Onlayn ictimai-siyasi qəzet
Nikol Paşinyanla Vladimir Putin arasında telefon danışığından sonra Rusiya-Ermənistan münasibətlərinin gələcəyi ilə bağlı müxtəlif şərhlər səsləndirilir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Rusiyaya yaxın mövqeyi ilə seçilən erməni “Tovariş general” Telegram kanalı telefon danışığını “İrəvanla Moskva arasında dialoqun faktiki olaraq mövcud olmadığının növbəti göstəricisi” kimi təqdim edib.
Kanal iddia edir ki, Paşinyanın Putinə zəng etməkdə əsas məqsədi Ermənistan məhsullarının Rusiya bazarına çıxışında yaranmış problemlərlə bağlı müəyyən nəticə əldə etmək olub. Lakin müəlliflərin fikrincə, danışıq bunun əvəzinə Moskvanın gələcəkdə ata biləcəyi daha sərt addımları gündəmə gətirib.
Yazıda Ermənistan üçün mümkün risklər sırasında Aİİ çərçivəsində sərbəst ticarət imkanlarının məhdudlaşması, avtomobil yükdaşıyıcılarına və əmək miqrantlarına tələblərin sərtləşdirilməsi, eləcə də enerji qiymətlərinin artması göstərilir.
Kanal bunun Ermənistan iqtisadiyyatına ciddi təsir göstərə biləcəyini iddia edir və mümkün itkilərin ÜDM-in 14 faizinə çata biləcəyini yazır. Bu rəqəmin hansı hesablamaya əsaslandığı isə göstərilmir. Müəlliflər Moskvanın “Aİ, yoxsa Aİİ?” məsələsinin referendum yolu ilə həllində israrlı olduğunu da bildirirlər. Paşinyanın isə referendumun yalnız Ermənistan Aİ-yə üzvlük üçün rəsmi müraciət etdikdən sonra mümkün ola biləcəyi mövqeyində olduğu qeyd edilir. “Tovariş general” telefon danışığından sonra münasibətlərdə ciddi dönüş gözləmədiyini bildirərək bu cümləni işlədib: İrəvanla Moskva arasındakı dialoq bir daha göstərdi ki, dialoq yoxdur”.
Musavat.com
28 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ