Onlayn ictimai-siyasi qəzet
Xəzər dənizində suyun səviyyəsinin azalması daha bir maraqlı və təhlükəli mənzərənin ortaya çıxmasına səbəb olub. Qazaxıstanın Manqistau vilayəti sahillərində əvvəllər su altında qalan ərazi quruyaraq yeni ada görüntüsü yaradıb. Havadan lentə alınan görüntülərdə “Rıbaçi” adlandırılan torpaq sahəsinin formalaşdığı aydın görünür. “Rıbaçi” adlandırılan yeni ada Xəzərin şimal akvatoriyasında, Qazaxıstanın Manqistau vilayətinin Bautino kəndindən 30 kilometr, Svyatoy adasından isə təqribən 500 metr şərq istiqamətində qərarlaşıb.
Mütəxəssislərin sözlərinə görə, son 4-5 ildə dənizin şimalında suyun çəkilməsi nəticəsində mütəmadi olaraq yeni quru sahələr ortaya çıxmağa başlayıb. Bu cür proseslər xüsusən Xəzər suitilərinin məskunlaşdığı Kulalı, Morskoy, Svyatoy, Podqornı, Uşaral, Mayakşıkkan və Dolqiy adalarının ətrafında formalaşır. Yeni əmələ gələn adanın yüksəklikdən görüntüsü çəkilib. Həmin kadrlarda Xəzər dənizinin səviyyəsinin enməsi nəticəsində meydana gələn bu ada aydın şəkildə görünür.
Ekoloq Rövşən Abbasov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Xəzər dənizində su səviyyəsinin azalması və bunun yaratdığı fəsadlar uzun illərdir ki, ölkə mətbuatının əsas gündəm mövzularından biridir. Dəniz səviyyəsinin tərəddüdündə bir neçə mühüm amil rol oynayır ki, bunlardan ən əsası Xəzərə tökülən çayların axımındakı dəyişikliklərdir. Hövzəyə düşən yağıntıların miqdarı ildən-ilə sabit qalmır. Nəticədə Volqa, Kür və Ural kimi iri çayların su həcmi dəyişir ki, bu da birbaşa dənizin səviyyəsinə təsir edir. Son 20 ildə isə prosesə daha bir mənfi faktor — qlobal iqlim dəyişiklikləri əlavə olunub. İqlim dəyişmələri səbəbindən dənizi bəsləyən çayların sululuğu azalıb, paralel olaraq su səthindən buxarlanma kəskin artıb.
Bundan başqa, antropogen amillər də prosesi sürətləndirir. Xüsusilə Volqa çayı hövzəsində həyata keçirilən təsərrüfat tədbirləri və yeni su anbarlarının tikintisi su itkisini artırıb. Hazırda Volqa hövzəsindəki su anbarlarının ümumi sahəsi 30 min kvadratkilometri ötür. Bu nəhəng su tutarlarında baş verən infiltrasiya (torpağa süzülmə) və buxarlanma nəticəsində Xəzərə daxil olan ümumi su kütləsi kəskin şəkildə azalır.
Bununla belə, bəzi mütəxəssislər suyun çəkilməsini müvəqqəti dövri proses hesab edirlər. Yaxın vaxtlarda ortaya çıxan bəzi faktlar da bu yanaşmanı dəstəkləyir. Məsələn, Astara rayonu ərazisində dənizin quruyan hissəsində qədim meşə qalıqlarının üzə çıxması göstərir ki, vaxtilə burada suyun səviyyəsi indikindən də aşağı olub. Oxşar şəkildə, Səbail qəsri qalıqları və Şabran ərazisindəki qədim tikililər də Xəzərin tarixən daha aşağı səviyyələrə düşdüyünü sübut edir. Qazaxıstan sahillərində yeni adaların yaranması da məhz dəniz tabanının dayazlaşaraq üzə çıxmasının nəticəsidir.
Bugünkü kəskin su çəkilməsi artıq böyük sosial-iqtisadi və psixoloji problemə çevrilib. Region ölkələri ciddi iqtisadi itkilərlə üzləşirlər.
Gəmiçilik və nəqliyyat olan problemi qeyd etsək, Volqa-Xəzər kanalında gəmilərin hərəkətini təmin etmək üçün hər il külli miqdarda vəsait xərclənir. Bu vəziyyət Volqa vasitəsilə dünya okeanına çıxan Azərbaycan gəmilərinin də fəaliyyətini çətinləşdirir.
Liman infrastrukturunda da ciddi problemlər var. Azərbaycanın gəmiçilik sektorunda və limanlarında artıq ciddi problemlər yaradıb, gəmilərin sahilə və körpülərə yanaşması çətinləşib. Turizm sektorunda isə rekreasiya obyektləri böyük zərər görür. Bəzi ərazilərdə dəniz sahildən kilometrlərlə uzaqlaşdığı üçün sahil boyu tikilmiş turizm obyektləri öz effektivliyini itirir.
Məşğulluq və ekologiya da ciddi zərər dəyir. Neftçala, Salyan, Xaçmaz, Şabran rayonlarında və Abşeron yarımadasında əsrlərdir balıqçılıqla məşğul olan tarixi icmaların dolanışığı təhlükə altındadır. Dayazlaşma su tərkibindəki həll olunmuş oksigenin azalmasına, bu isə balıq populyasiyasının kəskin kiçilməsinə gətirib çıxarır.
Mövcud təhlükəli gedişat Xəzəryanı ölkələrin təcili və birgə addımlar atmasını zəruri edir. Region ölkələri yaranmış problemi həll etmək üçün artıq həyəcan təbili çalırlar. Xəzərin xilası istiqamətində müxtəlif layihələr həyata keçirilir, dənizin səviyyə dəyişmələrinə uyğunlaşmaq üçün xüsusi adaptasiya planları hazırlanır. Ümid olunur ki, bu tədbirlər yaxın gələcəkdə öz müsbət nəticəsini verəcək”.
Afaq Mirayiq,
Musavat.com
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ