İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin ordu ilə bağlı müşavirəsinə bombalı cavab - Tkaçuka sui-qəsd...

Əgər Rusiya dövlət başçısının dünən elan etdiyi qərarları Rusiyanın hərbi-sənaye kompleksini daha səmərəli işləməyə yönəlibsə, bundan bir neçə saat sonra pilotsuz uçuş aparatları istehsal edən "Uraldronzavod" şirkətinin rəhbərinə sui-qəsd təsadüfə bənzəmir

Rusiya prezidenti Vladimir Putinin Müdafiə Nazirliyində həyata keçirdiyi son struktur və kadr dəyişiklikləri ilk baxışda adi rotasiya təsiri bağışlasa da, əslində bu qərarlar Kremlin müharibənin uzanacağı ssenarisinə uyğun yeni idarəetmə modelinə keçdiyini göstərir.

Musavat.com xəbər verir ki, bu nəticəyə Rusiya mediasında son 24 saat ərzində yazılan təhlillər də təsdiq edir. Ümuni nəticə budur ki, islahatların əsas məqsədi döyüş meydanında operativliyi artırmaq, silah istehsalı ilə cəbhənin ehtiyacları arasında əlaqəni gücləndirmək və ordunun təchizatındakı problemləri minimuma endirməkdir.

İndiyədək Rusiya ordusunda maddi-texniki təminat vahid sistem üzərindən həyata keçirilirdi. Yeni qərarla bu sistem iki hissəyə ayrılır. Texniki təminat strukturu yalnız silahların hazırlanması, istehsalı və qoşunlara çatdırılması ilə məşğul olacaq, arxa cəbhə təminatı isə geyim, ərzaq, yanacaq və logistikanı idarə edəcək.

Bu yanaşma Kremlin cəbhədə yaranan əsas problemlərdən birini aradan qaldırmağa hesablanıb. Müharibə göstərdi ki, müdafiə sənayesi ilə ön xətt arasında informasiya mübadiləsi həmişə effektiv olmayıb. Yeni modeldə isə qoşunların ehtiyaclarının birbaşa silah istehsalına təsir etməsi nəzərdə tutulur. Başqa sözlə, Rusiya hərbi-sənaye kompleksi ordunun real ehtiyac duyduğu silahları istehsal etməyə yönəldilir.

Picture background

Kadr dəyişiklikləri də məhz bu məqsədə xidmət edir. Texniki təminata müdafiə nazirinin müavini Aleksandr Sançik rəhbərlik edəcək, yeni silahların hazırlanmasına Aleksey Krivoruçko nəzarət edəcək. Arxa cəbhə təminatına isə indiyədək "Mərkəz" qoşun qruplaşmasına komandanlıq etmiş Valeri Solodçuk gətirilib. Eyni zamanda "Mərkəz" və "Vostok" qruplaşmalarında komandanlar dəyişdirilib, pilotsuz sistemlər qoşunlarının idarəsinə isə Denis Lyamin təyin olunub.

Dəyişikliklər arasında ən diqqətçəkən məqamlardan biri pilotsuz uçuş aparatları üzrə ayrıca idarənin gücləndirilməsidir. Bu, Rusiyanın Ukrayna müharibəsində dronların həlledici rolunu qəbul etdiyini göstərir. Yeni rəhbərliyin vəzifəsi yalnız zərbə PUA-larının tətbiqi deyil, həm də düşmən dronlarına qarşı mübarizə və bu sahədə qoşunların hazırlanması olacaq. İslahatların digər məqsədi təchizat sahəsində korrupsiya risklərini azaltmaqdır. Son aylarda keyfiyyətsiz ərzaq məhsullarının orduya göndərilməsi ilə bağlı cinayət işləri Kremlin logistika sistemində ciddi problemlərin mövcudluğunu üzə çıxarmışdı. Mərkəzləşdirilmiş idarəetmənin bu kimi halların qarşısını almağa hesablandığı bildirilir.

Mövcud qərarlar yaxın günlərdə döyüş xəttində radikal dönüş yaratmayacaq. Lakin orta və uzunmüddətli perspektivdə ordunun təchizatının sürətlənməsi, silah istehsalının cəbhənin tələblərinə uyğunlaşdırılması və pilotsuz sistemlərin daha koordinasiyalı istifadəsi Rusiyanın döyüş imkanlarını artıra bilər.


Eyni zamanda Putinin verdiyi qərarlar Kremlin yaxın zamanda hərbi əməliyyatların intensivliyini azaltmaq niyyətində olmadığını göstərən siqnallardan biri kimi qiymətləndirilə bilər. Rusiya rəhbərliyi mövcud mərhələdə danışıqlardan daha çox ordunun idarəetməsini və resurs təminatını gücləndirməyə üstünlük verir. Beləliklə, son dəyişikliklər şəxslərin yerinin dəyişdirilməsindən daha çox, Rusiyanın uzunmüddətli müharibə modelinə uyğun yeni hərbi idarəetmə sisteminin formalaşdırılması cəhdi kimi qiymətləndirilə bilər. Bu isə Kremlin qarşıdakı dövrdə əsas diqqəti cəbhənin dayanıqlılığına, logistikanın səmərəliliyinə və müasir texnologiyaların tətbiqinə yönəltdiyini göstərir.

Picture background

(FOTO: DANIŞAN ADAM HƏMİN TKAÇUKDUR)   

Maraqlıdır ki, bu müşavirədən bir neçə saat sonra Rusiyada pilotsuz uçuş aparatları istehsal edən "Uraldronzavod" şirkətinin rəhbəri Vladimir Tkaçuka qarşı sui-qəsd həyata keçirilib. Yekaterinburq yaxınlığında onun avtomobilinin altına yerləşdirilən partlayıcı qurğunun işə salınması nəticəsində mühafizəçisi həlak olub, Tkaçuk isə ağır yaralanaraq reanimasiyaya yerləşdirilib. Tkaçuk Rusiyada FPV tipli "Upır" kamikadze dronlarının əsas istehsalçılarından biri kimi tanınırdı.

Bu dronlar Ukrayna cəbhəsində Rusiya ordusu tərəfindən geniş istifadə olunur. O, həmçinin müharibəni dəstəkləyən iri Telegram kanalının yaradıcısı idi və Qərbin sanksiya siyahısına daxil edilmişdi. Belə bir vaxtda Rusiyanın aparıcı dron istehsalçılarından birinin rəhbərinə hücum təsadüfi hadisə kimi görünmür. Əgər Putinin qərarları Rusiyanın hərbi-sənaye kompleksini daha səmərəli işləməyə yönəlibsə, Tkaçuka qarşı sui-qəsd həmin kompleksin ən həssas nöqtələrinin də hədəfə çevrildiyini göstərir. Ukrayna müharibəsində pilotsuz uçuş aparatlarının rolu artdıqca, onları istehsal edən müəssisələr və bu müəssisələrin rəhbərləri də faktiki olaraq cəbhənin bir hissəsinə çevrilirlər...

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR