Onlayn ictimai-siyasi qəzet
Ali təhsil müəssisələrində tələbələr bəzi hallarda universitetdən xaric edilə bilirlər. Bu, həm onların öz istəklərindən, həm də müvafiq qaydalara əməl etmədiklərindən baş verə bilər.
Bizim.media bəzi universitetlərdə ötən tədris ilində xaric olunan tələbələrin sayını və səbəblərini öyrənib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev bildirib ki, 2024-2025-ci tədris ilində ADPU-da ümumilikdə 144 nəfər universitetdən xaric edilib. Onlardan139 nəfər öz istəyi ilə, bir nəfər nizam-intizamı pozduğuna, dörd nəfər isə başqa ali təhsil müəssisəsinə köçürüldüyünə görə universitetdən xaric edilib. Azərbaycan Memarlıq və İnşaat Universitetində (AZMİU) ötən il 173 tələbə universitetdən uzaqlaşdırılıb. Onlardan bəziləri öz xahişi ilə və ya təhsil haqqını ödəmədiyinə görə universitetdən uzaqlaşdırılıb.
Azərbaycan Tibb Universitetinin (ATU) Mətbuat Xidmətinin rəhbəri Günel Aslanova isə qeyd edib ki, ötən il ATU-dan uzaqlaşdırılanlar yalnız öz istəyi ilə xarici tələbələr olublar. 2025-ci ildə Xəzər Universitetində ümumilikdə 45 tələbə xaric edilib. Onlardan 27-si bakalavr, 18-i isə magistr tələbəsi olub və hamısı öz ərizələrinə müvafiq olaraq xaric edilib. Azərbaycan Dövlət İqtisad Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova bildirib ki, 2024-cü ildə 913, 2025-ci ildə 723 tələbənin xaric olunması barədə əmr verilib.
![]()
Maraqlıdır, tələbələr universitetləri niyə könüllü şəkildə tərk edirlər?
Mövzu ilə bağlı Musavat.com-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, tələbələrin təhsil müəssisəni tərk etməsinin bir neçə səbəbi var. Onun sözlərinə görə, bəzi tələbə qızlar ailə qurur deyə təhsillərini sona kimi davam etdirə bilmirlər: “Elə tələbə də var ki, yaşadığı ölkəni və ya şəhəri dəyişir deyə təhsilini yarımçıq saxlayır. Digər səbəb isə maddi imkansızlıqdır. Bu 3 faktor onların təhsillərini könüllü dayandırmasına səbəb olur. Doğrudur, maddi imkansızlığa görə təhsildə dövlət tərəfindən müəyyən güzəşt tətbiq olunur. Məsələn, Təhsil Tələbə Krediti Fondu yaradılmaqla təhsilini yarımçıq qoyan şəxslərə imkan yaradılır ki, onlar kredit götürüb, təhsillərini davam etdirsinlər. Bu say əvvəlki illərlə müqayisədə kifayət qədər aşağı düşüb. İllər öncə bu səbəblə 12 min təhsilini dayandırırdısa, hazırda bu rəqəm çox azalıb. Ötən il bu səbəb görə, 2 min nəfər təhsilini yarımçıq qoyub. Elə tələbələr də var ki, bir semestr və ya kurs sonra ixtisas xoşuna gəlmir deyə təhsilini dayandırır”.
Ekspert əcnəbi tələbələrin Azərbaycandakı təhsillərini yarımçıq saxlamasından da danışıb: “İlk növbədə onlar üçün təhsil qaneedici olmur. Eyni zamanda yaşam şəraitinə uyğunlaşa bilmirlər, qidalarımız onlara uyğun gəlmir və s. Xarici tələbələr üçün ödəniş haqqı problem olmur. Çünki bizim təhsil haqları Avropanın və dünyanın əksər ölkələri ilə müqayisədə aşağıdır”.
Şahanə Rəhimli,
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ