İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sabah”dan Avropaya gözdağı: “Orhus” darmadağın edildi, indi “Hapoel” növbədə!

Azərbaycan futbolu üçün daha bir möhtəşəm Avropa gecəsi geridə qaldı. “Sabah” Danimarka çempionu “Orhus”u 4:0 hesabı ilə darmadağın etməklə nəinki ilk oyundakı 1:2 hesablı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxardı, həm də UEFA Çempionlar Liqasının pley-off mərhələsinə tarixində ilk dəfə vəsiqə qazandı. Həm də bu mərhələyə “Qarabağ”dan sonra yüksələn ikinci ölkə klubu oldu.

Masazırda nümayiş etdirilən futbol, komandanın xarakteri və hesabın möhtəşəmliyi “Sabah”ın artıq təsnifat mərhələsində sadəcə iştirak edən komanda olmadığını göstərdi. Bakı təmsilçisi Avropanın ən nüfuzlu klub turnirində iddiasını ortaya qoydu və indi qarşıda Azərbaycan çempionu üçün ən böyük sınaqlardan biri dayanır.

Pley-offda “Sabah”ın rəqibi “Hapoel Beer Şeva” olacaq. İsrail çempionu ilə qarşılaşmalar avqustun 18-19 və 25-26-da keçiriləcək.

“Sabah”ın “Orhus” üzərindəki 4:0-lıq parlaq qələbəsi pley-off üçün nə deməyə əsas verir? Azərbaycan çempionunun “Hapoel Beer Şeva”nı keçmək və Çempionlar Liqasının əsas mərhələsinə tarixində ilk dəfə vəsiqə qazanmaq gücü varmı? “Sabah” daha bir möcüzəyə imza ataraq Azərbaycan futbolunun tarixində yeni səhifə aça biləcəkmi?

Futbol eksperti Kənan Məstəliyev Musavat.com-a açıqlamasında fikirlərini bölüşüb. O bildirib ki, “Sabah” cavab qarşılaşmasında həm oyun, həm də nəticə baxımından rəqibindən üstün olub:

“Sabah” ilk oyundakı məğlubiyyətdən sonra cavab görüşündə xarakter göstərdi. Komanda meydana qələbəyə inanaraq çıxdı və matçın ilk dəqiqələrindən etibarən bunu ortaya qoydu. 4:0 hesabı təsadüfi nəticə deyil. “Sabah” rəqibindən bütün komponentlərdə üstün idi”.

Onun sözlərinə görə, “Sabah” hesabı açdıqdan sonra psixoloji üstünlüyü tamamilə öz tərəfinə keçirib. O vurğulayıb ki, “Sabah” bu oyundakı futbolunu növbəti mərhələdə də nümayiş etdirə bilsə, rəqibin kimliyindən asılı olmayaraq mübarizə aparmaq gücündədir: “Növbəti mərhələdə iş daha çətin olacaq. Amma hesab edirəm ki, “Sabah”ın öz oyununu göstərməsi əsas məsələdir. Komanda “Orhus”la matçda necə oynadısa, həmin futbolu davam etdirə bilsə, növbəti rəqibindən çəkinməyə ehtiyac yoxdur”.


Beer Sheva

Mütəxəssis əlavə edib ki, qarşıdakı oyunlarda əsas məsələ ilk növbədə müdafiədə intizamlı oynamaq və yaradılan qol imkanlarından maksimum istifadə etməkdir: “Sabah” artıq özünə yeni hədəf müəyyənləşdirməlidir. Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq Azərbaycan futbolu üçün böyük tarixi nəticə ola bilər. “Sabah”ın qarşısında belə bir imkanın yaranması Azərbaycan klublarının Avropada artan rəqabət qabiliyyətinin göstəricisidir və komanda bu şansdan maksimum istifadə etməyə çalışmalıdır”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR