Onlayn ictimai-siyasi qəzet
Rusiya-Ukrayna müharibəsində qarşıdurmanın coğrafiyası və xarakteri yenidən dəyişir. Ukraynanın uzaqmənzilli dronlarla Rusiyanın dərinliklərində həyata keçirdiyi ardıcıl zərbələr artıq yalnız hərbi obyektlərlə məhdudlaşmır. Moskva ətrafındakı nəhəng logistika mərkəzlərinin, “Vayldberriz” anbarlarının, neft emalı zavodlarının və yanacaq təminatı sisteminin hədəfə alınması Kiyevin müharibəni Rusiyanın iqtisadi və gündəlik həyatına daha dərindən daşımaq strategiyasından xəbər verir.
Xüsusilə Moskva vilayətində yerləşən və yüz minlərlə sahibkarın fəaliyyət göstərdiyi logistika infrastrukturunun vurulması diqqət çəkir. Bunun ardınca Ukrayna dronlarının min kilometrdən artıq məsafədə yerləşən neft emalı müəssisələrinə zərbələri göstərir ki, cəbhə xətti faktiki olaraq Rusiyanın dərinliklərinə doğru “uzanır”. İnternet istifadəçilərinin “mərkəz vurulur” reaksiyaları da məhz bu reallığın cəmiyyətdə yaratdığı narahatlığın göstəricisidir.
Kiyevin hesablaması aydındır: Rusiyanın hərbi logistikasını zəiflətmək, yanacaq sektoruna təzyiq göstərmək, hava hücumundan müdafiə sistemlərini cəbhədən uzaqlaşdırmaq və müharibənin ağırlığını Rusiya əhalisinə daha çox hiss etdirmək. Lakin mülki obyektlərin zərər görməsi və insan itkiləri Moskvanın da əlində yeni siyasi və təbliğat arqumentlərinə çevrilir.
Ukraynanın Rusiyanın dərinliklərinə yönələn dron kampaniyası müharibədə yeni mərhələnin başlanğıcıdır? Kiyev Moskvanın iqtisadi və logistika sistemini nə qədər ciddi şəkildə sarsıda bilər? “Wildberries” kimi nəhəng kommersiya şəbəkələrinin hədəfə alınması Rusiyanın daxili bazarına hansı təsiri göstərəcək? Neft emalı zavodlarına ardıcıl zərbələr ölkədə yanacaq böhranını dərinləşdirə bilərmi? Ukraynanın “mərkəzi vurmaq” strategiyası Moskvanı danışıqlara yaxınlaşdıracaq, yoxsa müharibəni daha da sərtləşdirəcək?

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-da bu məsələləri belə şərh edib:
“Görünən odur ki, müharibənin coğrafiyası dəyişir və bunun siyasi mənası hərbi xəritədə görünəndən daha böyükdür. Həmçinin hədəflərin xarakteri də dəyişib. Ukrayna son həftələrdə Rusiyanın enerji infrastrukturu ilə yanaşı logistika və kommersiya sisteminə də ardıcıl zərbələr endirir. “Wildberries”ə məxsus obyektlərin təkrar-təkrar vurulması təsadüfi görünmür. Şirkətin Rusiya boyunca təxminən 98 min sifariş məntəqəsi ilə əlaqəli böyük logistika şəbəkəsi var və bu sistem artıq təkcə pərakəndə ticarətin deyil, ölkənin gündəlik iqtisadi həyatının mühüm hissəsinə çevrilib.
Həmçinin, “Wildberries”in hərbi logistika obyekti olması təsdiqlənmiş mübahisəsiz fakt deyil. Ukrayna bu obyektlərin hərbi məqsədlərlə və ikili təyinatlı məhsulların daşınması ilə əlaqəli olduğunu iddia edir, şirkət və Rusiya tərəfi isə bunu rədd edir. Ona görə bunu fakt kimi deyil, Ukraynanın hücumları əsaslandırmaq üçün irəli sürdüyü arqument kimi təqdim etmək daha düzgündür. Bununla belə, “Wildberries” hadisəsinin başqa bir siyasi əhəmiyyəti var. Müharibə artıq Rusiyanın sıravi vətəndaşına yalnız televiziya ekranından görünən hadisə olmaqdan çıxır. Anbar yanırsa, sahibkarın malı gecikir. Logistika dayanırsa, sifariş gecikir. Yanacaq çatışmırsa, nəqliyyatın qiyməti artır. Beləliklə, Ukrayna müharibənin qiymətini birbaşa Rusiya cəmiyyətinin gündəlik həyatına daşımağa çalışır. Enerji sektorunda isə bu strategiyanın nəticələri daha aydın görünür”.
Siyasi təhlilçinin fikrincə, Rusiyanın neft emalı müəssisələrinə zərbələri ayrı-ayrı insidentlər kimi qiymətləndirilə bilməz:
““Reuters”in məlumatına görə, iyul ayında Rusiyanın dəniz yolu ilə neft məhsulları ixracı əvvəlki ayla müqayisədə 33,3 faiz, ötən ilin iyuluna nisbətən isə 54,7 faiz azalıb. Beynəlxalq Enerji Agentliyi də Rusiyada neft emalının təxminən son 20 ilin ən aşağı səviyyələrindən birinə düşdüyünü bildirir. 11 avqustda Ukraynanın zərbəsindən sonra Orenburq vilayətindəki Orsk neft emalı zavodunun fəaliyyətini tam dayandırması bu kampaniyanın miqyasını göstərən konkret nümunədir. Zavod Ukrayna sərhədindən təxminən 1 900 kilometr uzaqdadır. Region qubernatorunun açıqlamasına görə, avadanlıqların bir hissəsinin xaricdən gətirilməsi və sanksiyalar səbəbindən təmirin aylarla uzanması mümkündür. Deməli, Kiyev Rusiyanın müharibəni aparmaq üçün ehtiyac duyduğu enerji, logistika və təchizat sistemlərinə təzyiq göstərməklə onun müharibə qabiliyyətinin maya dəyərini yüksəltməyə çalışır. Amma bunu da Rusiyanın iqtisadiyyatının çökməsi kimi təqdim etmək doğru deyil. Rusiya hələ də böyük iqtisadi və resurs bazasına malik dövlətdir. Neft və qaz gəlirləri, hərbi istehsal imkanları və dövlətin iqtisadiyyata müdaxilə resursları mövcuddur. Ona görə Ukraynanın bu kampaniyası Rusiyanı qısa müddətdə iqtisadi çöküşə gətirəcək demək siyasi analizdən çox emosional proqnoz olar. Lakin Moskva müharibəni davam etdirdikcə daha böyük xərc ödəməyə başlayır. Yanacaq çatışmazlığı, ixrac məhdudiyyətləri, logistika zəncirinin pozulması, sığorta və təhlükəsizlik xərclərinin artması, biznesin risklərinin böyüməsi və s bunların hər biri ayrıca kiçik görünsə də, birlikdə dövlətin müharibə yükünü artırır. Rusiya artıq daxili bazarı qorumaq üçün benzin və dizel ixracına məhdudiyyətlər tətbiq edib. İyul ayında isə hökumət yanacaq çatışmazlığı fonunda idxala da müraciət edəcəyini açıqlamışdı. Amma bu strategiya Rusiyanı danışıqlara sövq etməyəcək. Müharibənin daxili iqtisadi və sosial qiymətinin artması heç də avtomatik olaraq Kremlin güzəştə gedəcəyi anlamına gəlmir. Əksinə, Moskva bu hücumları yeni səfərbərlik, daha sərt hərbi cavab və cəmiyyətin ətrafında konsolidasiya üçün də istifadə edə bilər. Son günlər Rusiyanın Ukraynadakı logistika və sənaye obyektlərinə cavab zərbələri də məhz bu qarşılıqlı eskalasiyanın davam etdiyini göstərir. Üstəlik, diplomatik kanal tamamilə bağlanmış deyil. Zelenski avqustun 11-də ABŞ vasitəçilərinə müharibənin başa çatdırılması ilə bağlı təkliflərin təqdim edildiyini açıqlayıb. Bu fakt özü göstərir ki, hərbi təzyiq və diplomatik proses paralel şəkildə gedir. Buna baxmayaraq, tərəflər bir tərəfdən danışıqlardan danışır, digər tərəfdən danışıqlar masasındakı mövqelərini gücləndirmək üçün qarşı tərəfin iqtisadi və hərbi dayanıqlığını sarsıtmağa çalışırlar. Əslində, Ukraynanın məqsədi Rusiyaya göstərməkdir ki, müharibənin təhlükəsiz arxa cəbhəsi artıq yoxdur və müharibənin yükünü yalnız cəbhədə döyüşən hərbçi daşımayacaq. Bu kifayət qədər yaxşı hesablanmış ciddi siyasi hesablamadır. Çünki müharibəni cəbhədə aparmaq başqa şeydir, müharibənin iqtisadi və psixoloji nəticələrini ölkənin bütün ərazisində əhaliyə hiss etdirmək, bu, tamam başqa məsələdir. Ona görə bəlkə də qarşıdakı mərhələdə savaşın taleyini Rusiyanın müharibənin öz ərazisində yaratdığı iqtisadi, sosial və siyasi yükə nə qədər dözə bilməsi müəyyən edəcək. Mən bu mərhələni “müharibənin Rusiyaya daşınması”ndan daha çox, müharibənin qiymətinin Rusiyanın daxilində hiss etdirilməsi mərhələsi kimi qiymətləndirirəm. Bu, müharibənin xarakterində çox ciddi dəyişiklikdir”.
Cavanşir Abbaslı
Musavat.com
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ