İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qırğızıstanla ticarət 13 dəfə artıb, amma..." – İqtisadçıdan diqqətçəkən AÇIQLAMALAR

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri Azərbaycan–Qırğızıstan münasibətlərinin strateji inkişafında növbəti mühüm mərhələ kimi qiymətləndirilir. Son illər iki qardaş ölkə arasında siyasi dialoqla yanaşı, iqtisadi əməkdaşlıq da nəzərəçarpacaq dərəcədə genişlənib. Bunu ticarət dövriyyəsində qeydə alınan rekord artım da aydın şəkildə göstərir. Belə ki, 2025-ci ildə Azərbaycan ilə Qırğızıstan arasında ticarət dövriyyəsi 94 faiz artaraq 40 milyon dollardan 77,2 milyon dollara yüksəlib. Son beş ildə isə bu göstərici 13 dəfədən çox artaraq regionda ən yüksək artım tempini nümayiş etdirib. Bu dinamika iki ölkə arasında formalaşan etibarlı tərəfdaşlığın və mövcud iqtisadi potensialın getdikcə daha səmərəli reallaşdırıldığının göstəricisidir. Əməkdaşlıq artıq təkcə ticarətlə məhdudlaşmır. Qarşılıqlı investisiyalar, nəqliyyat-logistika, sənaye, kənd təsərrüfatı, enerji və digər sahələrdə həyata keçirilən layihələr iqtisadi əlaqələri yeni mərhələyə daşıyır. Eyni zamanda Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın sürətlənməsi, Orta Dəhlizin strateji əhəmiyyətinin artması və üzv ölkələr arasında iqtisadi əməkdaşlığın genişlənməsi Azərbaycan ilə Qırğızıstan arasında tərəfdaşlığın perspektivlərini daha da gücləndirir.

kra1JFKow45sRj0vBYENi6mD5rL5IPUcpCfWBbds_1200.jpg (228 KB)

Bəs iqtisadçılar bu səfərin iqtisadi baxımdan əsas nəticələrini necə qiymətləndirir? İki ölkə arasında mövcud iqtisadi potensialdan tam istifadə olunurmu? Ən böyük inkişaf imkanları hansı sahələrdədir? Azərbaycan biznesinin Qırğızıstanda, eləcə də Qırğızıstan şirkətlərinin Azərbaycanda fəaliyyətini genişləndirmək üçün hansı addımlar atılmalıdır? Aqrar sektor, sənaye, enerji və turizm sahələrində birgə layihələrin həyata keçirilməsi nə dərəcədə real görünür?

Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov Musavat.com-a danışıb.

WhatsApp Image 2026-07-31 at 11.16.48.jpeg (73 KB)

İqtisadçı qeyd edib ki, Azərbaycan Prezidentinin Qırğızıstana səfəri birmənalı olaraq iki ölkə arasında birbaşa institusional səviyyəli, yəni bütün münasibətlərin institusional əsaslarının qoyulması baxımından önəmlidir:

"Həmçinin, ticarət dövriyyəsinin sürətlə artması kifayət qədər diqqət cəlb edir. Amma gəlin baxaq görək burada hansı rəqəmlərdən söhbət gedir. Yəni 40 milyon dollarlıq ticarət dövriyyəsi, 77 milyon dollarlıq ticarət dövriyyəsi – bu rəqəmlər ümumi ticarət dövriyyəsi 56-57 milyard dollar ətrafında olan bir ölkə üçün hələ də kiçik göstəricilərdir. Baxmayaraq ki, dəfələrlə artım baş verib, təkcə bir il ərzində artım tempi təxminən 100 faizə çatıb. Buna baxmayaraq, ümumi həcm hələ də böyük deyil. Məhz bu rəqəmlərin nisbətən kiçik olması onu göstərir ki, qarşıdakı illərdə ticarət dövriyyəsinin davamlı şəkildə artması üçün kifayət qədər geniş potensial və əlverişli imkanlar mövcuddur".

İqtisadçı vurğulayıb ki, münasibətləri yalnız ticarət dövriyyəsi prizmasından qiymətləndirmək düzgün olmaz. Onun fikrincə, əsas hədəf birgə investisiya layihələrinin reallaşdırılması, qarşılıqlı investisiya fondlarının fəaliyyətinin genişləndirilməsi və Orta Dəhliz çərçivəsində iqtisadi əməkdaşlığın yeni mərhələyə yüksəldilməsidir:

"Burada digər bir məsələ var. Əsas məsələni yalnız ticarət dövriyyəsinin artması kimi qiymətləndirməməliyik. Birgə investisiya layihələrinin həyata keçirilməsi, ölkələr arasında müxtəlif iqtisadi fəaliyyət sahələri üzrə fondun fəaliyyətinin genişləndirilməsi, Orta Dəhliz kontekstində iki ölkə arasındakı əməkdaşlıq formatının daha da inkişaf etdirilməsi kimi istiqamətlər də xüsusi əhəmiyyət daşıyır. Bütün bunları nəzərə aldıqda hesab edirəm ki, cənab Prezidentin bu səfəri hər iki ölkə arasında strateji iqtisadi inteqrasiyanın daha da dərinləşdirilməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edən bir səfər idi".

Eldəniz Əmirov hesab edir ki, Azərbaycan və Qırğızıstan arasında mövcud potensialdan hələ ki, yalnız kiçik bir hissəsi istifadə olunur. Onun sözlərinə görə, Qırğızıstan zəngin hidroenerji ehtiyatlarına, qızıl və nadir metal yataqlarına, geniş su resurslarına və güclü kənd təsərrüfatı potensialına malik ölkədir. Dağlıq relyef isə külək və günəş enerjisinin inkişafı üçün də əlverişli imkanlar yaradır:

"Qırğızıstan ərazisinə görə Azərbaycandan iki dəfədən də böyük bir ölkədir. Mərkəzi Asiyanın dağlıq dövlətlərindən biridir. Kifayət qədər zəngin su ehtiyatlarına malikdir. Hidroenerji potensialı regionun ən yüksək göstəricilərindən biridir. Qızıl ehtiyatları, nadir metallar və digər təbii resurslarla zəngindir. Kənd təsərrüfatı məhsulları baxımından da ciddi imkanlara malikdir. Bu isə o deməkdir ki, ölkənin elektrik enerjisi istehsalı potensialı çox yüksəkdir. Hidroenerji layihələrinin həyata keçirilməsi üçün mühüm ehtiyatlar mövcuddur. Dağlıq relyefi isə külək və günəş enerjisinin inkişafı üçün də əlverişli şərait yaradır. Mərkəzi Asiyada yerləşməsi, Orta Dəhlizin üzərində mühüm mövqeyə malik olması Azərbaycanın logistika, sənaye və investisiya imkanları ilə Qırğızıstanın zəngin təbii resurslarını birləşdirən mühüm amil kimi çıxış edə bilər. Yəni potensial həqiqətən də çox böyükdür. Ümumiyyətlə, Orta Asiya respublikalarının hər biri ilə əməkdaşlıq potensialı yüksəkdir və bu baxımdan Qırğızıstan xüsusi yer tutur".

İqtisadçı bildirib ki, qarşılıqlı biznes subyektlərinin fəaliyyətinin genişləndirilməsi üçün ilk növbədə institusional və maliyyə dəstəyi mexanizmlərinin gücləndirilməsi vacibdir.

"Hesab edirəm ki, Azərbaycan–Qırğızıstan İnkişaf Fondu bilavasitə özəl sektorun layihələrinin maliyyələşdirilməsinə yönəlməli, yeni layihə təşəbbüslərinin meydana çıxmasına şərait yaratmalı, ortaq müəssisələrin yaradılması istiqamətində təşviq mexanizmlərini daha da sürətləndirməlidir. Yəqin ki, qarşıdakı dövrdə də biznes forumları keçiriləcək, B2B görüşləri təşkil olunacaq, investisiya fəaliyyəti ilə bağlı mühüm addımlar atılacaq. Bu proses sistemli şəkildə həyata keçirilərsə, istər-istəməz logistika xərclərinin azalmasına, rəqəmsal gömrük prosedurlarının daha da sadələşdirilməsinə, avtomatlaşdırılmış mexanizmlərin tətbiqinin genişlənməsinə və digər istiqamətlərdə əməkdaşlığın inkişafına mühüm töhfə verəcək. Məsələn, Azərbaycan şirkətləri Qırğızıstan vasitəsilə Avrasiya İqtisadi İttifaqının bazarına daha rahat çıxış əldə edə bilərlər. Çünki Qırğızıstan həmin ittifaqın üzvüdür. Eyni zamanda Qırğızıstan şirkətləri də Azərbaycan vasitəsilə, qeyd etdiyim kimi, Orta Dəhliz üzərindən Avropa bazarına çıxış əldə edə, həmçinin Cənubi Qafqaz bazarına daha rahat inteqrasiya oluna bilərlər".

Eldəniz Əmirov vurğulayıb ki, birgə layihələrin həyata keçirilməsi üçün ən perspektivli istiqamətlər enerji və aqrar sektorlardır:

"Qırğızıstanın mövcud potensialını və bugünkü iqtisadi vəziyyətini təhlil etdikdə görürük ki, məhz aqrar və enerji sektorları digər sahələrlə müqayisədə birgə layihələrin həyata keçirilməsi baxımından daha böyük perspektiv vəd edir. Çünki Qırğızıstanın zəngin hidroenerji potensialı, eyni zamanda kənd təsərrüfatı resurslarının mövcudluğu bu imkanları daha da genişləndirir. Təbii ki, bundan sonra sənaye və turizm sahələrini də qeyd etmək olar. Lakin hesab edirəm ki, prioritet istiqamətlər ilk növbədə enerji və aqrar sektordur".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR