Onlayn ictimai-siyasi qəzet
Vəziyyət müəyyən dərəcədə “Növbə yaranır, çatdırmır” anekdotundakı kimidir. Bilənlər bilməyənlərə danışsın, biz də yazını çatdırmaqda çətinlik çəkirik. Çünki mövzu Bakını qərq edən yağışlar fason, vedrə ilə tökülməkdədir. Payızın bərəkətindəndir, yoxsa söz azadlığının ölkəmizdə inkişafıdır – hələ dəqiq bilmirəm. Belə situasiyalar dağları müşahidəyə oxşayır. Gərək uzaqlaşıb baxasan. O zaman mənzərə tam aydın olacaqdır.
Mürəbbə və turşuların lisenziyası teması başa çatmamış, futbol göstərən restoranın cəriməsi araya girdi. Ona baxırdıq ki, Tik-tokda izləyicisi ilə söyüşən şəxsin Ağ şəhərdə cərimələnməyi xəbərini aldıq.
Doğrusu, onun niyə məhz Ağ şəhərdə cərimələnməyi mənə qaranlıq qaldı. Məsələn, Qaraçuxurda söyüşsə cərimə miqdarına təsir edirmi? Yaxud Qaradağda? Bəs Ağdaşda, Ağsuda canlı yayım açıb izləyiciyə nəsə desən? Bunlar hamısı millətin gələcək həyat və yaradıcılığı üçün vacib detallardır.
Bayaq Ağsu yazdım, yadıma düşdü. Deyir, bizim Zülali təxəllüslü, Mirzə Hüseyn adlı şairimiz olub, 17-18-ci əsrlərdə Şamaxı tərəfdə yaşayıb, bir gün zəlzələ olur, şair məcburən Ağsuya köçür və bu beyti qələmə alır: “Qürbətdə deyərdin ki, Zülali, vətənim var, Ensin gözünə qarə su, Ağsu vətən oldu”.
Hərçənd, o vaxtları bilmirəm, ancaq hazırda Ağsu da Şamaxı qədər inkişaf edir, gözəlləşir, xalqımız paytaxtdan bu bölgələrə sel kimi axışırlar. Bəzən Ağsu aşırımında tıxac yaranır, maşınlar Kürdəmir yolu ilə hərəkət etməli olur. Bu temada isə şair Ələkbər Salahzadənin maraqlı şeiri vardır: “Hərdənbir Kürdəmirdən də ötə gərək adam, Kürdəmir də gərək keçə hərdən adamdan... Yara-yara adamı İstisi gərək keçə. Şərabının başına vurub çıxan tüstüsü gərək keçə”. Nəsə, qayıdaq mövzumuza, poeziya buketi, nəğmə çələngi, ədəbi-bədii fasilə bitmişdir.
Doğrudan da, hökumətdən xahiş edirik, mövzuları bir qədər azaltsın. Yoxsa xalqımız arxayınlaşır, zənn edirlər, gündəm həmişə belə olacaqdır. Bəs sabah mövzu olmasa necə? Onda narazılıq başlayacaq. Deyəcəklər, gündəm dəyişmir, canımız sıxılır.
Çayxanada 60 qəpikdən domino oynayan şəxslərin cəriməsi haqda xəbər aydın səmada şimşək kimi çaxdı yazsam, qəti şişirtmərəm. Yuxarıda qeyd etdiyim kimi, bu hadisə hətta şorabaların sertifikat alacağı barədə şayiələri də batırmışdır. Sitat: “43 və 39 yaşlı şəxslər Goranboyda 60 qəpikdən qumar oynadıqları üçün cərimə ediliblər. Çay evində saxlanılan şəxslərin oturduğu masada domino oyununda qumar kimi əldə olunan ümumilikdə 5 manat 70 qəpik, həmçinin 28 ədəd domino daşı aşkar olunaraq götürülüb”. Sitatın sonu. Hətta cərimə məbləği 3 min manat olmuşdur.
Maraqlıdır, bunların 3 min manatı var idisə, niyə dominonu 60 qəpikdən oynayıblar? Bu, bizim regional nüfuzumuza xələl gətirir, əslində.
Ancaq hüquq-mühafizə orqanlarının 5 manat 70 qəpiyi və 28 domino daşını aşkar edib götürməsi də, türkün sözü, ilgincdir. Çünki riyazi hesablama qoşa 6-nın (el arasında “eşşək” deyilir) kiminsə əlində qaldığını göstərir.
Nəyə görə bu qənaətə gəlmişəm? 5 manat 70 qəpiyi 60 qəpiklərə bölsək, 9 yarım edir. Deməli, əgər oyun 2 nəfər (istintaq sirri olduğu üçün yoldaşların adı açıqlanmır, yalnız 43 və 39 yaşda olmaları göstərilmişdir – Z.H.) keçirilsəydi, hər dəfə onlar 1 manat 20 qəpiyi ortaya qoymalı idilər. Tutaq ki, cəsur polislərimiz onları qumar başında yaxalayana qədər 4 əl oyun keçib və toplanan məbləğ 5 manata bərabər alınır. Bəs, sual ortaya çıxır, yerdə qalan 70 qəpik hardandır?! 5 oyun keçmişdisə, 30 qəpiyi kim əkişdirib?
Təbii ki, burada Eyler ədədi tətbiq edilərək təqribən 2,71828-ə bərabər olan və natural loqarifmanın əsasını təşkil edən mühüm riyazi sabit tapılmalıdır.
Həmçinin, niyə aşkar edilən domino daşları 28 imiş? 28 rəqəminin özündən başqa bölənlərinin cəminə bərabər olan ikinci kamil ədəd olduğunu bilirdinizmi? (1 + 2 + 4 + 7 + 14 = 28). İçərişəhərdə 28 məscid və 28 hamam olması, Ayın Yer ətrafına 28 günə fırlanmağı, nəhayət, hazırda “28 may”-“Nizami” metro xəttinin bağlanmağını nəzərə alsaq, bütün bunlar təsadüfi deyildir.
Bəli, mənim fikrimcə oyunda əlavə iştirakçı da varmış! Bəs bu cinayətkar necə aradan çıxıb?
İndi söz əlaqədar təşkilatlarındır.
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ