Onlayn ictimai-siyasi qəzet
Azərbaycan milli komandası ötən gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb. Ayxan Abbasovun komandası 2-ci turda Lixtenşteynlə üz-üzə gəlib.
Görüş qolsuz heç-heçə ilə başa çatıb. Hazırda bütün futbol azarkeşləri 2 gündür ki, bu mövzunu müzakirə edir. Baş məşqçi isə nəticədən narazı qaldığını və vəziyyətin çətinləşdiyini bildirib:
"Qələbə qazanmaq istəyirdik. Təəssüf ki, buna nail ola bilmədik. Bilirəm ki, vəziyyətimizi daha da çətinləşdirdik. Çıxış yolumuz son iki oyunda qalib gəlməkdir. Qol epizodlarımız oldu, amma çox deyildi. İlk dəqiqədə çox real imkanımız var idi, istifadə edə bilmədik.
İstədiyimiz tempi də tam olaraq yarada bilmədik. Günahkar axtarmayacağıq. Futbolçulara da dedim ki, məsuliyyət mənim üzərimdədir. Son iki oyunda mübarizə aparıb qalib gəlmək istəyirik. Futbolçularımız çalışdılar. İndi əsas məqsədimiz Litva matçına köklənməkdir. Başqa deyiləsi söz yoxdur".
Yığmanın hücumçusu Mahir Əmrəli isə xalqdan üzr istəyib. Azərbaycan milli komandasının müdafiəçisi Elvin Bədəlov deyib ki, Mahir Emreli qol vura bilmirsə - ən usta futbolçumuz - onda da alınmırsa, deməli, qələbə qazana bilməyəcəyik: “Təbii ki, hər şeyi Mahirdən gözləmirik, başqa futbolçularımız da var. O da qol vura bilmirsə, nəsə demək çətindir”.
Azərbaycan millisinin futbolçusu Ayxan Hüseynov da danışıb: “Hamımız peşmanıq. Hamımız ancaq qələbəni fikirləşirdik. Yenə də çoxlu epizoda girdik, təəssüf ki, amma onları qola çevirə bilmədik. Bilmirəm, əslində niyə belə etdik”.
Amma AFFA heç bir münasibət bildirməyib.
TV Musavat-ın “Həftə içi” verilişində futbol gündəmini idman yazarı Natiq Muxtarlı ilə müzakirə edirik.
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ