Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Odessaya endirdiyi intensiv zərbələrin arxasında dayanan əsas məqsəd Ukraynanın iqtisadi təchizat xəttini iflic etməkdir.
Musavat.com xəbər verir ki, bu barədə The Wall Street Journal nəşri geniş analitik material dərc edib.
Qəzetin yazdığına görə, Odessaya yönələn hücumlar təkcə hərbi xarakter daşımır, daha çox iqtisadi müharibə strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir. Xüsusilə dekabr ayında zərbələrin intensivliyi kəskin artıb. Odessa Ukraynanın əsas Qara dəniz limanı olmaqla yanaşı, ölkənin taxıl ixracının təxminən 90 faizini təmin edən strateji mərkəz hesab olunur.
Məlumata görə, hücumlar nəticəsində liman infrastrukturu və taxıl anbarları ciddi ziyan görüb, enerji şəbəkələri vurulub, şəhərdə elektrik, istilik və su təchizatında müvəqqəti fasilələr yaranıb.
Analitiklərin fikrincə, taxıl ixracında yaranan pozuntular Ukrayna üçün ağır iqtisadi nəticələrə səbəb ola bilər. Bu, beynəlxalq bazarların itirilməsi, daxili qiymətlərin enməsi və kənd təsərrüfatı istehsalının azalması riskini artırır.
The Wall Street Journal vurğulayır ki, Moskva son mərhələdə birbaşa hərbi qələbədən daha çox iqtisadi təzyiq taktikasına üstünlük verir. Məqsəd Ukraynanın ixrac imkanlarını zəiflətmək, valyuta axınını azaltmaq və ölkənin maliyyə dayanıqlığını sarsıtmaqdır.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ