçirəcək. Bu tədbir 26 sentyabrda qeyd olunan beynəlxalq günə həsr olunub və 2026-cı ildə həmin tarix şənbə gününə təsadüf etdiyi üçün toplantı sentyabrın 29-na keçirilib.
Qeyd edək ki, nüvə silahlarının ləğvi ideyası BMT-nin fəaliyyətinin ilk illərindən gündəmdədir. Təşkilatın ilk Baş Assambleya qətnaməsi də 1946-cı ildə nüvə enerjisinə nəzarət və atom silahlarının aradan qaldırılması məsələsini gündəmə gətirmişdi. Buna baxmayaraq, aradan keçən onilliklər ərzində dünya nüvə silahlarından tamamilə xilas ola bilməyib.
Bəs nüvə silahlarının tamamilə ləğvi real siyasi məqsədə çevrilə bilərmi?
Deputat Könül Nurullayeva Musavat.com-a bildirib ki, nüvə silahlarının tamamilə ləğvi ideyası yalnız nüvə başlıqlarının məhv edilməsi ilə məhdudlaşmır: “Əsas məsələ ondan ibarətdir ki, dövlətlər nüvə silahına malik olmadan da öz təhlükəsizliklərini etibarlı hesab edə biləcəkləri beynəlxalq sistem yaradıla bilsin. Hazırkı mənzərə isə belə bir sistemin hələ formalaşmadığını göstərir. 2026-cı ildə keçirilən Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin XI İcmal Konfransı yekun sənəd üzrə konsensusa nail olmadan başa çatdı. BMT-nin məlumatına görə, konfransda nüvə tərksilahı, təhlükəsizlik təminatları, nüvə silahlarının yayılmasının qarşısının alınması və regional təhlükəsizlik məsələləri üzrə ciddi fikir ayrılıqları qalmaqdadır. Bu vəziyyət təsadüfi deyil. Dünyada nüvə silahına malik doqquz dövlət öz nüvə arsenalını modernləşdirməyə davam edib. Bəzi araşdırmalara görə, dünyadakı nüvə silahlarının təxminən 90 faizi ABŞ və Rusiyaya məxsusdur. Buna görə də qlobal nüvə tərksilahı məsələsində Vaşinqton və Moskva arasında münasibətlər həlledici əhəmiyyət daşıyır”.
![]()
Deputatın sözlərinə görə, Vaşinqton son onilliklərdə minlərlə nüvə silahının ləğv edildiyini və gələcək silahlara nəzarət razılaşmalarının Rusiya ilə yanaşı Çini də əhatə etməsini vacib sayır:
“ABŞ eyni zamanda Rusiyanın New START müqaviləsini dayandırmasını və Çinin nüvə arsenalının genişlənməsini təhlükəsizlik mühitinə təsir edən amillər kimi təqdim edir. Rusiya isə nüvə silahlarından dərhal və şərtsiz imtinanı alternativ təhlükəsizlik mexanizmləri yaradılmadan qəbul etmir və strateji sabitliyin qorunmasını əsas şərt kimi irəli sürür.
Çin prinsip etibarilə daha iddialı mövqe nümayiş etdirir: Pekin nüvə silahlarının tam qadağan olunmasını və məhv edilməsini dəstəklədiyini bildirir. Lakin Çin də tərksilahın mərhələli aparılmasını, strateji sabitliyin və bütün dövlətlərin təhlükəsizliyinin qorunmasını vacib sayır. Pekin xüsusilə ən böyük arsenallara malik dövlətlərin əvvəlcə daha böyük və yoxlanıla bilən ixtisarlara getməli olduğunu vurğulayır. Çin həmçinin nüvə silahından ilk istifadə etməmək siyasətinə sadiqliyini bildirir. Böyük Britaniyanın mövqeyində də eyni paradoks görünür. London nüvə silahlarından azad dünyaya mümkün qədər tez çatmağı uzunmüddətli məqsəd kimi bəyan edir. Lakin Britaniya hökuməti təhlükəsizlik mühiti dəyişməyənədək nüvə çəkindirmə imkanının saxlanılacağını bildirir. Fransa da oxşar mövqedədir. Paris nüvə tərksilahına tərəfdar olduğunu, lakin bunun mərhələli və praqmatik şəkildə həyata keçirilməli olduğunu bildirir. Hindistanın mövqeyində də universal və ayrı-seçkisiz nüvə tərksilahı ideyası ön plandadır.
Pakistan isə nüvə silahlarının mövcudluğunu Cənubi Asiyanın təhlükəsizlik mühiti ilə əlaqələndirir. İslamabad bildirir ki, qlobal tərksilah üçün əvvəlcə dövlətlərin təhlükəsizlik narahatlıqlarını aradan qaldıran mühit yaradılmalı, uzunmüddətli regional münaqişələr həll edilməlidir. Pakistanın rəsmi mövqeyində “bütün dövlətlər üçün bərabər və azalmayan təhlükəsizlik” prinsipi xüsusi yer tutur. Şimali Koreyanın mövqeyi isə daha sərtdir. Pxenyan 2026-cı ilin sentyabrında nüvə statusunun “geri dönməz” olduğunu bəyan edib və nüvə imkanlarının ölkənin təhlükəsizliyi üçün zəruri olduğunu bildirib. Bu yanaşma Şimali Koreyanın yaxın perspektivdə birtərəfli nüvə tərksilahına hazır olmadığını göstərən ən açıq nümunələrdəndir. Bu mövqelər bir daha onu deməyə əsas verir ki, hazırkı beynəlxalq təhlükəsizlik sistemi daxilində nüvə silahından imtina mümkün görünmür”.
Cavanşir Abbaslı
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ