Onlayn ictimai-siyasi qəzet
Öncə keçmiş yazıma bir oxucunun münasibəti. Demək, mən orda sayın şairimiz Nüsrət Kəsəmənlinin “Oğru olmaq istəyirəm” şeirindən sitat vermişdim, bir misra belənçik idi: “Qoy polislər eşitməsin...” Sayın oxucumuz Hətəmxan müəllim isə yazır: “Nüsrətin o şeirində milislərdən söhbət gedir, sənin sevdiyin polislərdən yox”.
Doğrusu, Hətəmxan müəllim asayişimizin keşiyində mətinliklə dayanan polisləri niyə sevmir, bu barədə düşünməyi və qərar qəbul etməyi əlaqədar orqanların ixtiyarına buraxıram, lakin şeir barədə iradı tam həqiqətdir. Kəsəmənli həmin şeiri Sovetin vaxtında yazmışdı, əsər bir növ soyuq müharibədən-zaddan bəhs edirdi, sərhədləri oğurlayaq, Təbrizə gedib molla gətirək və sairə... Ancaq indiki dövrdə biz əsəri müasirləşdirməyə məcburuq, çünki “milis” sözünü gənc nəsil heç cür başa düşməyəcəkdir. Bu, onlar üçün artıq arxaizmin dibidir. Məsələn, sovet, kolxoz, raykom, pioner, komsomol və sairə kimi.
Ona görə də hal-hazırda internetdəki əksər resurslarda Nüsrət bəyin o şeirində “milislər” sözü əvəzinə “polislər” sözü işlədilib.
Sözgəlişi, rəhmətlik çox davakar adam idi, 90-cı illərin ortalarında haqqında bir yumor yazmışdım, durub redaksiyaya gəlmişdi, məni döymək istəyirdi. Ancaq, şübhəsiz, koloritli və maraqlı insan idi, yeri görünür.
Ümumiyyətlə, indiki uşaq-muşaq gərək dövrün, inkişafın qədrini bilsin. Aktual bir örnək göstərəcəyəm, söz vaxtına çəkər, indi ayın neçəsidir? Ay sağ olasınız: 16 avqustdur. Əski günlərdə milli mətbuatımızın 15-16 avqust tarixlərində əsas manşeti kiminsə yadına gəlirmi? Məcburam yazım, çünki unutqan xalqın övladısınız, yüz faiz yadınızdan çıxmışdır: bu günlərdə biz jurnalistlər “quyruq donur”, yoxsa “quyruq doğur” temasını çözməyə çalışardıq!
Bəli. Çox zəngin günlər idi, şair demişkən, keçən köşələri qaytaraydılar, gələn manşetləri qurban verərdim... (Hətəmxan müəllim indi də burada səhv tapacaq, əminəm). Reportyorlar küçədə, müxbirlər akademiyanın dəhlizlərində, redaktorlar Redaktorlar Birliyinin iclasında – kəsəsi, hərə bacardığı, bulduğu yerdə quyruğun donduğunu, yoxsa doğduğunu tapmağa çalışırdı. Əgər Fransa mediasını “Makronun arvadı kişidir, yoxsa arvad”, Almaniya mediasını “Maşın əvvəl yaranıb, yoxsa motor”, rus jurnalistlərini “Arağı pivə ilə içmək məkruhdurmu”, amerikanları “Bill Klinton Monika Levinski ilə Oval kabinetdə nə edirdi” kimi suallar düşündürürdüsə, biz quyruğun əlində qalmışdıq. Ya da daha dəqiq ifadə etsəm, quyruq əlimizdə qalmışdı.
Sayın oxucuları dilxor etmiş olsam da, acizanə bildirim ki, həmin elmi müzakirələr heç bir yana çıxmadı: biz indiyəcən də quyruğun doğduğunu, yoxsa donduğunu dəqiqləşdirməmişik. Aparılan araşdırmalar əsasən 3-4 versiya üzə çıxarmışdı.
Birinci ehtimala görə avqustun 15-dən havalar sərinləyir, quyruq yağı donur, ona görə “quyruq dondu” versiyası haqlı idi (əgər oxucular neytral şərhçi, obyektiv yazar mövqeyimə şübhə etmirsə mən bu versiyaya inandığımı qeyd edirəm).
İkinci ehtimala görə guya bizdə avqustun ortalarından başlayaraq üfüqdə quyruqlu ulduzlar görünməyə başlayırmış, buna görə babalarımız “quyruq doğdu” deyərmiş.
Açığı, mən bu yaşımda cəmi 1 dəfə quyruqlu ulduz – komet görmüşəm, o da 90-cı illərin axırlarında qış vaxtı gəldi keçdi. Bu versiyanı irəli sürənlər o qədər quyruqlu ulduzun doğmasını haçan müşahidə edib, mənə qaranlıqdır.
Üçüncü versiya lap fantastik idi, deyirdilər tərəkəmə xalqımız yayın ortasında qoyun-quzunu dağda otarırmış, heyvanların quyruğu yağla dolurmuş, ona görə əslində “quyruq doldu” daha düzgündür.
Bir versiya isə avqustda camaatın tətilə çıxmağı, dövlət idarələrimizin işinin azalmağı ilə bağlı idi və görkəmli etnoqraf alimlərimizdən birinin araşdırmalarına görə mövzu qədim variantda “buyruq noldu” şəklindəymiş. Yəni, heç kim başqasını buyurmur, əmr və göstərişlər sıfıra yaxındır.
İndi keçək əsas mövzuya...
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ