Onlayn ictimai-siyasi qəzet
Rusiya Xarici İşlər Nazirliyi Bakıda saxlanılan Rusiya vətəndaşlarının azad olunması məsələsinin Moskva üçün əsas və dəyişməz prioritet olduğunu açıqlayıb. Bu mövzu Azərbaycan tərəfi ilə aparılan təmaslarda mütəmadi şəkildə qaldırılır və xüsusi nəzarətdə saxlanılır.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya XİN-in rəhbəri Sergey Lavrovun 2025-ci ildə Rusiya diplomatiyasının fəaliyyəti ilə bağlı mətbuat konfransına daxil olan suallara cavabında bildirilib.
Açıqlamada vurğulanır ki, 30 iyun – 1 iyul 2025-ci il tarixlərində Bakıda saxlanılan bütün Rusiya vətəndaşlarının mümkün qədər tez azad edilərək vətənə qaytarılması Rusiyanın şərtsiz prioritetidir. Moskva bu məsələnin operativ həlli üçün Azərbaycanla təmaslarda israrlı mövqe sərgiləyir.
Rusiya XİN-in məlumatına görə, hazırda Bakı istintaq təcridxanasında 11 nəfər Rusiya vətəndaşı saxlanılır. Onların azadlığa buraxılması üçün Rusiya hüquq-mühafizə orqanları və digər aidiyyəti qurumlarla birgə müxtəlif hüquqi və diplomatik mexanizmlər nəzərdən keçirilir.
Bildirilir ki, vəziyyət daim nəzarətdə saxlanılır. Rusiya səfirliyinin əməkdaşları 3 iyul, 14 iyul, 23 iyul və 20 avqust 2025-ci il tarixlərində saxlanılan şəxsləri Bakı təcridxanasında ziyarət ediblər, onların ailə üzvləri ilə mütəmadi əlaqə saxlanılıb. Son konsulluq görüşünün isə 30 dekabr 2025-ci ildə baş tutduğu qeyd olunub.
Rusiya XİN Azərbaycanla dialoqun davam etdiyini və problemin tezliklə həll olunması üçün diplomatik səylərin gücləndirildiyini xüsusi olaraq vurğulayıb.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ