İnsanlara hürriyət, millətlərə istiqlal!

Roma BUNA görə silkələnir - Hərbi canini GİZLİ şəkildə...


Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərəfindən bəşəriyyətə qarşı cinayətlərdə ittiham olunan Liviyanın keçmiş paramilitar polis rəisi Osama Elmasri Ncemin (Osama Elmasry Njeem) İtaliya tərəfindən həbs edildikdən dərhal sonra qəfildən sərbəst buraxılaraq Liviyaya qaytarılması Avropada böyük hüquqi və siyasi fırtına qoparıb. Musavat.com xəbər verir ki, Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) işgəncə qurbanı olan iki afrikalı miqrantın şikayəti əsasında İtaliya hökumətinə qarşı təcili və prioritet araşdırmaya başlayıb.

Hər şey 2025-ci il yanvarın 17-də Beynəlxalq Cinayət Məhkəməsinin prokurorunun Osama Elmasri Ncem barəsində işgəncə, zorlama, cinsi köləlik, qətl və bəşəriyyətə qarşı cinayət ittihamları ilə beynəlxalq həbs qətimkan tədbiri seçməsi ilə başlayıb. 2 gün sonra, yanvarın 19-da İtaliya polisi Ncemi Romada saxlayaraq müvəqqəti həbs edib. Lakin cəmi 48 saat sonra, Romanın Apelyasiya Məhkəməsi müəmmalı şəkildə həbs qərarını təsdiqləməkdən imtina edib. Ncem dərhal sərbəst buraxılıb və təyyarə ilə Liviyaya yola salınıb.

İtaliya hökumətinin bu addımı beynəlxalq hüquq müdafiəçiləri tərəfindən ədalətdən qaçışa şərait yaratmaq kimi qiymətləndirilir.

İtaliyanın bu addımı Ncemin nəzarət etdiyi həbsxanalarda dəhşətli günlər yaşamış və sonradan Aralıq dənizini keçərək İtaliyaya sığınmış iki şəxsi hərəkətə keçirib. 2018-ci ildə ölkəsindən qaçan Cənubi Sudan vətəndaşı Liviyada Ncemin tam nəzarətində olan "Al Jadida" həbsxanasında və "Mitiga" hərbi bazasında saxlanılıb. O, amansız işgəncələrə məruz qaldığını və Ncemin rəhbərlik etdiyi hərbi qruplaşmada məcburi döyüşdürüldüyünü bildirir. Fil Dişi Sahili vətəndaşı olan xanım isə yeniyetmə yaşlarında Liviyaya qaçıb. O Liviyada köləlik və cinsi istismara məruz qaldığını, daha sonra Ncemin şəxsən direktoru olduğu "Mitiga" həbsxanasında işgəncə və cinsi zorakılıq gördüyünü bildirib.

“Biz illərlə çəkdiyimiz əzabların hesabını soracaq bir ədalət gözləyirdik, lakin İtaliya dövləti bizim cəlladımızı qoruyaraq Liviyaya yola saldı”, - deyə xanım şikayətçi bildirb.

O, İtaliya məhkəmələrinə müraciət edərək, bu qanunsuzluqda əli olan rəsmi şəxslərin cəzalandırılmasını tələb edib. O, İtaliya ədliyyə, daxili işlər nazirlərinin və Nazirlər Şurası sədrinin müavininə qarşı cinayət işinin başlanmasını istəyib. Lakin 28 oktyabr 2025-ci ildə Romanın Nazirlər Məhkəməsi hökumət üzvlərinə qarşı cinayət təqibi başladılması tələbini rədd edərək işi bağlayıb. Bu addım İtaliyada ədalətin və hüququn siyasi maraqlara qurban verilməsi kimi şərh olunur.

Daxili hüquq yolları bağlandıqdan sonra qurbanlar Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediblər. AİHM verdiyi bəyanatda "Y İtaliyaya qarşı" və "Z İtaliyaya qarşı" iddialarını rəsmi olaraq İtaliya hökumətinə bildirdiyini (kommunikasiya etdiyini) elan edib. Məhkəmə işi adi qaydada deyil, xüsusi statusla – üstünlük və prioritet qaydasında (Maddə 41) araşdıracağını bəyan edib. İtaliya hökuməti indi rəsmi olaraq Strasburqun suallarına cavab verməlidir. Məhkəmə Avropa Konvensiyası 2-ci - Yaşamaq hüququ, 3-cü -İşgəncə qadağası, 4-cü - Köləlik qadağası 6 § 1-ci - Ədalətli məhkəmə hüququ maddələrinin pozuntusu ilə bağlı araşdırmalara başlayıb.

Ekspertlərə görə, İtaliyanın BCM-in həbs qərarına rəğmən, belə sürətli bir şəkildə Ncemi Liviyaya qaytarması arxasında böyük geosiyasi və miqrasiya sövdələşmələri dayana bilər. İtaliya uzun illərdir ki, Aralıq dənizindən gələn miqrant axınının qarşısını almaq üçün Liviya rəsmiləri və paramilitar qruplarla pərdəarxası əməkdaşlıq edir. Ncemin sərbəst buraxılması bu gizli sövdələşmələrin ifşa olunmasının qarşısını almaq məqsədi güdə bilər. Strasburq məhkəməsinin bu işi prioritet elan etməsi İtaliya hökumətini küncə sıxışdırıb. Yaxın aylarda Avropanın ən yüksək hüquqi instansiyasının verəcəyi qərar Romada ciddi siyasi silkələnmələrə və hətta hökumət böhranına yol aça bilər.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR