Onlayn ictimai-siyasi qəzet
ABŞ vitse-prezidenti Cey Di Vens 2028-ci il prezident seçkiləri ərəfəsində Respublikaçılar Partiyasının İsrail tərəfdarı qanadı ilə münasibətlərini yaxşılaşdırmağa çalışır.
Musavat.com xəbər verir ki, Vensin Respublikaçı Yəhudi Koalisiyasının (RJC) rəhbərlik sammitində qapalı çıxışının bu baxımdan maraqlı qarşılanıb.
Sayt Vensi hazırda 2028-ci ildə Respublikaçılar Partiyasından prezidentliyə namizədlik uğrunda mübarizənin favoriti kimi təqdim edir. Lakin onun İsrail tərəfdarı respublikaçılar və iri donorlarla münasibətləri indiyədək problemsiz olmayıb.
Narazılıq xüsusilə Vensin İran müharibəsinə daha ehtiyatlı yanaşması və İsrailin baş naziri Benyamin Netanyahu hökumətini tənqid etməsindən sonra güclənib. Bundan başqa, onun İsrailə skeptik münasibəti ilə tanınan Taker Karlsonla uzunmüddətli əlaqələri də bu dairələrdə suallar doğurub.
Hətta milyarder və hedc-fond meneceri Ken Qriffin kimi bəzi böyük İsrail tərəfdarı donorlar 2028-ci ildə Vens deyil, dövlət katibi Marko Rubionu dəstəkləyə biləcəklərinə işarə ediblər.
Məhz belə bir fonda Vensin RJC toplantısına qatılması diqqət çəkib.
Vitse-prezident çıxışında “otaqdakı fil” adlandırdığı problemə – gənc amerikalılar arasında İsrailə münasibətin sürətlə pisləşməsinə toxunub.
“40 yaşdan aşağı amerikalılar arasında ABŞ-İsrail münasibətlərinə qarşı artan şübhə var”, – dyə Vens etiraf edib.
Onun fikrincə, respublikaçılar İsraillə münasibətləri 30-40 il əvvəl işləyən şüarlar əsasında deyil, ABŞ-ın konkret milli maraqları ilə əsaslandırmalıdırlar. Vens etiraf edib ki, Amerika cəmiyyəti dəyişib və gənc nəsil bu münasibətlərə əvvəlkindən fərqli baxır.
Vitse-prezident antisemitizmin artması məsələsinə də toxunub və yəhudilərə nifrəti kəskin şəkildə pisləyib. Bununla yanaşı, Taker Karlson, Meqin Kelli və Co Roqan kimi populyar media simalarını müəyyən fikirlərinə görə tamamilə kənarlaşdırmağın yanlış olduğunu müdafiə edib.
Vensin çıxışı zalda gözlənildiyindən xeyli isti qarşılanıb. Respublikaçı senator Cim Benks onun bir neçə dəfə ayaqüstə alqışlandığını bildirib.
RJC-nin baş direktoru Mett Bruks da görüşdən sonra Vensin auditoriyaya süni şəkildə xoş görünməyə çalışmadığını və təşkilat üzvlərinin vitse-prezidentin onları başa düşdüyü qənaəti ilə toplantıdan ayrılacağını söyləyib.
POLITICO Vensin həmin gün əvvəlcə Miçiqanda respublikaçı namizəd Mayk Rocersin tədbirinə qatılmasına, daha sonra isə Nevada ştatına uçaraq RJC toplantısında iştirak etməsinə də diqqət çəkir. Sayta danışan koalisiya nümayəndələri bunu onun yəhudi donor icmasının dəstəyini qazanmağa ciddi yanaşmasının göstəricisi hesab edirlər.
Beləliklə, Vensin qapalı toplantıdakı çıxışı təkcə ABŞ-İsrail münasibətləri ilə bağlı olmayıb. POLITICO-nun yazısından görünür ki, İsrail məsələsi artıq Vensin mümkün 2028 prezident kampaniyasının həll etməli olduğu siyasi problemlərdən birinə çevrilib.
Musavat.com
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ