Onlayn ictimai-siyasi qəzet
Bakı Apelyasiya Məhkəməsi “Qurman” restoranında baş vermiş ölüm hadisəsi ilə bağlı şirkət rəhbərinin verdiyi şikayət üzrə qərar qəbul edib. Musavat.com xəbər verir ki, şirkət rəhbəri Fərhad Muradovun Səbail Rayon Məhkəməsinin qərarından verdiyi apelyasiya şikayəti baxılmadan geri qaytarılıb.
İş materiallarından görünür ki, hadisə 2021-ci ilin sentyabrında Bakı şəhəri, Səbail rayonu, Əzizov küçəsində yerləşən “Qurman” restoranının yaxınlığında baş verib. Fəhlə işləyən Hüseyn Mirzəyev optik kabelin dartılıb bərkidilməsi işləri apararkən 6 kilovoltluq elektrik xəttinə toxunub. Nəticədə o, aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci maddəsi (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) ilə cinayət işi başlanıb və araşdırma aparılıb. Şirkət direktoru Fərhad Muradov isə istintaq çərçivəsində qəbul edilmiş “sübutların qiymətləndirilməsi haqqında qərarın qismən ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraat başlanılması” tələbi ilə məhkəmə nəzarəti qaydasında şikayət verib. Lakin Səbail Rayon Məhkəməsi həmin şikayəti təmin etməyib.

Bundan sonra şirkət rəhbəri apelyasiya instansiyasına müraciət edib. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası isə şikayətin mahiyyətinə baxmayıb. Hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən iclasda müəyyən edilib ki, apelyasiya şikayəti qanunda nəzərdə tutulan müddət ötürüldükdən sonra verilib. Məhkəmə qeyd edib ki, Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən, məhkəmə nəzarəti qaydasında qəbul edilən qərarlardan apelyasiya şikayəti həmin qərar elan edildikdən sonra 3 gün ərzində təqdim olunmalıdır. Sənəddə göstərilir ki, Səbail Rayon Məhkəməsinin qərarından sonra Fərhad Muradovun apelyasiya şikayəti qanunla müəyyən edilmiş 3 günlük müddət keçdikdən sonra elektron məhkəmə sistemi vasitəsilə təqdim edilib. Həmçinin şikayətçi müddətin bərpası ilə bağlı ayrıca ərizə də verməyib.
Apelyasiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 203-cü maddəsinə istinad edərək bildirib ki, prosessual müddət ötürüldükdən sonra edilən hərəkətlər, müddət bərpa edilmədiyi halda, etibarsız sayılır. Bu səbəbdən məhkəmə kollegiyası şikayəti baxılmadan geri qaytarıb və materialları yenidən Səbail Rayon Məhkəməsinə göndərib. Qərarda şirkət direktoruna izah olunub ki, o, üzrlü səbəblər olduğu halda apelyasiya şikayəti vermə müddətinin bərpası barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edə bilər.
E.Məmmədəliyev,
Musavat.com
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ