Onlayn ictimai-siyasi qəzet
Moskva Ermənistana təzyiqləri artırdıqca Nikol Paşinyan və hökuməti Rusiyanın düşmən və ya rəqib hesab etdiyi tərəflərlə münasibətlərini yaxşılaşdırır. Bu sırada Ukrayna ilə əlaqələrin qurulmasında xüsusi qabarıq müşahidə olunur. Paşinyan yenidən baş nazir təyin olunmasından sonra Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb. Ermənistan parlamentinin spikeri Ruben Rubinyan Ukrayna Ali Radasının sədri Ruslan Stefançukla parlamentlərarası əlaqələrin genişləndirilməsini müzakirə edib. Xarici işlər naziri Ararat Mirzoyan isə ukraynalı həmkarı Andrey Sibiqa ilə əlaqə saxlayıb.
İrəvanın Rusiyanın müharibə apardığı qanlı düşməni hesab etdiyi dövlətlə təmasları bu qədər intensivləşdirməsi Kremlin ən həssas damarını basmaq kimi qiymətləndirilir.
Siyasi ekspertlər hesab edir ki, rəsmi İrəvan bu taktika ilə Rusiyanı təzyiq siyasətindən geri addım atmağa məcbur edəcəyini hesablayır. Kremlə “bizi sıxdıqca ən qatı düşməninlə müttəfiqliyə yönəltmiş olursan” mesajını verir. Bəs bu taktika, bu mesaj əks effekt verə-Ermənistana Moskvanın qəzəbini daha da artıra və Paşinyan hakimiyyətinə son qoymaq üçün həlledici həmləyə əl atıla bilərmi?
Siyasi şərhçi Əli Orucov Musavat.com-a bildirib ki, Paşinyanın Ukrayna ilə yaxınlaşması Rusiyanı çəkindirmək üçün hesablanmış taktiki addım ola bilər, amma bu taktika Moskvanın qəzəbini azaltmaqdan çox, əksinə, təzyiq alətlərini sərtləşdirmək riski də daşıyır:
“İrəvan Moskvaya mesaj verir ki, Rusiyanın qarşısında alternativlərimiz var və siz üzərimizə gəldikcə həmin alternativləri daha sürətlə işə salacağıq. Ukrayna bu strategiyada xüsusi əhəmiyyət daşıyır. Çünki Moskva üçün Ukrayna adi xarici tərəf deyil, hazırda Rusiya ilə müharibə aparan və Kremlin geosiyasi rəqib kimi qəbul etdiyi əsas dövlətdir. Buna görə İrəvan-Kiyev əlaqələrinin dərinləşməsi Moskva üçün adi Ermənistan-Qərb yaxınlaşmasından daha həssas vəziyyət yaradır. Moskva İrəvanın davranışı qarşısında geri çəkilməyəcək. Kremlin hələ istifadə edə biləcəyi alətləri var. Paşinyanın daxildə zəiflədilməsi, hökumətə qarşı siyasi qüvvələrin stimullaşdırılması, informasiya təzyiqinin artırılması və iqtisadi rıçaqlardan istifadə daha intensiv şəkil ala bilər”.
Əli Orucov qeyd edib ki, Ermənistan-Rusiya arasında münasibətlərin soyuqlaşmasına və ziddiyyətlərin dərinləşməsinə baxmayaq bu iki dövlət arasında qopma nöqtəsinə gəlməsi İrəvanın Moskvadan tamamilə uzaqlaşması anlamına gəlmir:
“Ermənistan Rusiyadan bütün mənalarda asılıdır. Xüsusən də strateji sahələr, o cümlədən enerji, dəmir yolu, kənd təsərrüfatı Rusiyadan asılıdır. İqtisadi və siyasi təzyiq vasitələri kifayət qədər təsir edicidir. Hər iki dövlətin bir sıra məsələlərdə maraqları üst üstə düşür. Onu da unutmayaq ki, Ermənistan və Ukrayna eyni KTMT adlı hərbi və iqtisadi birlik olan AİB-də təmsil olunurlar və müttəfiqdirlər.
Hazırda Moskvanın əsas məqsədi Paşinyanı dərhal devirməkdən çox, onun manevr imkanlarını daraltmaq və Ermənistanın Qərbə dönüşünün qarşısını almaqdır. Qarşıdakı mərhələdə Kremlin addımlarının kəskinləşməsi ehtimalı yüksəkdir”.
Etibar Seyidağa,
Musavat.com
16 Avqust 2026
15 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ