İnsanlara hürriyət, millətlərə istiqlal!

Silikon Vadisi süni intellekt savaşını uduzur – Amerikalılar AI-dan qorxmağa başlayıb

ABŞ-da süni intellekt sənayesinin illərlə siyasətçilər üzərində saxladığı təsir zəifləməyə başlayıb. Ştatlar bir-birinin ardınca AI üçün daha sərt qaydalar hazırlayır, texnologiya lobbiçiləri isə bu prosesin qarşısını almaqda getdikcə daha çox çətinlik çəkirlər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə POLITICO geniş araşdırma dərc edib. Nəşrin ştat qanunvericiləri, texnologiya sənayesinin nümayəndələri və AI-nin tənzimlənməsini müdafiə edən şəxslərlə apardığı müsahibələr göstərir ki, ABŞ-da siyasi ab-hava sürətlə dəyişir.

Əvvəllər Slikon Vadisinin təzyiqindən və böyük maliyyə imkanlarından çəkinən siyasətçilər indi AI şirkətlərinin xəbərdarlıqlarına daha az əhəmiyyət verirlər. Gündəmdə güclü süni intellekt modellərinin təhlükəsizliyinin yoxlanılması, müstəqil auditlər, uşaqların çatbotlardan qorunması, şəxsi məlumatların təhlükəsizliyi və nəhəng məlumat mərkəzlərinin təsirinin məhdudlaşdırılması var.

Kaliforniya, Nyu-York və İllinoys artıq bu istiqamətdə addımlar atıb. Massaçusetsdə daha sərt AI təhlükəsizliyi qanunu hazırlanır. Yuta və Cənubi Karolina kimi respublikaçıların güclü olduğu ştatlarda belə uşaqların süni intellektin mümkün zərərlərindən qorunmasına dair təşəbbüslər yenidən gündəmə gətirilir.

Dəyişikliyin əsas səbəblərindən biri amerikalıların AI-yə münasibətidir. POLITICO-nun istinad etdiyi sorğular süni intellektin daha sərt tənzimlənməsinə geniş ictimai dəstək və AI məlumat mərkəzlərinə qarşı artan narazılıq olduğunu göstərir.

Kaliforniya qanunvericisi Ceki İrvin vəziyyətin nə qədər dəyişdiyini daha sərt ifadələrlə təsvir edib. Onun sözlərinə görə, əvvəllər süni intellekti “xeyirdən daha çox zərər” hesab edənlərin payı təxminən 40 faiz idisə, indi bu göstəricinin 80–90 faizə yaxınlaşdığı hiss olunur. İrvin seçicilər arasında AI ilə bağlı ciddi narahatlıq yarandığını bildirib.

İnsanları əsasən şəxsi məlumatların taleyi, uşaqların AI çatbotları ilə ünsiyyəti, yeni texnologiyaların iş yerlərini necə dəyişəcəyi və məlumat mərkəzlərinin təsiri narahat edir. Yutadan respublikaçı Duq Fiefia deyib ki, məhz bu məsələlər artıq seçicilərin siyasi qərarlarına təsir göstərir.

Silikon Vadisi isə indiyədək prosesin qarşısını böyük pullar və siyasi təzyiq vasitəsilə almağa çalışırdı. OpenAI prezidenti Qreq Brokman və vençur investorları Mark Andreessen və Ben Horovitsin də maliyyələşdirdiyi “Leading the Future” siyasi şəbəkəsi 100 milyon dollardan artıq vəsait toplamışdı. Şəbəkə ştat səviyyəsində AI məhdudiyyətlərinə qarşı çıxan namizədləri dəstəkləməyə hazırlaşırdı.

Lakin POLITICO yazır ki, bu taktika əvvəlki effektini itirir. Bəzi texnologiya lobbiçiləri artıq yeni qanunların qarşısını tamamilə almağa çalışmaq əvəzinə siyasətçilərlə razılaşmaq və müxtəlif ştatlardakı qaydaları mümkün qədər uyğunlaşdırmaq yolunu seçirlər.

Vaşinqtonun müdaxiləsi də Silikon Vadisinin gözlədiyi nəticəni verməyib. Donald Tramp administrasiyasının AI-ni tənzimləyən ştatları məhkəməyə vermək və federal maliyyəni azaltmaq hədəsi əvvəlcə siyasətçiləri çəkindirsə də, aylar keçməsinə baxmayaraq Ədliyyə Nazirliyinin belə məhkəmə proseslərinə başlamaması ştatlarda bu təhdidin ciddi olmadığı qənaətini gücləndirib.

Nəticədə ABŞ-da AI ətrafında siyasi qüvvələr nisbəti dəyişir. Bir vaxtlar qanunvericiləri yeni qaydalardan çəkindirən texnologiya sənayesi indi özü müdafiə mövqeyinə keçir.

AI lobbiçilərindən Ceremi Kudon vəziyyəti bir cümlə ilə ifadə edib: “İndi Davud bizik, qarşımızdakılar isə Qoliaflardır”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR