Onlayn ictimai-siyasi qəzet
Prezident İlham Əliyevin Özbəkistana səfəri bir daha əminlik yaratdı ki, Bakı-Daşkənd münasibətlərinin gücü yalnız siyasi bəyanatlarla ölçülmür. Ticarət, investisiya, sənaye, energetika, kənd təsərrüfatı və nəqliyyat sahələrində konkret layihələrin həyata keçirilməsi bu tərəfdaşlığın artıq real iqtisadi dayaqlara söykəndiyini göstərir. Trans-Xəzər bağlantısının inkişafı və Azərbaycanla Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinin genişlənməsi isə ikitərəfli münasibətlərə daha böyük regional məna qazandırır.

Səfərin mədəni-humanitar nəticələri də xüsusi əhəmiyyət daşıyır. Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni binasının açılması və “Yeni Daşkənd”də “Azərbaycan” parkının təməlinin qoyulması iki xalq arasındakı tarixi-mədəni bağların dövlət siyasəti səviyyəsində daha da möhkəmləndirildiyini göstərir.
Bütün bunlar onu deməyə əsas verir ki, İlham Əliyevin Özbəkistana səfəri yalnız növbəti diplomatik təmas deyil, Bakı-Daşkənd münasibətlərinin əldə olunan nəticələrdən daha böyük regional layihələr və uzunmüddətli strateji əməkdaşlıq mərhələsinə keçididir. Azərbaycan və Özbəkistanın yaxınlaşması artıq iki ölkənin deyil, bütövlükdə Mərkəzi Asiya ilə Cənubi Qafqazın siyasi, iqtisadi və nəqliyyat baxımından bir-birinə daha sıx bağlanması prosesinin mühüm hissəsinə çevrilir.

Milli Məclisin deputatı Günay Ağamalı Musavat.com-a bildirib ki, Prezident İlham Əliyevin səfəri çərçivəsində Daşkənddə keçirilən yüksək səviyyəli görüşlər, Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının 3-cü iclası, imzalanan sənədlər və əldə olunan razılaşmalar münasibətlərimizin strateji mahiyyətini ortaya qoydu:
“Dövlət başçısının mətbuata bəyanatında səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan və Özbəkistanı birləşdirən dəyərlər yalnız dövlətlərarası maraqlarla məhdudlaşmır. Ortaq tarixi köklərimiz, milli-mənəvi dəyərlərimiz, dil və mədəniyyət yaxınlığımız, xalqlarımız arasında mövcud olan səmimi münasibətlər siyasi və iqtisadi əməkdaşlığımız üçün möhkəm zəmin formalaşdırıb. Dövlət başçımızın xüsusi vurğuladığı kimi, ikitərəfli münasibətlərimiz həm mənəvi, həm də maddi baxımdan çox möhkəm təməl üzərində qurulub. Mənəvi yaxınlıqla qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın birliyi Azərbaycan–Özbəkistan münasibətlərinə xüsusi məzmun və möhkəmlik qazandırır”.
Parlament təmsilçisinin sözlərinə görə, Azərbaycan və Özbəkistan arasında münasibətlərin bugünkü yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyev və Şavkat Mirziyoyev arasında formalaşmış qarşılıqlı etimad, səmimi dostluq və qardaşlıq münasibətləri mühüm rol oynayır:
“Dövlət başçımızın Özbəkistanda həyata keçirilən genişmiqyaslı islahatlara verdiyi yüksək qiymət münasibətlərin səmimiyyətinin göstəricisidir. Bu gün Daşkəndin və bütövlükdə Özbəkistanın sürətli inkişafı, sənaye, kənd təsərrüfatı, energetika, nəqliyyat və digər sahələrdə əldə etdiyi uğurlar Prezident Şavkat Mirziyoyevin həyata keçirdiyi məqsədyönlü siyasətin real nəticələridir. Səfərin mühüm istiqamətlərindən biri iqtisadi əməkdaşlığın daha da genişləndirilməsidir. Bir milyard dollarlıq ticarət dövriyyəsi yaxın illərdə əldə olunacaq hədəfdir. Enerji, nəqliyyat, avtomobil sənayesi, kənd təsərrüfatı, dağ-mədən, turizm, bankçılıq, neft-qaz və emal sektorlarında həyata keçirilən və planlaşdırılan layihələr iqtisadi münasibətlərimizin çoxşaxəli xarakter daşıdığını göstərir. Qarşılıqlı investisiyaların həcminin milyardlarla ölçülməsi əməkdaşlığın tamamilə yeni iqtisadi miqyasa yüksəldiyinin təzahürüdür”.
Günay Ağamalı burada əlamətdar məqamlardan biri kimi həm də qardaş Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq prosesinə verdiyi töhfəni görür:
“Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin inşa edilməsi, Xankəndidə tikiş fabrikinə yatırılan investisiya Azərbaycan xalqına göstərilən qardaşlıq münasibətinin ifadəsidir. Prezident İlham Əliyevin Şavkat Mirziyoyevin Qarabağa investisiyaların cəlb edilməsində müstəsna rolunu xüsusi vurğulaması sözügedən həmrəyliyin yüksək qiymətləndirildiyini önə çəkir. Dövlət başçımızın “Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur” fikri yeni regional reallığın mahiyyətini ifadə edir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulması Xəzərin hər iki sahilində yerləşən qardaş dövlətlər arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin daha sistemli xarakter almasına imkan yaradır. Bu, eyni zamanda, Türk dünyasının inteqrasiyası, Orta Dəhlizin imkanlarının genişləndirilməsi və Şərqlə Qərb arasında yeni iqtisadi-nəqliyyat arxitekturasının formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır”.

Deputat xüsusi olaraq diqqətə çatdırıb ki, səfər çərçivəsində Azərbaycan və Özbəkistan prezidentlərinin qarşılıqlı olaraq ali dövlət mükafatları ilə təltif edilməsi münasibətlərimizin daha bir parlaq ifadəsidir:
“Prezident Şavkat Mirziyoyevin ali dərəcəli “Dostluq” ordenini Prezident İlham Əliyevə təqdim etməsi, dövlətimizin başçısının Özbəkistan prezidentini Azərbaycanın ən yüksək dövlət təltiflərindən olan “Heydər Əliyev” ordeni ilə təltif etməsi iki liderin ölkələrimiz arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin inkişafına verdiyi tarixi töhfənin göstəricisidir. Bu gün Azərbaycan və Özbəkistan qarşılıqlı etimada əsaslanan konkret fəaliyyət planı ilə gələcəyə doğru addımlayır. Münasibətlərimiz siyasi iradə, iqtisadi maraqlar, qarşılıqlı investisiyalar və ən əsası, xalqlarımızın qardaşlığı ilə möhkəmlənir. Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və milli maraqlara söykənən xarici siyasət Azərbaycanın Türk dünyasında və Mərkəzi Asiya ilə formalaşan yeni əməkdaşlıq məkanında strateji rolunu daha da gücləndirir. Azərbaycan-Özbəkistan qardaşlığı bundan sonra da yeni layihələr, böyük investisiyalar və strateji təşəbbüslərlə zənginləşəcək. Bakı ilə Daşkənd arasında möhkəmlənən birlik bütövlükdə Türk dünyasının həmrəyliyinə, regional sabitliyə və ortaq tərəqqiyə xidmət edən mühüm strateji amildir”.
Cavanşir Abbaslı
Musavat.com
25 Avqust 2026
24 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ