Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) Hökumətlərarası Şurasının iclasında ölkəsinin Avropa İttifaqına üzvlük perspektivi, referendum məsələsi və Aİİ daxilində yaranan problemlər barədə danışıb.
Musavat.com xəbər verir ki, Paşinyan Ermənistanın eyni vaxtda həm Aİİ-nin, həm də Avropa İttifaqının üzvü olmasının mümkün olmadığını etiraf edib.
Baş nazir bildirib ki, Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanunun qəbul edilməsi ölkənin gələcəkdə Avropa İttifaqına üzv olmaq imkanının mövcud olduğunu göstərir.
“Biz anlayırıq ki, Aİİ və Aİ-yə eyni vaxtda üzvlük mümkün deyil. Lakin Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanunun qəbul edilməsi faktı Ermənistanın Avropa İttifaqına üzv olmaq imkanının olduğunu göstərir”, – Paşinyan deyib.
Onun sözlərinə görə, gələcəkdə İrəvan Aİ üzvlüyünə hazır olsa belə, bu, Ermənistanın avtomatik olaraq Avropa İttifaqının üzvünə çevrilməsi demək deyil. Bunun üçün həm Aİ-yə üzv dövlətlərin, həm də Ermənistan vətəndaşlarının razılığı tələb olunur.
Paşinyan vurğulayıb ki, əvvəlcədən zəruri institusional işlər görülmədən məsələni Ermənistan vətəndaşlarının qərarına çıxarmaq mümkün deyil. Bundan sonra Ermənistan Aİ-yə üzvlüklə bağlı rəsmi müraciət etməli və namizəd ölkə statusu almalıdır.
Baş nazir hesab edir ki, sadalanan mərhələlərin ən azı böyük hissəsi keçilmədən referendumun keçirilməsi mənasız olar.
“Bu, vətəndaşlardan hazırda mövcud olmayan suala cavab gözləməyimiz demək olardı. Ermənistan vətəndaşlarını alternativlərdən birinin mövcud olmadığı seçim qarşısında qoymuş olarıq. Bu, xalqa hörmətsizlik və qeyri-legitim yanaşma olardı”, – Paşinyan bildirib.
Paşinyan eyni zamanda qeyd edib ki, Ermənistanın Avropa İttifaqı ilə münasibətlərində ölkənin Aİİ-dəki statusuna zidd olan öhdəliklər yoxdur. Onun fikrincə, Avrasiya İqtisadi İttifaqına “məhdudiyyətlər məkanı” kimi baxılmamalıdır.
“Aİİ üzvü olan ölkələrin üçüncü dövlətlərlə münasibətləri sıfır məbləğli oyun kimi qəbul edilməməlidir”, – Ermənistanın baş naziri vurğulayıb.
Paşinyan Qırğızıstanda keçirilən Aİİ Hökumətlərarası Şurasının iclası çərçivəsində rusiyalı jurnalistlərə açıqlamasında Ermənistan məhsullarının Rusiya bazarına tədarükünə tətbiq edilən məhdudiyyətlərə də toxunub.
O bildirib ki, bu məhdudiyyətlər Ermənistanda Aİİ-yə qarşı mənfi münasibətin formalaşmasına səbəb olur.
Paşinyanın sözlərinə görə, Ermənistan məhsullarına tətbiq edilən məhdudiyyətlər təkcə Ermənistan üçün deyil, Aİİ-nin özü üçün də böyük problemdir. Baş nazir xəbərdarlıq edib ki, təşkilatın təməlində dayanan fundamental prinsiplərin həyata keçirilməsi mümkün olmazsa, Aİİ böhranla üzləşə bilər.
O, hər bir ölkə üçün istehsal olunan məhsulların keyfiyyətinin yüksəldilməsinin vacib olduğunu da qeyd edib, lakin bu prosesə mənfi məna verilməməli olduğunu vurğulayıb.
Musavat.com
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ