Onlayn ictimai-siyasi qəzet
Qazaxıstanın Rusiya şirkəti ilə ortaq layihədən çəkilməsi Şahdəniz"də 19,99 faizlik payın taleyini də gündəmə gətirib
Rusiyanın “LUKoyl” şirkətinin Qazaxıstanın Xəzər sektorundakı “Əl-Fərabi” layihəsində fəaliyyətinin sanksiyalar səbəbindən dayandırılması Azərbaycanda da diqqət çəkən sual yaradıb: eyni problem Bakının “LUKoyl”la əməkdaşlıq etdiyi layihələrə də keçə bilərmi?
Məsələ ondadır ki, “LUKoyl” Azərbaycan üçün strateji əhəmiyyət daşıyan “Şahdəniz” qaz yatağının tərəfdaşıdır və burada 19,99 faiz paya malikdir. “Şahdəniz” isə Azərbaycanın Avropaya qaz ixracının əsas mənbələrindən biridir.
Qazaxıstanda baş verənlər göstərir ki, “LUKoyl”a tətbiq edilən sanksiyalar artıq onun xarici layihələrinə real təsir göstərməyə başlayıb. “Əl-Fərabi”də kəşfiyyat işlərinin dayanması bunun konkret nümunəsidir.
Azərbaycan üçün risk də məhz burada yaranır. Əgər sanksiya təzyiqi daha da genişlənsə və “LUKoyl”un xarici aktivləri ilə bağlı məhdudiyyətlər sərtləşsə, şirkətin “Şahdəniz”dəki 19,99 faizlik payının gələcəyi də gündəmə gələ bilər.
Daha bir mühüm məqam isə odur ki, “LUKoyl”un Azərbaycandakı iştirakı yalnız “Şahdəniz”lə bağlı deyil. Şirkət yataqdan hasil olunan qazın nəqlində mühüm rol oynayan Cənubi Qafqaz Boru Kəmərində də pay sahibidir. Beləliklə, nəzəri olaraq söhbət yalnız hasilatdan deyil, qazın nəql zəncirindəki iştirakdan da gedir.
Azərbaycanın vəziyyəti Qazaxıstandan fərqlidir. “Şahdəniz” artıq kəşfiyyat mərhələsində deyil, uzun illərdir hasilat həyata keçirən və Avropaya qaz nəql edən nəhəng layihədir. Buna görə burada mümkün dəyişikliklər daha mürəkkəb və daha böyük nəticələr doğura bilər.
Ən vacib məsələ isə “LUKoyl”un payının gələcəyidir. Əgər şirkət sanksiyalar səbəbindən xarici aktivlərini satmağa məcbur olarsa, ortaya yeni sual çıxacaq: “Şahdəniz”dəki 19,99 faizlik payı kim alacaq?
Azər Badamov
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsimin sədr müavini Azər Badamov “Yeni Musavat”a söylədi ki, “LUKoyl”a qarşı Qərbin tətbiq etdiyi sanksiyaların şirkətin xarici layihələrinə təsiri artıq özünü göstərir: “Bu baxımdan Qazaxıstanın Xəzər sektorunda "Əl-Fərabi" layihəsində yaranmış vəziyyət Azərbaycanda da haqlı olaraq sual doğurur: bu sanksiyalar Azərbaycanın “LUKoyl”la əməkdaşlıq etdiyi enerji layihələrinə də təsir göstərə bilərmi?
Azərbaycan üçün məsələ xüsusilə “Şahdəniz” layihəsi baxımından əhəmiyyətlidir. “LUKoyl” burada 19,99 faiz paya malikdir. Şirkətin Cənubi Qafqaz Boru Kəmərində də iştirakı var. Deməli, söhbət həm qaz hasilatından, həm də qazın nəql zəncirindən gedir. Lakin burada bir məqamı dəqiq ayırmaq lazımdır: “LUKoyl”a qarşı sanksiyaların tətbiqi avtomatik olaraq “Şahdəniz”in və ya Cənubi Qafqaz Boru Kəmərinin fəaliyyətinin dayanması demək deyil. Hazırda Böyük Britaniyanın sanksiya rejimində “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri xüsusi istisna olunan layihələr sırasındadır. Bu istisnalar həmin strateji layihələrin fəaliyyətinin davam etdirilməsinə imkan verir. Bununla belə, risk məsələsi gündəmdə qalır. Çünki “LUKoyl”un beynəlxalq aktivlərinin gələcəyi ilə bağlı satış və yenidən strukturlaşdırma məsələləri müzakirə olunur. Əgər gələcəkdə sanksiya rejimi genişləndirilərsə və “LUKoyl”un Azərbaycandakı payları ilə bağlı məhdudiyyət yaranarsa, təbii ki, həmin payların başqa investorlara ötürülməsi məsələsi də gündəmə gələ bilər. Azərbaycan üçün əsas məsələ isə “LUKoyl”un iştirakının olub-olmamasından daha çox, “Şahdəniz”də hasilatın və Cənub Qaz Dəhlizi vasitəsilə qaz ixracının fasiləsizliyinin təmin edilməsidir. Ona görə də Qazaxıstandakı hadisəyə bir xəbərdarlıq siqnalı kimi baxmaq olar. Azərbaycan mümkün sanksiya ssenarilərinə hazır olmalı, lakin hazırkı mərhələdə “Şahdəniz”in fəaliyyətinin dayanacağı barədə nəticə çıxarmaq düzgün deyil. Əsas hədəf Azərbaycanın strateji enerji layihələrinin və Avropaya qaz ixracının hər hansı geosiyasi sanksiya prosesindən qorunmasıdır".

Sona Əliyeva
Siyasi təhlilçi Sona Əliyeva bir qədər fərqli düşünür: “Məncə, bu iki layihəni eyni müstəvidə qiymətləndirmək düzgün deyil. "Əl-Fərabi" hələ kəşfiyyat mərhələsində olan layihədir. “Şahdəniz” isə artıq illərdir hasilat həyata keçirən, Azərbaycan qazının Avropaya çıxışında mühüm rol oynayan və böyük beynəlxalq enerji sisteminin bir hissəsinə çevrilmiş layihədir. Ona görə də burada riskin xarakteri tamam başqadır.
Əvvəla, “Şahdəniz”in operatoru “LUKoyl” deyil, BP-dir. “LUKoyl”un layihədə 19,99 faiz payı var. Digər tərəfdən, Qərbin tətbiq etdiyi sanksiya mexanizmlərində “Şahdəniz”ə xüsusi yanaşmanın olduğunu da görürük. Britaniya bu layihəni sanksiyalardan müəyyən müddətə kənarda saxlayıb. ABŞ tərəfi isə BP-nin “Şahdəniz”də fəaliyyətini davam etdirməsinə imkan verən lisenziyanı uzadıb. Bunun arxasında çox sadə səbəb var. Söhbət Avropanın enerji təhlükəsizliyindən gedir. Ona görə mən hazırda əsas təhlükəni “Şahdəniz”də hasilatın dayanması kimi görmürəm. Əsas məsələ “LUKoyl”un buradakı payının taleyidir. Çünki “LUKoyl”un xarici aktivlərini satmaq prosesi artıq gündəmdədir. Şirkət xarici aktivlərini idarə edən “LUKoyl International”ın satışı ilə bağlı “Carlyle” ilə razılaşma əldə etdiyini açıqlayıb. Prosesin yekunlaşması isə müxtəlif tənzimləyici və sanksiya icazələrindən asılıdır. Əgər bu proses “Şahdəniz”dəki paya da təsir etsə, o zaman Azərbaycanın düşündürən məsələ həmin 19,99 faiz payın kimə satılması və ya keçməsi ilə bağlı olacaq. Bu, sıradan kommersiya məsələsi deyil. Çünki “Şahdəniz” Azərbaycanın enerji təhlükəsizliyi, Avropaya qaz ixracı və Cənub Qaz Dəhlizi ilə birbaşa bağlıdır. Burada yeni tərəfdaşın kimliyi həm iqtisadi, həm də geosiyasi baxımdan əhəmiyyət daşıyacaq. Əlbəttə, Azərbaycan üçün belə bir vəziyyət müəyyən imkanlar da yarada bilər. Amma indidən “bu pay mütləq SOCAR-a keçəcək” və ya konkret başqa şirkətin alacağını söyləyə bilmərik. Belə satışın arxasında həm konsorsiumun hüquqi prosedurları, həm sanksiya rejimi, həm də potensial alıcının siyasi və maliyyə imkanları dayanır.
Məncə, Qazaxıstanda baş verənlər təbii olaraq bizi də narahat edir. Çünki buralarda məsələ “LUKoyl”un bir layihədən çıxıb-çıxmamasından asılı olaraq, daha böyük prosesin olmasıdır. Qərbin Rusiyanın enerji sektoruna tətbiq etdiyi sanksiyalar artıq Rusiya şirkətlərinin xaricdəki aktivlərinin gələcək taleyinə də təsir göstərir. Azərbaycan üçün əsas olan “Şahdəniz”in fəaliyyətini qorumaqla yanaşı, mümkün yeni səhmdarlıq mərhələsini öz milli və uzunmüddətli enerji maraqları baxımından düzgün idarə etməkdir".
Cavanşir ABBASLI,
"Yeni Müsavat"
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ