Onlayn ictimai-siyasi qəzet
İngiltərənin Somerset qraflığındakı Frome şəhəri yaxınlığında aşkar edilən 52 min 503 Roma sikkəsindən ibarət nəhəng xəzinənin sirri illər sonra müəyyənləşdirilib.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, yeni elmi araşdırmaya görə, xəzinə sərvəti gizlətmək məqsədilə deyil, Roma dövründə həyata keçirilən dini ayinin bir hissəsi kimi torpağa basdırılıb.
Britaniyada bir qabın içində tapılmış ən böyük Roma sikkə xəzinəsi yenidən tədqiq olunub. Alimlər sikkələrin qabın içində yerləşdirilmə qaydasını araşdıraraq maraqlı nəticəyə gəliblər.
Müəyyən olunub ki, ən yeni tarixli sikkələr qabın orta qatlarında yerləşir. Bu qeyri-adi düzülüş xəzinənin uzun illər ərzində tədricən toplanmadığını, əksinə, qısa müddətdə planlı şəkildə torpağa basdırıldığını göstərir.
Araşdırmaya görə, təxminən 160 kiloqram ağırlığında olan keramika qab sikkələrin ağırlığından sınmaması üçün əvvəlcə torpağa yerləşdirilib, daha sonra olduğu yerdəcə sikkələrlə doldurulub.
Tədqiqatçılar hesab edirlər ki, bu fakt da xəzinənin əvvəlcədən hazırlanmış dini mərasim çərçivəsində torpağa basdırıldığı ehtimalını gücləndirir.
Xəzinədəki sikkələr eramızın 253–305-ci illərinə aiddir və Roma imperiyasının siyasi baxımdan ən mürəkkəb dövrlərindən birini əks etdirir.
Kolleksiyada Roma imperatorlarının sikkələri ilə yanaşı, Qalliya İmperiyası və Britaniyada qısa müddət hakimiyyət sürmüş imperator Karauzius dövrünə aid yüzlərlə sikkə də yer alır.
Mütəxəssislərin fikrincə, yeni araşdırma bu xəzinənin sadəcə böyük maddi sərvət olmadığını göstərir. Tapıntı Roma Britaniyasında dini ayinlər, inanclar və ictimai həyat haqqında mühüm elmi məlumatlar təqdim edir və həmin dövrün tarixinin daha yaxşı anlaşılmasına töhfə verir.
Musavat.com
12 Avqust 2026
11 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ