İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin tələblərindən ibarət “Tramp planı”-dünya şokda

ABŞ prezidenti Donald Trampın Ukrayna müharibəsinin dayandırılması məqsədilə hazırlanmış 28 bəndlik sülh planı dünyanı şoka salıb. Sanki Kremlin sahibi Vladimir Putin tərəfindən hazırlanan sənədə bənzəyir. Rusiya rəhbərinin 2022-ci il 22 fevraldakı çıxışında irəli sürdüyü tələblərin əsasları bəndlər sırasında yer almaqdadır.

Məsələn, Ukraynanın Donbas regionunun Rusiyaya təhvil verilməsi, Ukrayna ordusunun sayının təxminən 50% azaldılması, ABŞ-nin Kiyevə hərbi yardımına məhdudiyyətlər, Ukrayna ordusunun istifadə edə biləcəyi silah növlərinin məhdudlaşdırılması və.s kimi tələbləri Putin savaşın başlamasına 2 gün qalmış səsləndirmişdi.

Nə baş verir? Ukrayna üçün faktiki kapitulyasiya sənədinə bənzəyən bu bəndləri Kiyev qəbul edəcəkmi?
Siyasi analitik Asif Nərimanlı Musavat.com-a açıqlamasında istənilən halda Ukraynanın dirəniş göstərəcəyini qeyd etdi: “Ukraynada müharibənin başa çatması üçün Tramp Administrasiyasının əvvəldən Rusiyanın maraqlarını nəzərə alan plana isti baxdığı məlum idi. Bu baxımdan, mediada yayılan məlumatlar dəqiq detallar olmasa da, böyük ehtimalla masadakı plan bundan ibarətdir. Məlumatlara inansaq, planda Rusiyanın maksimalist tələbələri nəzərə alınır, halbuki, Tramp əvvəl bunu qəbul etmirdi və ortaq mövqe tapmağa çalışırdı.

Görünür, ABŞ və Rusiya arasında başqa məsələlərlə bağlı razılaşmalar əldə olunub. Son proseslərə baxsaq, bunun Mərkəzi Asiya ilə bağlı olduğunu deyə bilərik. ABŞ Çinlə mübarizədə Mərkəzi Asiya coğrafiyasını istifadə etmə niyyətindədir, Rusiya da bu məsələyə loyal yanaşa bilər. Bunun qarşılığında Ukraynada Moskvanın maksimalist tələbləri qəbul olunur. Bu sülh planı Ukrayna üçün ciddi itkilər deməkdir, həm ərazi, həm də siyasi baxımdan. Fikrimcə, rəsmi Kiyev müqavimət göstərməyə çalışacaq, lakin mövcud şərtlərdə bu daha çətin görünür. Çünki müharibə meydanında Ukraynanın vəziyyəti qənaətbəxş deyil, Rusiya ordusu yeni ərazilərin işğalını sürətləndirib. Digər tərəfdən, Avropadan verilən dəstək də uzunmüddətli müqavimət üçün yetərli deyil. Ukrayna hakimiyyəti bu planın müzakirə edildiyi masada əyləşəcək, lakin şərtləri dəyişmək üçün diplomatik mübarizəsini də davam etdirəcək”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2026

26 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR