İnsanlara hürriyət, millətlərə istiqlal!

Qonşuda 47 il sonra İNQİLAB ovqatı: SEPAH-ın Pezeşkiana TƏLƏSİ, yoxsa…

İranda davam edən etirazların dördüncü günündə ölkənin müxtəlif bölgələrindən, o cümlədən, Həmədandan, Fəsa şəhərlərindən insanların aksiyalara qoşulduğu xəbərləri gəlməkdədir.

Musavat.com yazır ki, hadisələrin gərgin vaxtında Luristan əyalətinin Kohdəşt şəhərində isə Bəsic qərargahına hücum olub.

Nəticədə Bəsic dəstəsinin iki üzvü həlak olub. Onlarla Bəsic döyüşçüsü və polis əməkdaşı müxtəlif dərəcəli xəsarət alıb.

Günün sonuna qədər isə Xorrəmabad və Babol kimi şəhərlərdə də insanlar etirazlara qoşulublar. Əsədabad və Həmədandan verilən xəbərlərə görə, etirazçılarla polis arasında toqquşmalar qeydə alınıb. Erməni tarixçi Vahe Lorents deyib ki, İranda inqilab baş verəcək. Onun sözlərinə görə, təcrid olunmuş İran ABŞ-İsrail təzyiqinə uzun müddət müqavimət göstərə bilməz:
“Qərb nə etdiyini bilir: Ukraynanı gücləndirir, bununla da Rusiyaya təzyiqlər artır, Moskva Kiyevdəki xəyali uğur müqabilində tarixi əhəmiyyətli təsir dairələrindən imtina edir”.

Tarixçi publisist bildirib ki, məhz bu səbəblərdən Ermənistan İkinci Qarabağ müharibəsində məğlub oldu: “Yəni Rusiya bizi türklərə qurban verdi. Növbə İranındır…”
İran prezidenti Məsud Pezeşkian ölkəsində baş verən son etirazlara münasibət bildirərkən deyib ki, ölkənin problemləri bizim məsuliyyətimizdir. İran prezidenti bildirib ki, əgər insanlar narazıdırsa, günahkar Amerika və ya başqası deyil.

İran seçki Məsud Pezeşkian

 

Yeri gəlmişkən, ABŞ Dövlət Departamenti farsdilli rəsmi X (Twitter) hesabında İran xalqını Yeni il münasibətilə təbrik edərək, İranda mövcud siyasi-iqtisadi vəziyyətə dair açıq və tənqidi mövqe nümayiş etdirib.

Bəyanatda 2026-cı ilin İran üçün “ümid, rifah, ədalət və hamı üçün insan ləyaqəti ilə dolu bir il” olması arzulanıb. Bəyanatda açıq şəkildə bildirilib ki, bu böhranların dərinləşməsinin əsas səbəblərindən biri İslam Respublikası rejiminin davam edən repressiyaları və zəif idarəçilik modelidir. ABŞ Dövlət Departamenti vurğulayıb ki, mövcud siyasət xalqın sosial və iqtisadi əzablarını daha da artırır və bu vəziyyət davamlı ola bilməz. “İran xalqı daha ədalətli, sabit və ləyaqətli bir gələcəyə layiqdir. Böhran və zülm dövrü bitməlidir”, – deyə bəyanatda qeyd olunub.

Professor Qabil Hüseynli Musavat.com-a bildirib ki, İranda davam edən etirazlar sosial mahiyyət daşıyır və siyasi yükü azdır. Bununla yanaşı, Q.Hüseynli hadisələrin həm də rejimə nifrətdən qaynaqlandığını müşahidə edir.

Onun fikrincə, prosesdə SEPAH-ın əlinin olması da hiss olunur: “Çünki Pezeşkianın fəaliyyəti mühafizəkar qanadı qane etmir. Onlar azərbaycanlı prezidentin istefasına nail olmaq və yerinə sağ qanadın adamını gətirmək istəyirlər. Ona görə də bu hadisələrdə iki xətt görünür: həm sosial vəziyyət haqlı olaraq əhalini ayağa qaldırıb, həm də aksiyaları SEPAH körükləyir”.
Professor hesab edir ki, İranda inqilab olacağını söyləmək tezdir, bundan əvvəl Məhsa Əminin ölümünə etirazlar daha böyük miqyas almışdı, nəticədə yüzlərlə vətəndaşın qətli bahasına olaylar yatırıldı. O baxımdan, bu aksiyaların güc yolu ilə yatırılacağı gözlənilir. İranda rejim zəifləsə də, kənar müdaxilələr olanda xalq buna qoşulmur. Bunu da nəzərə almaq lazımdır. Odur ki, ABŞ və İsraildən aksiyalara dəstək bəyanatları bumeranq effekti doğurur. Eyni zamanda, hadisələr o həddə çatmayıb ki, rejim demontaj etsin. Sadəcə, Pezeşkiana qarşı sui-istifadə görünməkdədir”.

Emil Salamoğlu
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR