Onlayn ictimai-siyasi qəzet
Sabah - 2 sentyabr 1991-ci ildə Azərbaycanın Qarabağ bölgəsindəki erməni separatçıları tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikası”nın (“artsax”) yaradıldığı elan olunub. Musavat.com xatırladır ki, qanunsuz “referendum” nəticəsində Azərbaycanın ərazisində qondarma qurumun müstəqilliyi elan edilib.
2023-cü ilin 19-20 sentyabr tarixlərində isə bir sutkalıq antiterror əməliyyatı ilə mifik rejimin tabutuna sonuncu mismar vurulub və Azərbaycan suverenliyini bərpa edib. Lakin bundan sonra bölgəni tərk etmiş separatçı ünsürlər hər 2 sentyabrda İrəvanda toplaşaraq qondarma tarixlərini qeyd edirlər.
Sabah da onların yığıncağı gözlənilir. Hərçənd onları yerləşdiyi binadan çıxarmağa hazırlıq gedir və məhkəmə iddiası qaldırılıb. Hökumət başçısı Paşinyan da bəyan edib ki, “Qarabağ hərəkatı”na imkan verilməyəcək. Eyni zamanda, reallıqlar çox dəyişib. Bölgədə dayanıqlı sülh üçün böyük fürsət yaranıb. Yəni separatizmin son ocağı Ermənistanın paytaxtı olsa da, onların fəaliyyəti məhdud çərçivədədir. Baxmayaraq ki, separatçı dəstələr siyasi fəallıq göstərir, Bakıda həbsdə olan liderlərinin müdafiəsini təşkil edir, beynəlxalq səviyyədə kampaniya aparmağa çalışırlar.
Bununla belə, artıq “artsax” adı tarixin zibilliyinə gedib və ermənilərin Qarabağa qayıdışı da real deyil. Hərgah buna çox ümid edirlər və hazırkı vəziyyətə müvvəqqəti dövr kimi baxırlar.
Fəqət erməni separatizmi bu xalqın özünə də lazım deyil. İndi neft məhsullarımız Ermənistana gedir, gələcəkdə elektrik enerjisi verilməsi, ticarətin bərpası nəzərdə tutulub. Bu imkanların olduğu halda, 20-30 min erməni üçün hansı “artsax respublikası”ndan söhbət gedə bilər?!

Siyasi ekspert Ramiyə Məmmədovanın Musavat.com-a bildirdiyinə görə, separatçıların gücü azalıb, lakin “artsax” ideyasını zəhər kimi beyinlərdə saxlamağa davam edirlər. Onun fikrincə, sabah İrəvanda böyük mitinq gözləmir, amma aksiya keçirilə bilər: “Nəzərə alaq ki, ölkədə gərginlik var. Köçəryanın həbsi, müxaliflərin saxlanması, Qarabağdan gedənlərin narazılığı çürük “artsax” ideyası ətrafında birləşməyə səbəb ola bilər. Amma qələbəlik gözləmirəm. Paşinyanın apardığı təbliğat, regionda gedən proseslər separatçılara ciddi təsir göstərib. Erməni cəmiyyəti də Qarabağdan gedənlərə qoşulmaq istəmir”.
Ekspert əlavə edib ki, Ermənistan erməniləri Qarabağdan gedənlərə heç də xoş üz göstərmir: “Onları baş verən bəlaların baiskarı kimi görürlər. Çünki Qarabağda həlak olan erməni hərbçilərin ailələri, ümumiyyətlə, hazırkı cəmiyyət günahı həm də keçmiş “Qarabağ klanı”nda görür. Bununla yanaşı, Qarabağın işğaldan azad olunmasında Paşinyan hakimiyyətini ittiham edənlər də az deyil və onlar revanş hisslərini qoruyub saxlayıblar. Və düşünürlər ki, “artsax” kimi uydurma ideya arxasınca yenə getmək olar. Hər halda, sabah toplaşan adamların sayına baxanda bəlli olacaq ki, separatizmin dəstəyi nə qədərdir…”
Emil Salamoğlu
Musavat.com
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ