Onlayn ictimai-siyasi qəzet
Cənubi Koreyada polis özünü İsa Məsihin reinkarnasiyası elan edərək insanları aldadan şəxsi saxlayıb.
Musavat.com xəbər verir ki, şübhəli qısa müddətdə dindar və inanclı insanları ətrafına toplayaraq milyonlarla dollar ianə toplamağa nail olub.
Məlumata görə, keçmiş yazı ustalığı müəllimi olan bu şəxs 2023-cü ildə YouTube platformasında psevdo-dini hərəkat yaradıb. O, özünü “bəşəriyyətin xilaskarı” kimi təqdim edib, yaxın zamanda qiyamətin qopacağını iddia edərək insanlarda qorxu yaradıb və bundan maddi qazanc üçün istifadə edib.
Araşdırma materiallarında bildirilir ki, dələduz tərəfdarlarını guya sığınacaq tikintisi adı altında pul köçürməyə razı salıb. Onun iddiasına görə, yalnız bu layihəyə maliyyə dəstəyi göstərənlər “xilas ola” bilərdi. 2024-cü ilin yanvarından etibarən təxminən 3,5 milyon dollar məbləğində vəsait toplandığı müəyyənləşdirilib.
İstintaq zamanı üzə çıxıb ki, şübhəli bəzi ardıcıllarını ipoteka krediti götürməyə, bank kartları ilə borclanmağa, hətta sığorta ödənişlərini vaxtından əvvəl almağa sövq edib. Toplanan pulların şəxsi məqsədlər üçün xərcləndiyi bildirilir.
Hazırda istintaq davam edir. Hüquq-mühafizə orqanları hadisəni dini pərdə altında qurulmuş iri maliyyə fırıldağı kimi qiymətləndirir.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ