Onlayn ictimai-siyasi qəzet
"KTMT qoşulmama hərəkatına mənsub ölkələrlə əməkdaşlığı genişləndirməyi nəzərdən keçirir və bu istiqamətdə hazırda əsas diqqət Özbəkistana yönəldilib".
Bunu KTMT-nin Baş katibi Taalatbek Masadıkov deyib.
:1200.jpg)
"Regional kontekstdə KTMT qarşılıqlı etimada və regiondakı bütün ölkələrin maraqlarına hörmətə əsaslanan yeni Avrasiya təhlükəsizlik arxitekturasının qurulmasına yönəlmiş geniş siyasi dialoq ideyasını təşviq edir. Biz həm Özbəkistanla, həm də regiondakı digər bir çox ölkə və təşkilatlarla aparılan bu işdə böyük potensial görürük. Təbii ki, birgə səylərin həyata keçirilməsi üçün tərəfdaşlıq və müşahidəçi statusunu tənzimləyən hüquqi bazadan istifadə oluna bilər", – Masadıkov bildirib.
Ermənistanın KTMT-dən uzaqlaşması fonunda belə bir gözlənti diqqət çəkir. Qurumun genişlənməsi mümkündürmü?
Xatırladaq ki, Azərbaycan kimi (1999) Özbəkistan da vaxtilə KTMT-nin üzvü olub, lakin bir müddət sonra (2012) onu tərk edib.
Siyasi ekspert Ramiyə Məmmədova Özbəkistanın KTMT-yə qayıdışını gözləmir.

Onun sözlərinə görə, Daşkənd ABŞ, Avropa İttifaqı və Çinlə əməkdaşlığı inkişaf etdirir: "Son illər Özbəkistan yeni yüksəliş xətti tutub. Qərbdən gələn investisiyalar bu inkişafda mühüm paya malikdir. Özbəkistan bu dividendlərin olduğu şəraitdə Rusiyanın dominant olduğu hərbi bloka qayıtmaq qərarı verməyəcək. Çünki bununla tərəfdaş ölkələrlə münasibətləri soyuya bilər. İkincisi, Özbəkistanın KTMT-yə qoşulmağa ehtiyacı yoxdur. Ona görə ki, "Putin NATO-su" artıq təhlükəsizlik qarantiyası deyil. Rusiya münaqişə vəziyyətindədir və hansı təhlükəsizlik çətirindən söhbət gedə bilər? Digər tərəfdən, Özbəkistan Türkiyə, Azərbaycanla əlaqələri gücləndirir, Çin və Qərblə normal münasibətlərə üstünlük verir, Rusiyanın təsir zonasına qayıtmağa zərurət görünmür".
Ekspert KTMT-nin fəaliyyətini formal sayır: "Qazaxıstan hadisələri istisna, təşkilatın heç bir fəaliyyəti nəzərə çarpmayıb. Sadəcə, ildə bir neçə tədbirlər və təlimlər keçirməklə varlığını nümayiş etdirməyə çalışırlar. Ermənistan belə KTMT-ni boykot edib, Özbəkistanın bu blokda nə işi var?! O baxımdan, verilən bəyanatlar daha çox Rusiyanın istəklərini ifadə etməkdir. Moskva Orta Asiyada təsirini gücləndirmək üçün Özbəkistanı da təşkilata cəlb etmək arzusundadır. Əgər Özbəkistanın belə bir müraciəti olarsa, Mərkəzi Asiyada Rusiyanın mövqeyi güclənəcək. Hərçənd belə bir addım atılacağını istisna edirəm".
Emil Salamoğlu
Musavat.com
15 Sentyabr 2026
02:27 Ordumuzun 2022-ci ildəki zərbəsi İrəvanda unudulmur – Parlament sədrindən Rusiyaya ağır sözlər
14 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ