İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Paşinyana qarşı siyasətini dəyişir? – ŞƏRH

“Rusiya Gümrüdəki hərbi bazadan rusiyalı hərbçilərin çıxarılması ilə bağlı Ermənistan tərəfindən hər hansı müraciət almayıb. Burada fransız hərbçilərin yerləşdirilməsini isə ən azı coğrafi uzaqlıq səbəbindən təsəvvür etmək çətindir”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Moskva bu bazanı Ermənistanın və Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının mühüm elementi hesab edir. Rusiya Ermənistanla müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın davam etdirilməsini müzakirə etməyə hazırdır. Bura Paşinyanın ikitərəfli münasibətlərin inventarlaşdırılması ilə bağlı təklifi də daxildir”, – o bildirib.

Qaluzinin bu açıqlaması, xüsusən də dediyi sonuncu iki cümlə Moskvanın yumşalmasının, İrəvanla anlaşmaq istəyinin əlaməti hesab edilə bilərmi?

Rusiya İran taktikasına keçir? – NATO-ya ilginc HƏDƏ

Hərbi ekspert Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, açıqlamada Moskvanın İrəvanla münasibətləri tamamilə qarşıdurma xəttində saxlamaq istəmədiyinə dair müəyyən yumşalma siqnalları var: “Bu, Moskvanın İrəvanla münasibətlərdə tonu yumşaltmağa başladığını göstərir. Lakin Rusiyanın Cənubi Qafqazdan geri çəkilməsi anlamına gəlmir. Əksinə, Moskva mövcud hərbi-strateji mövqelərini qorumaqla Paşinyanın “inventarlaşdırma” təşəbbüsündən istifadə edib Ermənistanla münasibətləri yeni, daha praqmatik müstəvidə saxlamağa çalışır.

Qaluzinin iki cümləsi xüsusilə diqqət çəkir. O, Rusiyanın Ermənistanla müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın davam etdirilməsini müzakirə etməyə hazır olduğunu, bunun da Paşinyanın təklif etdiyi ikitərəfli münasibətlərin inventarlaşdırılması çərçivəsində mümkün olduğunu bildirir. Bu, əvvəlki sərt ritorikadan fərqli olaraq, dialoq üçün qapının açıq saxlanılmasıdır. Amma Moskvanın mövqeyinin əsas xətti dəyişməyib”.

Ekspertə görə, burada maraqlı məqam odur ki, Moskva Paşinyanın “inventarlaşdırma” formulunu rədd etmir, əksinə, onu danışıqlar üçün çərçivə kimi qəbul etməyə hazır olduğunu göstərir: “Bu, Rusiyanın münasibətləri tamamilə itirmək istəmədiyini və Ermənistanla münasibətlərin yeni formatını tapmağa çalışa biləcəyini göstərir”.

Bəs Moskva niyə yumşalma xətti götürür?

R.Məhərrəmov hesab edir ki, bunun bir neçə səbəbi var: “Birincisi, Ermənistanın Qərbə doğru sürətli siyasi və təhlükəsizlik inteqrasiyası Moskvanı narahat edir. İkincisi, Rusiya Gümrü bazası və digər təhlükəsizlik mexanizmləri vasitəsilə Cənubi Qafqazdakı mövqeyini tam itirmək istəmir. Üçüncüsü isə Azərbaycan-Ermənistan sülh prosesi, TRIPP və regiondakı yeni nəqliyyat-geosiyasi reallıqlar Rusiyanı Ermənistanla münasibətlərində daha praqmatik davranmağa vadar edir. Bu baxımdan Qaluzinin açıqlamasını Moskvanın Paşinyan hökumətinə uzatdığı ehtiyatlı “dialoq əli” hesab edirəm. Rusiya eyni zamanda, Gümrü bazasının əhəmiyyətini xüsusi vurğulayır”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR