İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH-dan “neft obyektlərini” vurarıq hədəsi- Bakı narahat OLSUNMU?

"İranın cənub qonşuları bilməlidirlər: əgər onların coğrafiyası və istehsal imkanları düşmənlər tərəfindən İran xalqına qarşı təcavüz üçün istifadə olunursa, onlar Yaxın Şərqdə neft hasilatına vida etməlidirlər". Bunu "Tehran Times" qəzetində İran İnqilab Keşikçiləri Hərbi Hava Qüvvələrinin komandanı general Məcid Musəvi xalqa müraciətində bildirib. "Əgər bundan sonra düşmən səhv addım atıb bu təmiz torpağa təcavüz edərsə, bu dəfə hədəfimiz sizin dediyiniz yer olacaq", - Musəvi müraciətində qeyd edib. Bu açıqlama regionda gərginliyin artdığını göstərən açıq və sərt xəbərdarlıq kimi qiymətləndirilə bilər.
İran tərəfinin bu cür ritorikası ilk növbədə Yaxın Şərqdəki enerji infrastrukturu üzərində dolayı təzyiq mesajıdır. General Məcid Musəvinin “neft hasilatına vida etməlidirlər” ifadəsi, əslində, region ölkələrinə yönəlmiş strateji xəbərdarlıqdır: əgər onların əraziləri və imkanları İran əleyhinə istifadə olunarsa, cavab tədbirləri məhz iqtisadi və enerji hədəflərinə yönələ bilər.


Bu bəyanat bir neçə mühüm məqamı ortaya qoyur. Birincisi, İran potensial hərbi qarşıdurma zamanı müharibə coğrafiyasını genişləndirmək niyyətini gizlətmir. Yəni mümkün zərbələr yalnız birbaşa hücum edən tərəflə məhdudlaşmaya bilər, onların regional tərəfdaşlarını da əhatə edə bilər. İkincisi, enerji infrastrukturu – xüsusilə neft hasilatı və ixracı – artıq açıq şəkildə “hədəf kateqoriyası” kimi göstərilir ki, bu da qlobal enerji bazarları üçün ciddi risk siqnalıdır.
Eyni zamanda, bu tip açıqlamalar psixoloji və siyasi təsir aləti kimi də çıxış edir. Məqsəd təkcə hərbi xəbərdarlıq deyil, həm də region ölkələrini seçim qarşısında qoymaqdır: ya neytral qalmaq, ya da mümkün eskalasiyanın birbaşa iştirakçısına çevrilmək.
Nəticə etibarilə, Musəvinin çıxışı diplomatik dildən çox, hərbi-strateji mesaj xarakteri daşıyır və Yaxın Şərqdə onsuz da həssas olan təhlükəsizlik balansının daha da kövrəkləşdiyini göstərir.
SEPAH-ın “neft obyektlərini” vurarıq mesajından Bakı da narahat olmalıdırmı?
Politoloq Yusif Bağırzadə Musavat.com-a bildirib ki, bu bəyanat açıq şəkildə Körfəz ölkələrinə hədədir, lakin İranın digər qonşularıa, o cümlədən Azərbaycana da dolayısı ilə mesaj kimi də qəbul edilə bilər: “General Məcid Musəvinin səsləndirdiyi hədənin əsas ünvanı Fars körfəzi ölkələridir. Xüsusilə də Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və qismən Qətər kimi enerji nəhəngləri. Bu ölkələrdə yerləşən neft infrastrukturu ABŞ və Qərb hərbi varlığı ilə əlaqələndirilir və İranın mesajı da məhz “əgər əraziniz bizə qarşı istifadə olunarsa, cavab verəcəyik” məntiqinə əsaslanır. Azərbaycan nə Fars körfəzində yerləşir, nə də İranla eyni tip təhlükəsizlik qarşıdurmasının içindədir. Azərbaycan daha çox regional oyunçudur və onun enerji infrastrukturu Qərblə əməkdaşlıq üzərində qurulsa da, İran üçün hücum platforması deyil. Lakin nəzərə alınmalıdır ki, SEPAH generalları vaxtaşırı Azərbaycanı İsraillə əlaqələrinə görə əsassız ittiham edirlər, hədələyirlər. Bakı bu baxımdan ayıq-sayıq olmalıdır. Regionda bundan sonra eskalasiya olarsa Azərbaycan quru və haça sərhədlərini daha ciddi şəkildə qorumalıdır. Əgər Yaxın Şərqdə İran–ABŞ və İran–İsrail xətti üzrə gərginlik yenidən müharibə fazasına keçərsə o zaman enerji infrastrukturu olan bütün ölkələr kimi Azərbaycan da risk zonasında qismən yer ala bilər”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR